Saxta “Estée Lauder” məhsullarını Azərbaycanda kim sarır?
Azərbaycan bazarlarında saxta "brend"lərin at oynatdığı heç kimə sirr deyil. Aşkarlandıqca bu faktları daha çox işılandırmağa çlışırıq ki, bəlkə cəmiyyətin qınağı bu tendensiyanı zəiflədə.
Bu dəfə adının çəkilməsini istəməyən Bakı şəhər sakini sxta "brend"lə rastlaşıb və bununla əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova mürciət edib. Oxucu marağını nəzərə alaraq müraciəti olduğu kimi dərc edirik.
- 18 fevral 2023-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospekti, "Port Baku Mall"-ın birinci mərtəbəsində yerləşən "Emporium" mağazasından 210 manata aldığım “Estée Lauder Modern Muse” (50ml/EDP) parfümü saxta çıxdı. Ümumiyyətlə, “Estée Lauder” dünyada lüks (elit) brend kimi təsnif edilir və bu brendin parfümləri yüksək qalıcılığa və şleyfə malik olmalıdır. Təəssüf ki, parfümün heç bir qalıcılığı və şleyfi yox idi və istifadə etdikdə dəridə allergik reaksiyalar əmələ gətirirdi. Bununla bağlı "Emporium" mağazasına məxsus +99450 254 07 96 telefon nömrəsi ilə əlaqə saxladım. Fərid adlı şəxs mənimlə telefonda danışdı və mənim özümü borclu çıxardı. Müxtəlif bəhanələr gətirdi. Sonra həmin nömrənin votsap nömrəsinə yazdım, mənə cavab verən qız (adını bilmirəm, özünü təqdim etmədi) bütün məhsulların sertifikatlarının olduğunu, bütün brendlərlə rəsmi tərəfdaş olduqlarını və xoşuma gəlmirsə istədiyim quruma şikayət edə biləcəyimi yazıb mənə “uğular” arzuladı.
Məhsullarının orijinal olduğunu, sertifikatların olduğunu, bütün brendlərlə rəsmi tərəfdaş olduqlarını israr edən "Emporium" mağazası heç bir rəsmi sənəd təqdim edə bilmədi. Nəzərinizə çatdırıram ki, hər hansı şirkətlə rəsmi əməkdaşlıq etdikdə, birinci növbədə bunu təsdiq edən rəsmi müqavilə olmalıdır, sertifikat yox. Amma istənilən halda "Emporium" parfümeriya mağazası məhsulun orijinallığını, keyfiyyətini, hansı ölkədə istehsal olunduğunu, istehsal və son istifadə tarixini göstərən heç bir sənəd təqdim edə bilmədi. Mən bununla bağlı kiçik bir araşdırma apardım. Belə ki, “Estée Lauder” şirkətinin rəsmi səhifəsinə yazdım (şirkətin rəsmi internet, instagram və facebook səhifəsi var). “Estée Lauder” şirkətinin müştəri xidmətlərindən mənə məlumat verdilər ki, onların Azərbaycanda heç bir rəsmi distribyutoru yoxdur, Azərbaycanla əməkdaşlıq etmirlər və mənə göndərdikləri, tərəfdaş ölkələrin siyahısını özündə əks etdirwn linkdə Azərbaycanın adı yox idi. “Estée Lauder” şirkəti linkdə göstərilən qonşu ölkələrdən birini seçib, onun beynəlxalq daşıma xidmətindən istifadə etməyi təklif etdi. “Estée Lauder” şirkəti ilə olan yazışmanın skrinlərini "Emporium" mağazasının satıcı/konsultantlarına göndərdim, lakin cavab olmadı. “Estée Lauder” şirkəti ilə “rəsmi tərəfdaş olduqlarını” sübut edən heç bir rəsmi sənəd göstərə bilmədilər.
Nəzərinizə çatdırıram ki, mən ancaq “Estée Lauder” məhsulları ilə bağlı kiçik araşdırma apardım, mağazada “brend” adı altında satılan yüzlərlə müxtəlif kişi və qadın parfümləri, kosmetik məhsullar var. Bütün bu saxta parfüm və kosmetik məhsullar insanlara çox baha qiymətə “brend” adı altında satılır, insanların cibinə və sağlamlığına böyük zərər vurulur.
Belə biabırçı vəziyyət təkcə "Emporium" mağazasında deyil, ADORE (əvvəlki İDEAL), "Parfum de France" və digər parfümeriya mağazalarında da mövcuddur. İyul 2022-ci ildə Gənclik Mall-da yerləşən ADORE parfumeriya mağazasından 280 manata (hələ guya endirimlə) aldığım Dior J'Adore Infinissime (50ml/EDP) parfümü də saxta çıxdı. “Dior” da dünyada lüks (elit) brend kimi təsnif edilir və bu brendin parfümləri yüksək qalıcılığa və şleyfə malik olmalıdır. Təəssüf ki, bu parfümün də heç bir qalıcılığı və şleyfi yox idi və istifadə etdikdə allergik reaksiyalar əmələ gətirirdi (dəridə qaşınma, asqırma). ADORE mağazasına məxsus 012 970 telefon nömrəsi ilə əlaqə saxladım, mənə telefonda dedilər ki, “məhsullari orijinaldır” və onların saxta olduğunu heç vaxt “sübut edə bilmərəm”. Üstəlik mənə dedilər ki, “280 manata parfüm ucuz parfüm olduğu üçün heç bir qalıcılığı və şleyfi yoxdur, azı 500-600 manata olan parfümlər qalıcı və şleyflidir.” Yuxarıda qeyd etdiyim kimi “Dior” da dünyada lüks brend (luxury brand) kimi tanınır və bu brendin parfümləri yüksək qalıcılığa və şleyfə malikdir. Nəticədə, ADORE da heç bir rəsmi sənəd (müqavilə və s.) təqdim edə bilmədi və dəstəyi atdılar.
Çindən, Sinqapurdan və b. yerlərdən gətirilən saxta, ücüz məhsulları çox baha qiymətə brend adı altında sataraq, müştəriləri aldadırlar. Mağazalarda orijinal kimi təqdim edilən ətirlərin və kosmetik vasitələrin hamısı saxta və keyfiyyətsizdir. Parfümeriya və kosmetik məhsullar bazarına heç bir nəzarət yoxdur. Məhsulların keyfiyyəti, keyfiyyətinə görə qiyməti, tərkibi, allergiya təhlükəsi kimi özəllikləri yoxlanılmır. Nəticədə həm istehlakçıların hüquqları pozulur, həm də onların sağlamlığına və cibinə böyük zərər dəyir.
Xahiş edirəm istehlakçıların hüquqlarını qoruyasınız, ölkənin əmtəə bazarında mövcud olan bu saxta və keyfiyyətsiz mallar barəsində müvafiq dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə məlumat verilsin ki, insanlar bu haqda məlumatlı olsunlar, dələduzların toruna düşməsinlər və sağlamlıqlarını qorusunlar. Xahiş edirəm Parfümeriya və Kosmetik məhsullar bazarı ciddi araşdırılması ücün dövlət orqanları qarşısında məsələ qaldırasınız, laboratoriyalarda onların tərkibi yoxlanılsın, nəticəsi ictimaiyyətə dövlət tərəfindən elan edilsin,ölkənin əmtəə bazarında mövcud olan bu saxta və keyfiyyətsiz mallar bazardan çıxarılsın, insanların sağlamlığına və cibinə böyük ziyan vuran belə fırıldaqçı, dələduz iş adamları haqqında ciddi tədbirlər görülsün, lazım gələrsə onlar cinayət məsuliyyətinə cəlb edilsinlər!Bir vətəndaş olaraq mənim bu müraciətim ən ali Dövlət orqanlarına catdırılsın!