Müstəqil Azərbaycanın azad qadınları.

Məmmədəliyeva Sevil.

Beynəlxalq Qadınlar gününün qeyd olunması tarixinin təməli hələ 19-cu əsrdə başlamışdır. Belə ki, 1857-ci ilin 8 martında Nyu-Yorkda tikiş və ayaqqabı fabriklərinin qadın işçiləri öz hüquqları uğrunda mübarizəyə qalxaraq ağır iş rejiminin azalaraq 10 saat olmasını, iş yerində normal əmək şəraitinin yaradılmasını və kişilərə verilən əmək haqqı ilə bərabər maaşın olmasını tələb edirdilər. Həmçinin yüzlərlə qadın öz seçki hüququnu əldə etmək üçün nümayişə çıxmışdılar.
1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq​ konfransda​ alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi olan Klara Setkin​ martın səkkizini​ Beynəlxalq qadınlar günü kimi qeyd edilməsi təklifini irəli sürdü. Bu təklif müsbət qarşılandı.
8 Martın Beynəlxalq Qadınlar bayramı kimi qeyd edilməsi 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən öz rəsmi təsdiqini tapdı.
Azərbaycanda 8 martın bayram kimi qeyd edilməsi SSRİ dövründən başlanır. O dövrdə Azərbaycan qadını ağır zəhmətə qatlanır, pambıq tarlalarında, zavod və fabriklərdə kişilərlə çiyin-çiyinə çalışaraq ölkənin tərəqqisi uğrunda fəaliyyət göstərirdilər.
Tarixə nəzər salsaq görərik ki, mərd Azərbaycan qadınları hünər və qəhrəmanlıq göstərərək cəsarətlə düşmənə qarşı mübarizə aparıblar. Hələ eramızdan əvvəl altıncı əsrdə Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almış, torpağımızı yadelli düşmənlərdən qoruyaraq üçün böyük hünər, ağıl və mətanət göstərmişdi.

Bərdə hökmdarı Nüşabə böyük fateh Makedoniyalı İsgəndərlə görüşüb, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırıb, dünya malı üçün qan tökməkdən çəkindirib.
Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olub və vəfatından sonra onun şərəfinə türbə ucaldılıb.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.
Müasir Azərbaycan qadını, qayğıkeş həyat yoldaşı və fədakar ana olmaqla yanaşı cəmiyyətdə öz sözünü deməyi bacaran, cəmiyyətin nüfuzlu şəxsiyyətidir.
Son zamanlar Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib. Dövlət idarəçiliyində,
diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir.
Ulu öndərin müəllifi olduğu müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının ali hüquqi zəminini yaratdı.
Azərbaycan 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürdü.

2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması,qadın hüquqlarının daha geniş müstəvidə təmin olunması, dövlətin idarə olunmasında qdınların iştirakının artırılması məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində ümummilli liderin adını daşıyan, xeyirxah, nəcib əməlləri​ yaşadan Heydər Əliyev Fondunun da fəaliyyəti misilsizdir. Fonda rəhbərlik edən, ölkənin ictimai həyatında xüsusi fəaliyyəti ilə seçilən Mehriban Əliyeva müasir Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə layiqincə təcəssüm etdirir. Çoxsahəli fəaliyyətində daim mərhəmət, xeyirxahlıq, humanizm kimi ümumbəşəri prinsiplərə sadiq qalan Mehriban xanım Əliyevanın şəxsiyyətində nəciblik, qayğıkeşlik, insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü real əməllərdə aydın göstərir.​ Heydər Əliyev Fondunun prezidentinin milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği, elmin, təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təmini yönümündə gördüyü işlər bunun ən​ bariz sübutudur. Nəcib missiyalar daşıyıcısı olan Heydər Əliyev Fondunun, onun prezidentinin qarşıya qoyduğu məqsədlər kifayət qədər genişdir və ictimai həyatın demək olar ki, bütün sahələrini əhatə edir.
Müstəqillik dövründə Azərbaycan təhsilində də böyük inkişaflar baş vermişdi. Gənc qızlarımızın​ xarici dövlətlərdə təhsil alması və bacarıqlı mütəxəssis kimi yetişməsi təqdirəlayiq haldır. Bu tələbələrin Vətənə dönərək, ölkəmizin tərəqqisində müstəsna rol oynaması ürəkaçan faktordur.
2020- ci ildə minlərlə Azərbaycan anaları öz övladlarını Vətəni yağı düşməndən qorumağa yolladı. "Oğlumu Vətən üçün dünyaya gətirmişəm" deyən analar bu çətin günlərdə də böyük iradə nümayiş etdilər.