“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA”
Səxavət Əlisoy
KİTABDAN HİSSƏLƏR-18
“ƏSRİN MÜQAVİLƏSİ» VƏ 15-17 MART 1995-Cİ İL OLAYLARI
“ƏSRİN MÜQAVİLƏSİ”
Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra neftin dünya bazarına çıxarılması üçün Ə. Elçibəy iqtidarı 1993-cü ilin may ayının 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Qərbin bir neçə neft şirkətləri arasında Azərbaycan neftinin birgə işlənməsi haqqında bəyannamə imzaladı. Bəyannamədə Xəzər dənizi şelfində olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi nəzərdə tutulurdu. Müqavilədə bütün maraqlı tərəflərin iştirak payı da müəyyənləşmişdi. İlkin olaraq ARDNŞ-ə 30 faiz, yerdə qalan 70% isə xarici şirkətlər arasında belə bölünəcəkdi: Böyük Britaniya-Norveç alyansı olan “Britiş Petroleum-Statoyl” şirkətinə 36,7 faiz, “AMOKO” (ABŞ) şirkətinə 24,3 faiz, “Penzoyl-Remko” alyansına (ABŞ-Böyük Britaniya) 17 faiz, “Yunokal” (ABŞ) şirkətinə 16 faiz, “Mak-Dermot” (ABŞ) şirkətinə 3,5 faiz, “Turkiş petroleum korpareyşn” (Türkiyə) şirkətinə isə 2,5 faiz.
Azərbaycan hakimiyyəti Beynəlxalq şirkətlərdən ən birinci “British Petroleum” ilə 1993-cü ilin iyun ayında ilkin neft müqaviləsi imzalanmağa hazırlaşırdı.
1993-cü ilin yazında həmçinin Azərbaycan neftinin nəql olunması məsələsi üzərində də iş gedirdi. 1993-cü ilin martında bu günə qədər də reallaşmayan və Bakıdan Türkiyənin Aralıq dənizi sahillərinə İran ərazisindən keçməklə çəkiləcək neft kəmərinin tikintisi haqqında Azərbaycan-Türkiyə müqaviləsi razılaşdırıldı. Nəzərdə tutulan müqavilənin dəyəri 1,4 milyard ABŞ dolları həcmində qiymətləndirilmişdi. Azərbaycanın iqtisadi və siyasi əhəmiyyətli neft müqavilələrini imzalaması onun iqtisadi qalxınması ilə bərabər regionda geosiyasi dəyişikliklərə də səbəb ola bilərdi.
Qərb şirkətləri ilə dəyəri 9 milyard ABŞ dollarına bərabər olan digər müqavilə isə Londonda 30 iyun 1993-cü ildə imzalanmaq üçün hazırlanırdı. Ancaq müqavilənin imzalanmasına bir neçə həftə qalmış Gəncədə “Milli Qəhrəman” qiyam qaldırdı. Qiyam Rusiya və İranın maraqları ilə tam üst-üstə düşürdü. Nədən ki, Ə. Elçibəy iqtidarının yeritdiyi siyasət İranı və Rusiyanı qətiyyən qane etmirdi. İran ona görə narahatlıq keçirirdi ki, yaxın gələcəkdə Azərbaycan gücləndikdən və Qarabağ problemini öz xeyrinə həll etdikdən sonra İran ərazisində yaşayan 30 milyondan artıq azərbaycanlını da əhatə edən vahid bir dövlət yaradacaqlarını bəyan edəcək. Rusiya isə Azərbaycanın müstəqilliyini qəbul etsə də, onun zəngin sərvətlərindən əl çəkmək istəmirdi. Kremlin neoimperiya siyasətinin əsasında Azərbaycan da daxil keçmiş müttəfiq respublikaların hamısının Rusiyadan iqtisadi cəhətdən asılı vəziyyətə düşməsi dayanırdı. Kreml Xəzərin statusu məsələsini və neft kəmərlərinin nəqli yollarını öz nəzarətində saxlamağa çalışırdı. Bu isə Azərbaycanın Rusiyadan tam asılılığını yenidən təmin etməsi idi. Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlamaq üçün ilk öncə Rusiya və İranla ölçülüb-biçilmiş, həmin dövlətlərin regionda marağını qismən də olsa, təmin edə biləcək bir siyasət yeritməli idi. Əks halda gənc Azərbaycan Respublikası güclü qonşuları tərəfindən iqtisadi və siyasi, hətta hərbi təzyiqlərə məruz qala bilərdi. 1993-cü ilin yayında Xalq Cəbhəsi hakimiyyəti dövründə imzalanması nəzərdə tutulan müqavilələrdə Rusiyanın payı nəzərə alınmamışdı. 1993-cü ilin iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilən Heydər Əliyev Rusiya və İranla bağlı balanslı siyasət yeritmək yolunu tutdu. H. Əliyev başlatdığı balans siyasətinin pozitiv nəticəsinin yaxın zamanlarda hasil olmayacağına rəğmən Xalq Cəbhəsi hakimiyyəti dövründə hazırlanmış neft müqaviləsinin imzalanmasından imtina etdi.
H. Əliyev üçün Kremlin Rusiyanın iştirak etmədiyi sazişdən sonra atacaq addımlarını müəyyən etmək heç bir çətinlik törətmirdi. Mövcud durumda Rusiyanı neft müqaviləsindən oyundankənar vəziyyətdə qalması Azərbaycanın yaxın zamanlarda çox ciddi problemlərlə üz-üzə qalacağı demək idi. İranı “yola vermək” H. Əliyev üçün çox ciddi bir problem yaratmırdı. Lakin Rusiya İran deyildi və ona münasibət bambaşqa olmalı idi. H. Əliyevin neft müqaviləsi ilə ilgili Kremllə apardığı danışıqlar “qarşılıqlı anlaşma” mühitində keçdi.
1994-cü ilin sentyabr ayının 20-də Bakıda Gülüstan sarayında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Dəyəri 7,4 milyard dollar olan müqavilə imzalandı. Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı.
İlkin hesablamalara görə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edildi.
HAŞİYƏ- “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın neft sektorunda 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandI. 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edildi. Hasil olunan nefti dünya bazarına çatdırmaq üçün ilkin mərhələdə Bakı-Novorossiysk kəmərindən istifadə olunub. 1999-cu ildə Supsa limanına Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. Azərbaycan neftini dünya bazarına çıxaran əsas kəmər - “Bakı-Tiflis-Ceyhan” isə 2005-ci ildə istismara verildi. 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı. Nəhayət, “Əsrin müqaviləsi” sayəsində bu günə qədər Azərbaycan xəzinəsinə 200 milyard ABŞ dollarına yaxın vəsait daxil oldu. Məhz bu müqavilənin imzalanması sayəsində Ermənistanın Azərbaycan torpaqlarının işğal cəhdlərinin qarşısı alındı. Ermənistanın Rusiyanın aktiv dəstəyi olsa belə bu müqavilə imzalandıqdan sonra Azərbaycana qarşı müharibə aparması, əlavə ərazilər işğal etməsi mümkün deyildi. Qərb külli miqdarda investisiya qoyduğu bir dövlətin ərazisində müharibə alovlanmasına əsla izin verməzdi...
Gerçəkdən, bu müqavilənin imzalanması H. Əliyevin Azərbaycan dövləti üçün ən böyük xidmətlərindən biri sayıla bilər...
Bu müqavilə ilə Azərbaycan öncə dünyaya təbii sərvətlərinin tam sahibi olduğunu nümayiş etdirdi. Çox çətin siyasi və iqtisadi vəziyyətdə olan dövlət üçün müqavilənin fövqəladə əhəmiyyəti vardı. Müqavilə Azərbaycanın dünyaya açıq bir ölkə olduğunu göstərdi və transmilli şirkətlərin Azərbaycana investisiya qoyması üçün heç bir əngəl olmadığını göstərdi. Xüsusi olaraq qeyd olunmalıdır ki, “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil bir dövlət olduğunun təsdiqi idi. Məhz bu müqavilə tənəzzülə uğramış iqtisadiyyatın ayağa qalxmasında mühüm rol oynadı. Sadalanan bütün parametrlər Dövlət və Dövlətçilik prizmasından baxıldıqda çox mühüm əhəmiyyət kəsb edirdi.
Lakin müqavilə bağladıqdan sonra Azərbaycanda ard-arda faciəvi hadisələr baş verməyə başladı. “Əsrin müqaviləsi”ndə istədiyi payı almasına baxmayaraq, Kreml Bakıda Baş nazir postunda oturan “Milli Qəhrəman”ın hərəkətə keçməsinə qərar verdi. Kreml H. Əliyevin Azərbaycanın üzünün Rusiyaya yox, Qərbə doğru çevrildiyini görürdü. Digər tərəfdən Kreml Qanlı 20 Yanvar və Xocalı qətliamından sonra Azərbaycan xalqının böyük bir kəsiminin ona qarşı yönəlmiş nifrətinin də fərqində idi. Odur ki, nəyin bahasına olursa-olsun Azərbaycanı diz çökdürmək üçün ardıcıl olaraq məkrli planlar hazırlamaqda idi. Kreml sazişdən 8 gün sonra Bakıdakı agentura şəbəkəsinin yardımı ilə “Şuşa gedərsə başına güllə çaxacağını” demiş keçmiş müdafiə nazirinin, onun dönəmində nazir müavini işləmiş birinin və özünü qondarma Talış-Muğan Respublikasının prezidentinin elan etmiş Lənkəran batalyonunun keçmiş komandirinin Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasının 6-cı mərtəbəsindən qaçışını təşkil etdi. Bu olaydan bir gün sonra -1994-cü ilin sentyabr ayının 29-da Azərbaycanın iki dövlət adamı- Milli Məclisinin sədrinin müavini və Prezidentin Xüsusi İdarəsinin rəisi eyni gündə qətlə yertirildi. Ölkə daxilindəki bəzi anarxist qüvvələrlə əlbir olan “Milli Qəhrəman” 1994-cü ilin oktyabr ayının əvvəlində daha mənfur bir plana əl atdı. Lütfən bu detala diqqət edin. “Milli Qəhrəman” ilk dəfə 1993-cü ildə, Ə. Elçibəy iqtidarının neft müqavilələri bağlamaq Böyük Britaniyaya səfəri ərəfəsində Kremlin göstərişi ilə qiyam qaldırmışdı. İkinci dəfə isə “Milli Qəhrəman” Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – "Əsrin Müqaviləsi"ndən dərhal sonra yenə də Kremlin planına uyğun olaraq qiyama başladı. (Qiyamdan 5 il sonra-1999-cu ildə H. Əliyev Washington Post qəzetinə verdiyi müsahibədə bu qiyamın Azərbaycanın neft lahiyələrinə mane olmaq üçün Rusiya tərəfindən təşkil edildiyini dedi.) Dövlətin rəsmi açıqlamasındanda bunlar deyilirdi: 1994-cü il oktyabrın 2-də,”Milli Qəhrəman” və Daxili işlər nazirinin müavininin başçılığı ilə dövlət çevrilişinə silahlı cəhd göstərilmiş, Daxili işlər naziri müavinin qardaşının rəhbərliyi ilə Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvləri və digər silahlı qüvvələr respublika prokurorluğuna silahlı basqın etmiş, respublikanın Baş prokuroru da daxil digər vəzifəli şəxslər barədə zorakılıq tətbiq edilmiş, prokurorluğun işini pozaraq, dövlət əmlakına ziyan vurulmuşdur. “Milli Qəhrəman”ın qanunsuz yaratdığı və Gəncədə yerləşdirdiyi silahlı dəstələr onun göstərişi əsasında silahlı basqın yolu ilə Gəncə şəhərində icra hakimiyyətini, hüquq mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və öz hərəkətlərini digər rayonlarda davam etdirməyə çalışdılar. Daxili işlər nazirinin müavini hakimiyyət orqanlarını qanunsuz güzəştlərə və vəzifəli şəxsləri istefa verməyə məcbur etmək üçün bəyanatlar, tələblər irəli sürməyə başladı.
Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrın 4-də axşam milli televiziya və radio ilə xalqa müraciət etdi. Yaranmış təhlükəli vəziyyət barədə məlumat verdi, dövlətçiliyi və müstəqilliyi qorumağa çağırdı. Az bir vaxtda Prezident Aparatının qarşısına on minlərlə adam yığışdı. Bu mitinqdən sonra oktyabrın 5-də Azadlıq meydanında izdihamlı ümumrespublika mitinqi düzənləndi. Qiyamda adı hallanan Daxili işlər nazirinin müavinin də gəlib mitinqdə çıxış etməsi, H.Əliyevi dəstəkləməsi qiyamçıları ruhdan saldı və onlar geri çəkildilər. Xalqın dəstəyini görən H. Əliyev qiyama vərdiş etmiş “Milli Qəhrəman”ın “qələminin qırılmasına” qərar verdi. Etiraf etmək gərəkdir, bu qərarı vermək cəsarət tələb edirdi. Dövləti qorumaq üçün dövlət başçılarının atdığı qətiyyətli addımlar haqqında tarixdən çox misal göstərmək olar. Analitik təfəkkürə sahib olanlar Azərbaycanın ən ağır və mürəkkəb dönəmində, Kremlin təhlükəsi hələ də başımızın üstündə olduğu bir zamanda Rusiyanın ən önəmli simalarından birini- dövlətin ikinci adamını vəzifəsindən uzaqlaşdırmaq çox risqli görünürdü.
H. Əliyev Ə. Elçibəyin qura bilmədiyi siyasi kombinasiyanı qurmağa nail oldu. Onun bu qətiyyətli addımı sayəsində Azərbaycan Dövləti gələcəkdə başına dərd olacaq bir bəladan qurtuldu.
“Milli Qəhrəman”- Baş nazir 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.
Qiyamın yatırılmasından sonra H. Əliyev hakimiyyətdə öz mövqelərini daha da möhkəmləndirdi. Artıq ordu quruculuğuna diqqətin daha da artırılması, paralel olaraq torpaqların erməni işğalından azad edilməsi üçün diplomatik gedişlərin intensivləşməsinə ehtiyac duyulurdu. Daxildəki hərc-mərclikdən, terrordan, qiyamdan təngə gəlmiş xalqı ən birinci vətən torpaqlarının aqibəti narahat edirdi. Bir milyona yaxın soydaşımız dogma yurd-yuvasını tərk edərək öz vətənində qaçqına, məcburi köçkünə çevrilmişdi.
Dünya Azərbaycan torpaqlarının işğalına biganə idi. Birləşmiş Millətlər Təşkilatı, Qərbin bir sıra siyasi qurumları Azərbaycanın məcburi köçkün və qaçqınlarına ən yaxşı halda ərzaq yardımı göstərməklə öz missiyalarını bitmiş hesab edirdi. Xalqin yardıma deyil, çörəyə, qəndə, makarona, paltara deyil, torpağına qovuşmasına ehtiyacı vardı. Kimin tərəfindən və hansı məqsədlə göndərilməsindən asılı olmayaraq humanitar yardıma alışmaq insan psixologiyasında patoloji halların baş qaldırmasına səbəb olur. Yurd-yuvasından olmuş insanları ərzaqla təsəlli etmək əslində onun psixologiyasına sağalmaz zərbə vurmaq anlamındadır. BMT TŞ-nın 4 qətnaməsində tələb olunanların gerçəkləşməsinə şərait yaratmağa cəsarəti olmayanlar, Azərbaycana qarşı ikili standart sərgiləyənlər bir xalqı “ələbaxan” topluma çevirməklə özlərinin “böyük humanist” olduqlarını gözə soxurdu. Dövlət də, xalq da “öz göbəyini özü kəsməli olacağını” artıq hiss edirdi. Bunun üçün tələb olunan tək factor xalqın dövlətinə sahib çıxmasıydı. Təəssüf ki, Azərbaycanı irəlidə daha bir fəlakət gözləyirdi…
15-17MART 1994-CÜ İL HADİSƏLƏRİ
Azəbaycan tarixinə qardaş qırğını kimi keçən bu olay təkcə dövlətə və dövlətçiliyə deyil, toplumun mentalitetinə, zehniyyətinə də ağır zərbə oldu. Azərbaycanda ilk vətəndaş qarşıdurması 1993-cü ilin iyun ayında Gəncədə baş vermişdi. “Milli Qəhrəman”-korpus komandirinin dövlətlə olan ikinci qarşıdurması 1994-cü ilin oktyabr ayının əvvəlində yarandı. 1995-ci ilin 15-17 mart olayları son 3 il ərzində üçüncü qarşıdurma idi. Daha dürüstü, Azərbaycanda 3 il ərzində 3 qiyam cəhdi baş verdi.
Bu fəlakət dövləti qorumağa mükəlləf olan Daxili işlər nazirliyinin nəzdindəki Xüsusi Təyinatı Polis Dəstəsinin (XTPD) Dövlətə qarşı qiyam qaldırması idi. Öncə XTPD-nin yaranışına bir nəzər yetirək.
1980-ci illərin sonlarından etibarən SRRİ-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi əksər müttəfiq respublikalarda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparmaq məqsədilə Xüsusi Təyinatlı Milis Dəstəsi ( rusca: OMON) yaratmağı qərara aldı. Bu səbəbdən 1990-cı ilin 30 mart tarixində Azərbaycan Daxili işlər nazirliyinin tərkibində «Xüsusi Təyinatlı Milis Dəstəsi» yaradıldı. “OMON” kimi məşhurlaşan Xüsusi Təyinatlı Milis Dəstəsi Ermənistanın Azərbaycana təcavüzünün başladığı, Qarabağda erməni separatizminin yeni baş qaldırdığı dövrdə azərbaycanlıların güvənc yerinə çevrildi. Münaqişə başlananda Azərbaycanın ən qaynar nöqtələrinə ezam olunan “OMON”-çular ermənilərin qorxduğu əsas hərbi qüvvə idi. İlk əvvəl OMON, 60 nəfərdən ibarət hərbi dəstə olmuşdur. XTMD-nin ilk rəsmi hərbi əməliyyatı 1990-cı ilin noyabr ayında Xocalı aeroportunun nəzarətə götürülməsi oldu. Axşamdan başlayaraq, səhərə yaxın bir güllə belə atılmadan uğurla başa çatdı və nəticədə Dağlıq Qarabağdan yeganə çıxış nöqtəsi olan bu aeroport bir ildən çox Azərbaycan OMON-nun nəzarətində qaldı. Azərbaycan OMON-u 1991-ci ilin May-Avqust aylarında Çaykənd (Koltso) əməliyyatını həyata keçirdi. Bu dəstənin iştirakıyla Azərbaycanın bir çox rayonlarında (Qazax, Tovuz, Gədəbəy, Ağdam, Ağdərə, Füzuli, Şuşa, Laçın, Xocavənd, Xankəndi, Goranboy, Goygöl və s.) 23 kənd azad edilmişdir. OMON-un keçirdiyi əməliyyatlarda erməni separatçıları tərk-silah olunmuş, ələ keçirilən terroristlər həbs edilmiş, mülkü ermənilər isə Ermənistana deportasiya edilmişdir. Bu, Qarabağ savaşında Azərbaycanın ilk hərbi uğurları idi. Çaykənd əməliyyatından sonra, yəni 1991-ci ilin aprel-may aylarından etibarən OMON Qarabağ savaşında aktiv iştirak etmiş, hərbi əməliyyatlarda mühüm qələbələr qazanmışdı.
Cəsur oğulları ilə xalqın güvənc yerinə çevrilmiş OMON nədən dövlətə qarşı qiyam qaldırdı? Bu qiyamın nədəni barədə bir sıra versiyalar səsləndi. Azərbaycan Respublikası Milli Məclisinin “ Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında” qərarda 15-17 martda və ondan əvvəlki günlərdə cərəyan edən proseslər geniş yer alıb. O qərarın bir hissəsində bunlar yazılıb: “… Əvvəllər erməni silahlı quldurları ilə, cinayətkarlarla mübarizə aparmış və müəyyən xidmətlər göstərmiş Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsi (Xüsusi Təyinatlı Polis Dəstəsi) 1992-ci ildə və 1993-cü ilin birinci yarısında tədricən təyinatı üzrə istifadə olunmamış, ayrı-ayrı bədniyyətli adamların, cinayətkarların mənafeyinə xidmət etməyə başlamış, onun bir çox üzvləri qanunsuz kommersiya əməliyyatlarına, narkotik maddələr, silah alverinə, qaçaqmalçılığa və digər cinayətlərə qurşanmış, vəzifəli şəxslərdən və vətəndaşlardan pul qoparmaqla məşğul olmuşlar. Ə. Elçibəy iqtidarının daxili işlər naziri XTPD-nin daha da azğınlaşması, cinayətkar qruplarla birləşməsi üçün şərait yaratmış, həmin dəstəyə rəhbərlik edən XTPD komandirinin əməllərinin qarşısını almaq əvəzinə, onu daxili işlər nazirinin müavini vəzifəsinə təqdim etmiş və sabiq prezident Əbülfəz Əliyevin sərəncamı ilə o, həmin vəzifəyə təyin olunmuşdur. Bundan sonra daxili işlər nazirinin müavini XTPD-ni öz məqsədləri üçün daha çox tabeliyinə cəlb etmiş, digər maliyyə, kommersiya təşkilatları ilə qanunsuz əlaqələrə girmiş və bu işdə Bakı şəhəri Xətai rayonunun prokuroru vəzifəsində işləyən qardaşı xüsusi rol oynamışdır. Onların bu qanunsuz hərəkətlərinə DİN-in və respublikanın sabiq rəhbərliyi köz yummuş və onlar qarşısında acizlik göstərmişlər. Nəticədə onlar idarə olunmaz bir qüvvə, cəmiyyət üçün ciddi təhlükə mənbəyi olmuşlar... Azərbaycan Respublikası Prezidentinin xaricdə rəsmi səfərdə olmasından istifadə edən qüvvələr dövlət çevrilişi cəhdinə başladılar. Martın 12-dən 13-nə keçən gecə uzun müddət benzin, narkotik maddələr, silah alveri və qaçaqmalçılıqla məşğul olan, qanuni tabelikdən çıxmış XTPD-nin Qazax rayonunda yerləşən bölməsi əvvəlcə Qazax rayonunun hakimiyyət orqanlarını devirmiş, hərbi hissələrdən birinə basqın edərək 5 ədəd zirehli döyüş maşınını ələ keçirmiş, sonra Ağstafa rayonunun hakimiyyət orqanlarını devirmişdir. Onlar 600 ədəd qanuni saxlanılan odlu silahı, 3 ədəd avtotexnikanı ələ keçirmiş, Ağstafa rayon DİŞ-nin istintaq təcridxanasında saxlanılan və sonradan onlara qoşulan 14 şəxsi azad etmiş, dövlətə böyük miqdarda zərər vurmuşlar.
Əvvəlcədən hazırlanmış plana görə onlar digər rayonları da tutmalı, fövqəladə vəziyyət rejiminin son vaxtlar lazımınca təmin edilmədiyi Bakı şəhərində də çevriliş həyata keçirilməli idi.
Martın 13-dən 14-nə keçən gecə həmin silahlı dəstə Tovuz, Gəncə bölgələrini zəbt etmək üçün Tovuz rayonunda yerləşən hərbi hissəyə basqın etmiş və döyüş nəticəsində darmadağın edilmiş, basqında iştirak edən şəxslər həbs olunmuşdur. Basqınçılardan raketlər, 242 avtomat, xeyli xüsusi tüfənglər, qumbaralar, qumbaraatanlar və digər qurğular, döyüş sursatı, 2 tank, 3 zirehli döyüş maşını, sursat yüklənmiş 3 yük avtomaşını və s. texnika, 13 minik avtomaşını götürülmüşdür.
Martın 14-də daxili işlər nazirinin əmri ilə XTPD qanuni tabelikdən çıxdığına görə ləğv edildi, işində ciddi qüsurlara yol verdiyinə, qanunu pozduğuna görə daxili işlər nazirinin müavini vəzifədən azad olundu.
Azərbaycan Respublikası Prezidenti martın 15-də televiziya və radio ilə çıxışında daxili işlər nazirinin müavinini, onun dəstəsini, daxildən və xaricdən ona havadarlıq edən, güc verən, onu istiqamətləndirən, bu işlərə sövq etdirən qüvvələri Azərbaycanı dağıtmaqdan, qan tökməkdən çəkinməyə çağırmış, Azərbaycan dövlətçiliyini qorumağın vacibliyi barədə müraciət etmiş, ictimaiyyətin təsirindən istifadə etməyə çalışmış, XTPD-nin əmrə tabe olmayan üzvlərinin çirkin əməllərdən əl çəkəcəkləri, silahı təhvil verəcəkləri təqdirdə, əfv olunacağına, işlə təmin ediləcəyinə, onlara qayğı göstəriləcəyinə təminat vermiş və bunları martın 16-da verdiyi fərmanla təsdiqləmişdir.
Lakin bütün mümkün vasitələrdən istifadə edilməsi müsbət nəticə verməmişdir. Daxili işlər nazirinin müavini açıq-aşkar dövlət çevrilişi etmək üçün hazırlığı genişləndirmiş, müxtəlif cinayət qrupları ilə, adamlarla, cürbəcür siyasətbazlarla danışıqlar aparmışdır.
Azərbaycanda yeganə real qüvvə olduğunu, Azərbaycan Respublikasının rəhbərliyini zorakılıqla dəyişdirmək istədiyini, bu yolda vətəndaş müharibəsindən də çəkinməyəcəyini, hakimiyyəti ələ keçirdikdən sonra qeyri-konstitusion qurum (siyasi şura) yaradıb ona rəhbərlik edəcəyini və ayrı-ayrı partiyaların nümayəndələrini həmin quruma (siyasi şuraya) dəvət edəcəyini bəyan etmişdir. həqiqətə uyğun gəlməyən həmin məlumatlar, təəssüflə qeyd edilməlidir ki, heç də həmişə xoş niyyət güdmədən daxili və xarici kütləvi informasiya vasitələri tərəfindən bütün dünyaya yayılmışdı.
Martın 16-da axşam daxili işlər nazirinin müavini və onun havadarları dövlət çevrilişini həyata keçirmək üçün öz dəstələrini 4 qrupa bölərək onlara: 1) Prezident sarayını tutmaq, Azərbaycan Respublikası Prezidentini fiziki məhv etmək və ya həbs etmək; 2) Ali Sovetin binasını tutmaq; 3) Daxili İşlər Nazirliyini tutmaq; 4) Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətini tutmaq və xalqa müraciət etmək vəzifələrini tapşırmışdı. Keçmiş XTPD-nin qüvvələri eyni zamanda pusqular qurmuş, iriçaplı pulemyotlarla və başqa növ silahlarla silahlanmış 15—20 nəfərdən ibarət qruplarla ətrafdakı yaşayış evlərinin, məktəbin, uşaq bağçasının damlarında yerləşərək bütün ətrafı nəzarət altına almışdılar.
Azərbaycan Respublikasının suverenliyi, toxunulmazlığı və mənafeyi, əhalinin təhlükəsizliyi, ictimai qaydanın qorunması silahlı müdafiəni, silahlı hücumun qarşısını almaq üçün qəti tədbirlər görülməsini tələb edirdi.
Martın 17-də gecə təxminən saat 2 radələrində keçmiş XTPD hücuma keçərək, birinci atəşlə hərbi qulluqçulardan 4-nü öldürmüş, 5-ni yaralamış və əllərində olan bütün vasitələrlə atəşi davam etdirmişdir. Hökumət qüvvələri yalnız gecə saat 4 radələrində əks tədbirlər görməyə məcbur olmuş, saat 8 radələrində qadınlara və uşaqlara xətər yetirdiklərinə görə keçmiş XTPD qüvvələrini bazaya sıxışdırmağa və onların atəş nöqtələrini sıradan çıxarmağa başlamışlar. Saat 9 radələrində keçmiş XTPD-nin bazasından “ağ bayraq” qaldırılmış və hökumət qüvvələri atəşi dayandırmışlar...”
15-17 mart qiyamında hakimiyyəti qeyri- konstitusion yolla ələ keçirmək cəhdləri 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşının ölümünə səbəb oldu, 105 nəfər yaralandı.
Qiyam vaxtında yatırılmadığı halda itkilərin sayının nə qədər olacağı barədə düşünmək belə ağırdır. Qan su yerinə axacaqdı...
Qanunverici orqanın qərarından o da bəlli olur ki, bu qiyamda məqsəd Ayaz Mütəllibovun yenidən hakimiyyətə gətirilməsi idi. “Dövlət Şurası” adlanacaq qurumda “Milli Qəhrəman”ın, hətta Ə. Elçibəyin təmsil olunacağı nəzərdə tutulurdu. Kələkidən döndükdən sonra Ə. Elçibəy adının bu qurumda çəkilməsinə qəti etirazını bildirmiş və o insanlarla birlikdə olmanın əsla mümkün olmadığını tutarlı faktlarla isbatlamışdı. Qiyamın təfərrüatları barədə geniş yazmaq fikrində deyiləm. Saəcə, onu vurğulamaq fikrindəyəm ki, yeni addımlarını atan bir dövlətin 3 il ərzində 3 qiyamla üz-üzə qalması dövlətin nüfuzuna ciddi ziyan vurmaqda idi. O günlər dövlətin qiyama qalxmış qüvvələrə qarşı sərt davranışından narazı qalanlar oldu. Bu adamlar onu anlamırdılar ki, dünyanın hər bir ölkəsində dövlət ona qarşı qiyam etmiş qüvvələrlə sərt davranmaq zorundadır. Azərbaycanı “kukla”, “banan” ölkəsinə çevirmək olmazdı. Ən mühümü isə dövlətin görəvi ona qiyam edənlərin istədiklərini yerinə yetirmək deyil, bu qüvvələrə gərəkən cavabı verməkdən ibarətdir. Bir nüansı da xatırlatmağın fayda olduğunu düşünürəm. Dünyanın heç bir ölkəsində istər siyasi müxalifət olsun, istərsə də, anarxizmə meylənnmiş qüvvələr olsun, dövlətlə zor dilində, hədə-qorxu müstəvisində danışmaq arzuolunmazdır. Nədən ki, müəyyən sərhəddə qədər dövlət susa bilər, danışıqlar aparar, ancaq bu addımlar nəticə vermədiyi halda dövlət əlinin altında olan resursların hər birindən istifadə edərək qiyamın qarşısını almaq zorundadır.
Etiraf etmək gərəkdir, peşəkar siyasətçi olaraq H. Əliyev 3 ildə baş vermiş qiyamın üçünün də yatırılmasında əvəzsiz rol oynadı. O, dövlətin parçalanmasının, federallaşmasının və Azərbaycanda vətəndaş müharibəsinin qarşısını almağa müvəffəq oldu. İçində dövlətə və dövlətçiliyə zərrə qədər sayğısı olan hər bir Azərbaycan vətəndaşı bunu etiraf etməyi bacarmalıdır... 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[