"ÖLKƏ ƏRAZİSİNDƏ YENİ SU ANBARLARININ TİKİNTİSİNƏ CİDDİ EHTİYAC VAR"

Bütün yararlı torpaqları suvara bilirikmi?


Bu gün ölkəmizdə suvarılan torpaqlar kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin üçdə birini təşkil edir. Sabit və dayanıqlı kənd təsərrüfatı məhsulu almaq üçün isə aktiv suvarmaya ehtiyac duyulur. Lakin son illər ölkədə suvarma üçün yararlı suyun azlığı ilə bağlı problemlər yaşanmaqdadır. Son 13 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğun olaraq ölkə miqyasında su-drenaj layihələri, digər meliorativ tədbirlər həyata keçirilsə də, bir çox torpaq sahələri hələ də su üzünə həsrət qalıb. Bəs bu problem necə həll olunmalıdır?

İqtisadçı-ekspert, "Liberal İtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli "525"ə açıqlamasında bütün yararlı torpaqların suvarılmasının vacibliyini vurğulayıb: "Kənd təsərrüfatının inkişafı üçün ilk növbədə yararlı torpaqlar suvarma üçün yaralı su ilə təmin edilməlidir. Ölkəmizdə 1,6 milyon hektar suvarmaya yararlı torpaq sahəsi var. Biz bu torpaqlardan yalnız 5 yüz min hektarını suvara bilirik. Səbəb isə suvarma sistemlərinin qənaətbəxş vəziyyətdə olmamasıdır. Üç Qafqaz ölkəsindən ən az su ehtiyatı olan ölkə Azərbaycandır. Ona görə də bu əraziləri suvarmaq üçün yeni su anbarlarının tikintisinə ehtiyac var. Qeyd edək ki, ölkəmizdə 136 su anbarı var. Araşdırmalar göstərir ki, 136 su anbarından 100 faiz gücü ilə işləyəni yoxdur. Böyük əksəriyyəti 30-40 faiz gücü ilə işləyir. Çünki həmin anbarlar lil ilə dolub. Məsələn, Hacıqabul rayonunu təmin edən su anbarının dərinliyi 18 metrdir. Bu 18 metrin 13-14 metri lil ilə dolub. Bunun nəticəsidir ki, həmin rayonda 50 min hektar ərazini suvarmaq olmur. Həmin 50 min hektar ərazidə buğda əkib, minimum məhsul götürsək, bu, 150 min ton taxıl deməkdir. Bu da ölkəmizdə taxıla olan ehtiyacının 1 faizini ödəyir. Ölkədə kənd təsərrüfatının inkişaf üçün əsas işlərdən biri su anbarlarının təmizlənməsi və yeni su anbarların yaradılmasıdır. Sovet dövründə bu ərazilərin hamısı suvarılırdı. Anbarların sayı az olmasına baxmayaraq, mütəmadi təmizlənirdi. Suyun çox olması iqlim dəyişiklikləri ilə də bağlı idi. Dağlara yağan qarın əriməsi nəticəsində suvarma işində problem yaşanmırdı. Hazırkı dövrdə iqlim dəyişiklikləri səbəbindən qar nadir hallarda yağır. Buna görə də mütləq su anbarları yaratmalıyıq. Eyni zamanda, dövlət sahələrin yağış damcı yolu ilə suvarılmasını təmin etməlidir. Suyun ötürülməsində beton kanallardan yox, başqa vasitələrdən istifadə olunmalıdır. Beton kanalların ömrü 15-20 il olur və su itkisi yaranır. Su kanallarla ötürüləndə süzülən sular qurunt sulara qarışır və torpağın şoranlaşdırılmasına gətirib çıxarır. Elə ölkələr var ki, su ehtiyatı az olsa belə, bütün ölkə ərazisini su ilə təmin edir. Məsələn, Azərbaycanla İsrailin əhalisinin sayı təxminən bir-birinə bərabərdir. İsrailin torpaq ehtiyatı 1 milyon hektar olduğu halda, su ehtiyatları cəmi 2 milyard kubmetrdir. Azərbaycanda isə su ehtiyatları təxminən 30 milyard kubmetrdir. İsrail əlavə olaraq 8 milyard kubmetri dəniz suyunun emalı nəticəsində suvarma suyu əldə edir və bununla bütün ərazi tamamilə suvarılır, 10 milyon əhalinin ərzağa olan ehtiyacının 90 faizini ödəyir. Azərbaycanda isə bu tələbatın təxminən 50 faizini ödəyir. Əgər İsrail kimi ölkə bunu edə bilirsə, biz də edə bilərik. Bizim daha çox imkanlarımız var".

Bu gün dünyada baş verən qloba istiləşmə nəticəsində mövcud su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur. Nəticədə, bir çox regionlarda su təminatı kəskin şəkildə pisləşir. Bu isə əhalinin ərzaq təminatına və regionların ekoloji təhlükəsizliyinə birbaşa təsir göstərir. Su təminatını yaxşılaşdırmaq üçün yalnız ondan qənaətlə istifadə etmək kifayət deyil, eyni zamanda, su ehtiyatlarının artırılması istiqamətində də tədqiqatlar aparılmalı, praktiki işlər görülməlidir.

Havar ŞƏFİYEVA