Braziliyada dəhşətli avtobus qəzası: 38 nəfər öldü

Braziliyanın şərqində avtobus, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində azı 38 nəfər ölüb.

Lim10.az xəbər verir ki, bu barədə "G1" portalı yerli yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, avtobusun təkəri partlayıb və nəticədə sürücü idarəetməni itirərək yük qoşqusuna çırpılıb. Bundan sonra onu izləyən avtomobil avtobusa çırpılıb. Toqquşma nəticəsində avtobus yanıb.

Qəza nəticəsində magistralın bir hissəsində avtomobillərin hərəkəti tamamilə bağlanıb.

Avtobus San-Pauludan Bahia ştatının Vitoriya da Konkista şəhərinə gedirmiş.