Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyimi bildirir, Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, ağrınızı bölüşürəm.

Bütün Türk dünyasında dərin kədərə səbəb olan qəzada həyatını itirənlərə TÜRKSOY-un Baş Katibliyi adından və şəxsən öz adımdan Allahdan rəhmət, yaralananların tezliklə sağalmalarını diləyirəm".

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk.

Faciəvi hadisədə həlak olanlara Tanrıdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına isə səbir diləyirik".