“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA”

Səxavət Əlisoy 

KİTABDAN HİSSƏLƏR-19
Mart qiyamından sonra Azərbaycanda H. Əliyev hakimiyyəti üçün problem yaradacaq bir qüvvə qalmamışdı. Ə. Elçibəy iqtidarının Naxçıvana yolladığı təyyarə ilə Bakıya gəlişindən keçən `2 il 9 ay ərzində H. Əliyev Dövlətə qarşı planlanan 3 qiyamın qarşısını almağa müvəffəq oldu. Üstəgəl Azərbaycanın parçalanmasına yönəlik hərəkətə keçmiş Lənkaran batalyonunun separatçı komandirini də xalqın dəstəyi ilə zərərsiz hala gəlməyi başardı. Bu başarılara H. Əliyev ən yüksək səviyyədə olan siyasi peşəkarlığı sayəsində nail oldu.
Onun hər 3 qiyamın qarşısının alınması zamanı ən güclü “silahı” XALQ idi. 1993-cü ilin oktyabr və 1995-cü ilin mart qiyamlarında H. Əliyev bu “silahdan” Dövlətin qorunması naminə istifadə etməyi bacardı.
Gəncədə “Milli Qəhraman”ın qaldırdığı qiyam zamanı Ə. Elçibəy iqtidarının ən böyük səhvi bu cinayəti xalqdan gizlətməsi idi. Orada baş verənləri zamanında xalqa anlatmaq əvəzinə Ə. Elçibəy iqtidarının “başbilənləri” gizlin toplantılar keçirərək qiyamçının zərərsizləşdirməsi barədə planlar qururdu. O fikirdəyəm ki, Ə. Elçibəy Gəncə qiyamından əvvəl televiziyaya çıxıb “Milli Qəhrəman”ın Dövlətə yönəlik cinayət hərəkətləri ilə bağlı xalqa məlumat verməli və ondan baş verəcək qiyamı yatırtmaq üçün yardım istəməli idi. Ancaq şəxsinin idarəetmə səriştəsizliyi buna inkan vermədi. Komandasındakı özlərini dahi sayan görəv sahiblərinin qiyamın qarşısını almaq üçün qapılar arxasında qurduqları operativ plan isə Ə. Elçibəy iqtidarının sonu ilə nəticələndi. Dövlət üçün kritik məqamlarda dövlət başçısı yalnız xalqın dəstəyini aldıqdan sonra qətiyyətli addımlar ata bilər. Ə. Elçibəy bu dəstək üçün xalqa müraciət edəndə artıq gec idi. Nüfuzunu irirmiş komandasına rəğmən onun çağrısına güman etdiyi sayda vətəndaş reaksiya vermədi. Və məhz bundan sonra o, Bakını tərk edərək Kələkiyə getdi. Prezidentin komandasının önəmi barədə dəfələrlə yazdım, təkrar yazıram. Ə. Elçibəyin komandasının kimlərdən ibarət olduğunu götür-qoy edəndə süqutun qaçılmaz olduğu açıq-aşkar görünür. Təbii ki, Ə. Elçibəyin komandasında Dövlətin mənafeyini şəxsi mənafedən üstün tutan, bacarlqlı, vətənsevər, rüşvət almayan kadrlar da az deyildi. Lakin ən üst məqamlarda təmsil olunanların hamısı barədə bu sözləri demək mümkün deyil. “Komanda üzvü” adlanan o məqam sahiblərinin bəzilərinin barəsində danışmaq belə adamda neqativ assosiasiya yaradır. Kimlər yox idi o komandada? Özünü prezidentin kabinetinin pəncərəsindən atmaq istəyən daxili işlər naziri, Rusiya ilə canbir qəlbdə olan müdafiə naziri, dövlətin iqtisadi və siyasi böhranla qarşı-qarşıya qaldığı bir zamanda partiya-qrup yaratmaqla məşğul olan yüksək görəv sahibləri… Onlar yalnız öz mövqelərini möhkəmlətmək üçün mücadilə edirdi, əvəzində Dövlət gücdən düşürdü. Onlar özlərini Ə. Elçibəydən sonrakı mərhələ üçün hazırlamaqda idi. Nəticəsi bütün xalqa bəlli oldu…
HAŞİYƏ- Il 1994. Aprel ayı. Prezident Ə. Elçibəy Sumqayıta gəlmişdi. İcra hakimiyyətinin müşavirə zalında şəhərin təsərrüfat rəhbərləri ilə görüşürdü president. Müşavirə başladıqdan 5-10 dəqəqə sonra köməkçisi toplantının rəyasət heyətində oturmuş Ə. Elçbəyin yanına gəldi. Əyilib qulağına bir şeylər söylədi. Ə. Elçibəy tribunada nitq söyləyən şəhər icra başçısını dayandırdı. Dedi ki, Kəlbəcərdəki gərgin vəziyyətlə bağlı Bakıya dönməlidir. Toplantı iştirakçılarından üzr istəyərək, siz davam edin dedi və ayağa qalxdI. Təbii ki, toplantı davam etmədi. Fasilə elan olundu. Bayıra çıxdıq. Bir dəstə Sumqayıt sakini icra hakimiyyəti binasının qarşısında Ə. Elçibəyi dövrəyə alıb söhbət edirdilər. Bir neçə həmkarımla maraq üçün biz də yaxınlaşdıq. Vətəndaşlar ölkədəki problemlərdən danışırdı. Biri də prezidentə bağlanmaqda olan kimya zavodlarının taleyi ilə bağlı sual verdi. Ə. Elçibəy tələsdiyini dilə gətirərək, bu suala onunla müşavirəyə gəlmiş yüksək görəv sahibinə ünvanlamağın düzgün olduğunu bildirdi və gözləri ilə o “bəyi” axtardı. O “bəyi” tapa bilməyən prezident maşına tərəf getdi. “Bəy” isə çoxdan öz maşınında oturub, prezidentin nə vaxt öz maşınına oturacağını gözləyirdi. (Yaxşı ki, qanacağı çatdığından maşını Bakıya sürdürməmişdi.) Heç yadımdan çıxmır, bu səhnəni görən həmkarlarımdan biri başını bulayaraq “bu iqtidar bitib” dedi. Prezident ayaq üstə vətəndaşlarla söhbət edərkən, onunla birlikdə Bakıdan müşavirəyə gələn ən yüksək görəv sahiblərindən birinin onunla yanaşı dayanması əvəzinə gedib öz maşınında oturmasına bəzilri ola bilər ki, demokratiyanın bir ünsürü deyə bilər. Ancaq idarəetmədə iyerarxiya var, yazılmış və yazılmamış protokol qaydaları var, nəhayət, etika adında bir məfhum var və dövlətin başında dayananlardan hansı birisə o qaydalara riayət etmirsə, o komandadakı monolitlikdən danışmaq absurd bir şeydir.
H. Əliyevin prezidentliyi dönəmində hər hansı bir görəv sahibi belə bir addım ata bilərdimi?
Yəqin ki, H. Əliyevin yüksək toplantılarda Baş naziri, Gömrük Komitəsinin sədrini və digərlərini “nə günə saldığını” xatırlayanlar var. Xatırlamayanlar, zəhmət çəkib internetdən axtarış edib baxsınlar.
Ə. Elçibəy komandasının bir sıra üzvlərini yaxından tanıdığım üçün onların sahib olduqları “unikal özəlliklər” barədə nəsə yazıb oxucuların mədəsini bulandırmaq fikrində deyiləm. Sadəcə, onu demək istəyirəm ki, dünyanın heç bir ölkəsində, heç bir dövlət başçısına qarşı komanda üzvləri Ə. Elçibəyin komanda üzvlərinin sərgilədiyi hərəkətlərin heç mində birini də etməyib. Etməyib yox, daha dürüstü edə də bilməzdi…
Mart qiyamının qarşısını xalqın dəstəyi ilə almağa nail olan H. Əliyevin qarşısında çox ciddi problemlər dayanırdı. Ən birinci problem işğala məruz qalmış vətən torpaqlarının düşmən tapdağından xilası idi. Torpaqlarin işğaldan azad olunması üçün 4 əsas faktorun reallaşması lazım gəlirdi. Nə idi onlar?
1. Güclü, mütəşəkkil və müasir silahlarla təmin olunmuş nizami ordu quruculuğu;
2. Ölkə iqtisadiyyatının intensiv inkişafı;
3. Ölkə daxilində dayanıqlı sabitliyin təmin olunması;
4. Məqsədyönlü diplomatik siyasətin yürüdülməsi.
Ümumiyyətlə, H. Əliyev iqtidarını şərti olaraq iki mərhələyə bölmək olar. Birinci mərhələdə (1993-1995) H. Əliyev qiyamların, parçalanmanın, vətəndaş müharibəsinin qarşısını bacarığı, peşəkarlığı, səriştəsi sayəsində ala bildi. Bu mərhələni müvəffəqiyyətlə keçməklə H. Əliyev fəaliyyətinin ikinci mərhələsinin (1995-2003) iki önəmli faktorunun da təməlini qoymuş oldu. Söhbət sabitliyin təmin olunmasından və iqtisadi inkişaf üçün imzalanmış “Əsrin müqaviləsi”ndən gedir. Güclü ordunun qurulması iqtisadiyyata bağlı olduğundan bu problemin həllində ciddi əngəllərin olmayacağı aydın idi. Neftdən əldə edilən gəlirlərin bir qisminin ordu quruculuğuna sərf edilməsi problemi həlli edəcəkdi. Ən ciddi problem xarici siyasətin konturlarının doğru-düzgün cızılmasında idi.
Azərbaycan elə bir siyasət yürütməliydi ki, tam olaraq nə Qərbin, nə də, Rusiyanın təsiri altına düşsün. Qərbdən də, Rusiyadan da biryolluq üz çevirmək də mükün deyildi. Çoxvektorlu siyasət yürütmək zorundaydı Azərbaycan.
Müstəqil Dövlətlər Birliyinə üzv olmaqla Azərbaycanın Rusiya ilə münasibətindəki gərginliyi əhəmiyyətli dərəcədə səngidən H. Əliyev prezident seçildikdən sonra ilk rəsmi xarici səfərini Fransaya etdi. Siyasətin yazılmamış bir qaydası mövcuddur. İlk dəfə və ya təkrar seçilən Prezident birinci rəsmi xarici səfərini ölkəsi ilə yaxın dost olan dövlətə edir. H. Əliyev Parisi seçdi. Onun Fransaya səfəri bir neçə aspektdən önəmli idi. Birincisi, Fransa “Əsrin Müqaviləsi”ndən kənarda qalmışdı. Onu gələcək neft müqavilələrində iştiraka dəvət etməklə ən güclü erməni lobbisinin fəaliyyət göstərdiyi Fransa ilə Azərbaycan arasında iqtisadi münasibətlərin qurulması çox mühüm əhəmiyyət kəsb edirdi. Tarixə nəzər salaq.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Fransanın nümayəndəliyi fəaliyyət göstərirdi.
Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanımışdır. Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament bir sıra digər ölkələrlə yanaşı Fransanın paytaxtında da fəaliyyət göstərəcək diplomatik nümayəndəliyin yaradılması haqqında qanun qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Osmanlıda ali təhsil almaq üçün seçilmiş tələbələrinin bir hissəsi Fransa universitetlərində təhsil alıb.
Həmin dövrdə Fransa hökumətinin dəstəyini hiss edən Azərbaycan hökuməti fransız dilinin də beynəlxalq dil rolunda olduğunu nəzərə alaraq, Cümhuriyyətin 500 manatlıq əsginaslarının üzərində Respublikanın və nominalın adları Azərbaycan və rus dilləri ilə yanaşı fransız dilində də yazılmışdı.
1992-ci ildə Türkiyədən sonra Bakıda diplomatik nümayəndəlik açmış ikinci dövlət Fransa oldu. Bundan əlavə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa 1993-cü ildə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul edilmiş dörd qətnamənin dördünün də lehinə səs verib.
Göründüyü kimi bütün parametrlərdən dünyanın ən güclü dövlətlərindən biri olan Fransa ilə münasibətlərin yaradılması Azərbaycana dividend gətirirdi.
Heydər Əliyev 19-22 dekabr 1993-cü il tarixində Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə Fransaya səfər etdi. Heydər Əliyev ‎və Fransua Mitteran Parisin Yelisey sarayında müzakirələr ‎apararaq, "Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında" müqavilə imzaladı. H. Əliyev Parisdə eyni zamanda ATƏM-in (indiki ATƏT) əsas ‎sənədlərindən biri olan "Yeni Avropa üçün Paris xartiyası"na Azərbaycanın qoşulması barədə sənədi də imzaladı.
Heydər Əliyevin 1997-ci il yanvarın 13-dən 15-dək davam edən Fransaya ikinci rəsmi səfəri zamanı yanvarın 13-də Parisdə Yelisey sarayında neft yataqlarının birgə işlənilməsi barədə ARDNŞ ilə Fransanın "Elf Agiten" və "Total" neft kompaniyaları arasında investisiya dəyəri 1,5 milyard dollar olan və 350 milyon barel neft çıxarılması nəzərdə tutulanan müqavilə imzalanıb.
HAŞİYƏ-Azərbaycanın Fransa ilə münasibətlərini şərti ilaraq iki mərhələyə bölmək olar. Birinci mərhələyə Fransua Mitteran və Jak Şirakın, ikinci mərhələyə Emmanuel Makronun prezidentliyi dönəmi aiddir.
Birinci mərhələdə Fransa ilə münasibətlər pozitiv istiqamətdə inkişaf edirdi. H. Əliyevin Fransua Mitteran və Jak Şirakla isti münasibətləri var idi. İlham Əliyev də 2003-cü ildə prezident seçildikdən sonra ilk Avropa səfərini Fransaya etdi.
İki dövlət arasındakı bu əməkdaşlıqdan Parisdə narahat olan qüvvələr siyasi hakimiyyətə təsir mexanizmini işə saldı. Erməni lobbisi var gücü ilə Fransanın siyasi elitasına təsir edərək, Parisin Türkiyə və Azərbaycanla münasibətlərini gərginləşdirməyə nail oldu. E. Makron seçkilərdə sayı 500 min olan ermənilərin səsini almaq üçün Türkiyə və Azərbaycana qarşı siyasi basqıya əl atdı. “Qardaş” saydıqları Ermənistanın Azərbaycan torpaqlarının 30 il işğalda saxlamasına göz yuman Fransa 44 günlük Vətən savaşından və Qarabağdakı antiterror əməliyyatdan sonra açıq-aşkar Azərbaycana qarşı Ermənistanla eyni mövqedə dayandı. Qərb ikili standart siyasətinə vərdiş edib. 30 il ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa münaqişənin sülh yolu ilə həlli istiqamətində pozitiv addım atmadı. 30 il 4 həmsədr münaqişə zonasına səfər etdi, yüzlərlə qısır iclas keçirdi. Daha doğrusu yeyib-içib ölkələrinə döndü. Azərbaycan bir 30 ildə gözləməli deyildi. İlk fürsətdə Azərbaycan ordusu gərəkən nə idisə onu da etdi.
AZƏRBAYCAN SÜBUT ETDİ Kİ, NƏ MÜSTƏMLƏKƏ, NƏ DƏ, KUKLA DÖVLƏTDİR.
Bu gün E. Makron iqtidarı hansı təzyiqə əl atsa da Prezident İlham Əliyevin bu məsələdə geriyə addım atacağı inandırıcı deyil. Heç bir dövlət başçısı qan bahasına geri aldığı torpaqların yenidən işğala məruz qalmasına razı olmaz. Parisin necə düşünməsindən asılı olmayaraq, işğaldan azad olunmuş torpaqlarda erməni əhalinin yaşaması yalnız və yalnız Azərbaycan dövlətinin qanunları çərçivəsində baş verəcək.
Fransa güclü bir dövlətdir. O gücün nəyin sayəsində əldə olunduğunu yuxarıda qeyd etdim. İndi XX əsr, Azərbaycan da Afrika ölkəsi deyil. Bu xalq 1991-ci ildə təkrar qovuşduğu müstəqilliyini heç vaxt əldən verməz.
İkitərəfli əməkdaşlıq həm, Fransa, həm də Azərbaycan üçün faydalıdır. Azərbaycana daha çox lazımdır bu əməkdaşlıq, etiraf gərək.
Fransanın təbii ki, Avropa Birliyinə, AŞPA-ya və digər siyasi institutlara təsiri böyükdür. Ancaq bu təsir Azərbaycanın Ermənistana güzəştə gedəcəyi ilə sonuclanmayacaq. Azərbaycan nə müstəmləkə, nə də bir kukla dövlətdir. Ki, ona nəyisə diqtə etsinlər.
İnsan haqlarını, demokratiyanı gözə soxan Fransa torpaqlarımız 30 il işğalda qalanda “üç meymunu” oynayırdı. 1 milyon Azərbaycan vətəndaşının 30 il qaçqın statusunda yaşadığı zaman o demokratiya və insan haqları nədən yada düşmürdü?
H. Əliyev bütün Azərbaycan xalqı üçün həssas bir ölkə olan İranla münasibətlərin yoluna qoyulması üçün 1994-cü ilin iyun ayının 29-da İrana rəsmi səfərə getdi. H. Əliyev Ə. Elçibəy dönəmində İranın Azərbaycana olan münasibətini yaxşı bilirdi. Bilirdi ki, Ə. Elçibəyin millətçi çıxışları İranın ürəyincə deyildi. H. Əliyevə o da məlum idi ki, İran hər zaman Rusiya ilə əlbir hərəkət edir və Azərbaycan torpaqlarının işğalda qalması Tehranı əsla narahat etmir. Səfərdə əsas məqsəd Ə. Elçibəyin iqtidarı zamanı yaranmış gərginliyi aradan qaldırmaq və ikitərəfli münasibətlərin inkişafı üçün gərəkən sənədlərin imzalanması idi. H. Əliyev Naxçivan Ali Məclisinin sədri işlədiyi zaman İranla əaqələr yaratmış və qonşu ölkənin dövlət rəhbərləri ilə dəfələrlə görüşmüşdü. Ona görə də H. Əliyevə Iranin “aldığı nəfəs” belə bəlli idi. Çox gözəl bilirdi ki, “QARDAŞLIQ” MƏSƏLƏSİNDƏ” İran Azərbaycandan çox Ermənistana üstünlük verir. Lap açıq desək, Dağlıq Qarabağın və digər torpaqlarımızın işğalda qalması İrana iqtisadi aspektdən sərf edirdi. İran Azərbaycan əraziləri işğal edildikdən sonra Ermənistanla “can bir qəlbdə” idi. Araz çayı üzərində mövcud körpülərdən savayı İran Ermənistanla gediş-gəlişi asanlaşdırmaq üçün yeni körpülər salır, sərhəd rayonlarında ticarətin yüksək səviyyədə gerçəkləşməsi üçün əlindən gələni edirdi. Türkiyə və Azərbaycanla düşmən münasibətində olan Ermənistanın İranla ticarət dövriyyəsi ötən əsrin doxsanıncı illərinin ikinci yarısından-torpaqlarımız işğal edildikdən sonra 5 dəfədən artıq artmışdı.
HAŞİYƏ- Bir faktı xatırlatmağı özümə borc bilirəm. O illərdə Naxçivanda doğulduğum kəndə avtomobillə gedərkən İran ərazisindən keçirdik. İran gömrüyündə naxçıvanlıların başına gətirilən müsibət bir yana, Maku bazarında gördüklərimi heç vaxt unuda bilmirəm. Makuda yaşayan bir mühəndis dostum bazara getməyi təklif etdi. Getdik. Bazarın bir bölümündə işğal edilmiş kəndlərimizdəki evlərdən sökülüb çıxarılmış qapı-pəncərələr satılırdı. İran işbazları camaata əvvəlcə qapı-pəncərələrin Mazandaran bölgəsindən gətirildiyini deyirmiş. Sonra bəlli olub ki, bu qapı-pəncərələr Azərbaycanın işğal altındakı evlərindən sökülüb-çıxarılanlardır…
İranın Ermənistanla olan “qardaşlıq” münasibətini H. Əliyev 1999-cu ilin avqust ayının 2-də Bakıda prezident sarayında İranın Şərqi Azərbaycan Əyalətinin Ostandarı Yahya Məhəmmədzadəni qəbul edərkən belə dəyərləndirdi: “…Bizim bir ümumi narazılığımız vardır. Uzun illərdir deyirik ki, məsələn, İranla Ermənistan arasında çox sıx iqtisadi əməkdaşlıq vardır. Biz bunu deyirik, ancaq İran tərəfindən bizim bu arzularımız yerinə yetirilmir. Çünki deyirlər ki, biz iqtisadi əlaqələr keçiririk, filan edirik. Ancaq iş də burasındadır ki, məsələn, Ermənistanın prezidenti var idi - Levon Ter-Petrosyan. O, il yarım bundan qabaq istefa verdi. O, bir neçə dəfə demişdi ki, əgər İrandan iqtisadi əlaqələrlə gələn şeylər iki gün kəsilsə, Yerevan boğular. Bax, bunu o özü demişdi. Yəni bu iqtisadi əlaqələr, şübhəsiz ki, İran üçün faydalıdır. Çünki ticarət etməlidir, öz mallarını satmalıdır. Ancaq bizimlə qardaşlıq nöqteyi-nəzərindən, bizim ölkəmizə təcavüz edən bir ölkə ilə iqtisadi sahədə bu qədər əməkdaşlıq etmək, - mən açıq danışıram, indi ola bilər, kimsə incisin, ya inciməsin, - bu, bizi incidir.”
H.Əliyevə İranın bütün əməlləri agah idi. İqtidarı dönəmində öz türkçü və millətçi fikirləri ilə Əbülfəz Elçibəy İranı “çox bərk incitmişdi.”. İran üçün Azərbaycanda demokratik və dünyəvi bir dövlətin təşəkkül tapması arzuolunan deyildi. Ə.Elçibəyin siyasi tezislərinin günlərin birində İranı ayağa qaldırmaq təhlükəsi var idi. Odur ki, İran Ə. Elçibəyin hakimiyyətdən getməsi üçün Kreml ilə bərabər hərəkət edirdi. Əslində İran Heydər Əliyevin də hakimiyyətə gəlişindən narazı idi. İran üçün ən sərfəlisi İranpərəst bir siyasətçinin iqtidara gəlməsi ola bilərdi. Tehranın ən böyük səhvi o idi ki, Azərbaycanda “ikinci Xomeyni” axtarırdı. Azərbaycanda “ikinci Xomeyni” tapmaq mümkün deyildi. Nədən ki, 70 illik Sovetlər Birliyi dönəmində dini liderin formalaşması absurd bir şey idi. Digər tərəfdən Azərbaycanda toplum zehniyyətçə demokratiyanı, dünyəviliyi və müasirliyi qəbul etmiş bir toplum idi. Bu zehniyyət heç bir zaman hər hansı bir dini məzhəbin və ya təriqətin idarəçiliyini qəbul etməzdi. İran ən yaxşı halda Azərbaycanın bir neçə yaşayış məntəqəsini öz ideoloji təsiri altına sala bildi ki, bu təsirin də qarşısı illər sonra Azərbaycan dövləti tərəfindən neytrallaşdırıldı.
Əsrin müqaviləsindən kənarda qalmaq İranın geosiyasi məğlubiyyəti idi. Bu məğlubiyyətlə razılaşmayan İran Bakı-Tiblis-Ceyhan xəttinin çəkilməsinin əleyhinə çıxdı. Bu xətti Tehran “NATO xətti” olaraq dəyərləndirdi.
Tehranı başa düşmək elə də çətin deyil. Özünün əyalətlərindən biri hesab etdiyi Azərbaycan bir tərəfdən dünyəvi dövlət olduğunu elan etdi, digər tərəfdən Neft müqavilələrində onu oyundankənar vəziyyətdə qoydu. Tehranı ən çox narazı salan isə “böyük şeytan” adı verdiyi ABŞ-la və daha sonra İsraillə Azərbaycanın isti münasibətlər yaratması oldu.
Bu sözlərimi əsla unutmayın, əgər Azərbaycan nefti olmasaydı, 1991-ci ildən sonra torpaqlarımız İran və Rusiya tərəfindən təkrar işğal ediləcəkdi. Başqa sözlə, bir molla tapıb Azərbaycanın başına qoyacaqdılar…
H. Əliyev İranın-fars şovinizminin əsl simasından xəbərdar olsa da, Azərbaycanın mövcud durumunda “yumşaldıcı” siyasət yürütmə yolunu seçdi. Azərbaycan öz problemlərini həll etmək üçün müəyyən mənada İranın “nazı ilə” barışmalıydı. Ancaq bəzən İran qırmızı xətti keçmək istəyəndə H. Əliyevin kəskin etirazı ilə qarşılaşırdı. Məsələn, Azərbaycana rəsmi səfəri zamanı İran prezidenti Haşimi Rəfsəncani Gəncəyə getmək istədiyini və orada böyük fars şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcəyini dilə gətirəndə, H. Əliyev sərt şəkildə cavab verdi ki, Nizami Gəncəvi fars yox, Azərbaycan şairidi. Yaxud H. Rəfsəncani Xəzər barədə danışanda bu dənizin adını “Mazandaran dənizi” kimi ifadə edəndə də H. Əliyev sərt təpki göstərdi. O, İran prezidentinə dənizin adının dünyanın qəbul etdiyi “Xəzər dənizi” olduğunu anlatdı…
1995-ci ildə H. Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiyası hazırlandı və ümumxalq səsverməsindən-referondumdan sonra Konstitusiya qüvvəyə mindi.
Yeni Konstitusiyanın 11-ci maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Həmin maddənin II hissəsində isə göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. Qeyd edilən maddənin III hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Ermənipərəst Qərb üçün Azərbaycan konstitusiyasının elə bir önəmi olmasa da, konstitusiyasının bu maddəsinə riayət etmək, başqa sözlə dövlətin ərazi bütövlüyünü təmin etmək dövlət başçısının 1 saylı görəvi hesab olunur. H. Əliyev Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün Qərbin nə qədər biganə olduğunu görürdü. Qərb özünün qurduğu Birləşmiş Millətlər Təşkilatının quruluş nizamnaməsini belə saya salmırdı. Nə yazılmışdı BMT-nin nizamnaməsində?
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə əsasən, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. Beləliklə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi beynəlxalq hüququn bir prinsipi kimi qəbul edilmişdir.
Təəssüf ki, BMT-də, ATƏT-də, Qərb də haqlı olan Azərbaycanın yox, işğalçı Ermənistanın yanında dayanmışdı. Azərbaycana haqlı olduğunu dünyaya sübut etmək üçün illər lazım idi. 100 ildən artıq bir zamanda planlanan “Böyük Ermənistan” ssenarisini qısa zaman kəsimində alt-üst etmək mümkün deyildi. Kremlin Ermənistanı “ağuşuna alması” isə problemin həllini daha da çətinləşdirirdi. Ancaq buna baxmayaraq H. Əliyev torpaq probleminin həllinə sülh yolu ilə nail olmaq üçün bütün addımları atırdı. H. Əliyev fərd olaraq xaraktercə güclü bir şəxsiyyət idi. O, 70 yaşında Azərbaycanı böhrandan xilas etmək üçün çox ağır bir işin altına girmişdi. Xalqın ona olan inamı tam idi. Xalq böyük ümidlə gözləyirdi ki, H. Əliyev torpaqları işğaldan azad edəcək. O, bu problemin həllinin açarının Kremldə olduğunu yaxşı bilirdi. 90-cı illərin ikinci yarısında Ermənistan demək olar ki, Rusiyanın bir əyaləti idi. Kreml o illər Ermənistanı yalnız buraxmazdı. Kremlin Qafqazdan çəkilməsi Rusiyanın dövlət siyasətinin ziddinə getmək anlamında idi.
H. Əliyev Dağlıq Qarabağ münaqişəsinin sivil dünya tərəfindən danışıqlar yollu ilə həllini tapması üçün gərəkən bütün addımları atdı. O, Ermənistan prezidentləri ilə 27 dəfə görüş keçirdi. Kremlin erməni mafiyasanı və Qərbdəki erməni lobbisinə arxalanan Ermənistan ipə sapa yatmaq bilmirdi. Ermənistan beynəlxalq təşkilatların təklifetdiyi güzəşli variantlara belə məhəl qoymurdu. Ermənistan prezidentlərinin təkəbbürlü davranışları ATƏT-in Lissabon toplantısında özünü açıq-aşkar göstərdi. 1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Heydər Əliyev çevik diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu. Ermənistan Respublikası istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu prinsiplər aşağıdakılar idi: Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi. Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu.
ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə
H. Əliyev Azərbaycan dövləti üçün mühüm əhəmiyyət kəsb edən işlər gördü. O, 3 qiyamın qarşısını aldı, vətəndaş müharibəsinn gerçəkləşməsinə imkan vermədi, Azərbaycanı parçalanmadan qorudu. Təkcə bu işlərdəki imzasına görə H. Əliyevin adı Azərbaycan tarixində əbədi qalacaq.
H. Əliyev Azərbaycan iqtisadiyyatının qalxınmas üçün inamlı addımlar atdı, Lissabon sammitinin yekun sənədində münaqişənin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə edilmiş, ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət Ermənistan olmuşdu. Yəni Ermənistan konsensus prinsipindən sui-istifadə edərək zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan birinə - münaqişənin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddəyə veto qoydu. Heydər Əliyev isə həmin maddənin bəyanatın mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bəyan etdi. Yalnız uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edildi.
Lissabon sammitində Heydər Əliyev Azərbaycanın dövlətinin siyasi iradəsini, diplomatik gücünü bütün dünyaya, o cümlədən işğalçı Ermənistana göstərdi. Hətta o zaman işğalçı ölkənin prezidenti olan Levon Ter-Petrosyan Lissabon sammitinin nəticələrindən bəhs edərkən bu zirvə görüşünü Azərbaycanın diplomatik nailiyyəti və üstünlüyü kimi xarakterizə edərək “diplomatik uğursuzluqlarımızın bünövrəsi məhz Lissabon sammitində qoyuldu dedi və əlavə etdi ki, “Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi.”
Ancaq Levon Ter-Petrosyan yanılırdı, Kreml “hər şeyin bitməsinə” imkan verməzdi.
Kreml “ağuşunda saxladığı” Ermənistanın yanında Azərbaycana da yer etmək fikrindəydi. Bunu dərk etmək üçün siyasətşünas olmağa əsla ehtiyac yox idi. Kreml öz ordusunu yenidən Azərbaycana qaytarmaqla Puşkinin yazdığını təkrarlamaq istəyirdi: Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən…
SSRİ-nin rəhbərlərindən biri olaraq 5 il Kremldə oturmuş H. Əliyevin Kremlin məkrli planlarından xəbərsiz olması nonsense idi. Kreml hər an ondan 2rus ordusunun Azərbaycana dəvət edilməsi üçün” dəvət gözlədi. Bakıda da bir çoxları H. Əliyevin Dağlıq Qarabağ münaqişəsinin yoluna qoyulması üçün Kremldən yardım istəyəcəyini düşünənlər az deyildi. Lakin o, Kremlə “dəvət” göndərmədi…