DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA”
Səxavət Əlisoy
KİTABDAN HİSSƏLƏR-20
ABŞ başda olmaqla Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yetərli addımlar atmırdı. Bu dövlətlərin Azərbaycan neftinə olan maraqları təmin olunsa da belə münaqişənin həlli üçün aktivlik göstərmirdi. Onlar Kremlin izni olmadan münaqişənin nizama salınmasının mümkün olmayacağını bilirdi. Və buna görə də nə, ABŞ, nə də, Qərb Dağlıq Qarabağdan yana Rusiya ilə konfliktə girmək istəmirdi. Onlar ATƏT-in Minsk qrupunu irəli verməklə düşünülmüş şəkildə münaqişənin həllini uzadırdı. Məqsəd Azərbaycanın təbii sərvətlərinin istismarı idi. Azərbaycanın düçar olduğu durumuna diqqət edin. Bir tərəfdə Rusiya, digər tərəfdə ABŞ və Qərb, ortada isə təkbaşına qalmış Azərbaycan. Rusiya ABŞ və Qərbdən fərqli olaraq Azərbaycana qarşı daha aqressiv davranırdı. İki əsr müstəmləkəsi olmuş Azərbaycanı əldən buraxmağı Rusiya heç ağlının ucuna belə gətirmirdi. Rusiya iqtisadi baxımdan zəif düşmüş, yüz problemlə başbaşa qalmış Azərbaycanın məcburiyyət üzündən Kremlin qapısını yenidən döyəcəyinə inanırdı. Dünya blirdi ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan yox, Rusiyadır. Və dünya onu da bilirdi ki, münaqişənin həllinin açarı yalnız və yalnız Kremldədir. Əhalisinin sayına və dövlət büdcəsinə görə Ermənistandan üç dəfə artıq olan Azərbaycan Kreml faktorunu nəzərə almadan torpaqların işğaldan azad olunması üçün hərəkətə keçdiyi halda çox böyük itkilərə məruz qalacaqdı.
Ermənistanın güc mənbəyi onun silahlı qüvvələri yox, ərazisində yerləşmiş Rusiyanın ən güclü ordularından biri olan 102-ci ordu idi. 90-cı illərin ikinci yarısında (elə bu gün də) Ermənistan Rusiyanın forpostu hesab olunurdu. Onun iqtisadiyyatının önəmli hissəsi Rusiyanın nəzarəti altındaydı. Belə bir durumda Ermənistanı qorumaqdan başqa yolu yox idi Rusiyanın.
Rusiya yalnız üç halda Dağlıq Qarabağ münaqişəsində neytral mövqedə dayana bilərdi. Daxildən ciddi parçalanma ilə üz-üzə qaldığı zaman, Ermənistanın ondan biryolluq üz çevirib Qərbə stavka etdiyi təqdirdə və İrəvan-Kreml rəhbərləri arasında münasibətlər “müharibə” vəziyyətinə çatdığı halda Rusiya üçün Dağlıq Qarabağ münaqişəsi aktuallığını itirə bilərdi.
Lakin 90-cı illərin ikinci yarısında Rusiya daxilində parçalanma ehtimalı olmadığından, və Ermənistanın da Qərbə arxa çevirib ikiəlli Kremlin ətəyindən tutduğu bir zamanda Moskva öz forpostunun Azərbaycanla təkbətək savaşında bitərəf qala bilərdimi?
Kreml həm də, H. Əliyevin Qərblə daha yaxın münasibətlər yaratmaq istəyini görürdü. Gürcüstanda baş qaldırmış millətçilik siyasətinin ardınca Azərbaycanın da Qərbə meyllənməsi Rusiyanı daha ciddi olaraq Ermənistanı qorumağa vadar edirdi. Strateji aspektdən də Rusiyanın Ermənistanı qoruması və onun Azərbaycan torpaqlarını işğal altında saxlaması Kreml üçün sərfəli idi. Türkiyənin NATO üzvü olmasını və bu ölkənin ərazisində ABŞ-ın güclü hərbi bazalarının yerləşməsini hər zaman Kreml özünə qarşı təhlükə mənbəyi kimi görürdü. Odur ki, bu təhlükəyə rəğmən bölgədə Rusiya-İran-Ermənistan birliyinin formalaşdırılması Rusiyanın strateji aspektdən dövlət maraqlarına uyğun idi.
HAŞİYƏ- O günlər Azərbaycana dəstək vermək istəyən tək ölkə Türkiyə idi. Fəqət ötən əsrin sonlarında Türkiyənin özündəki durum ürəkaçan deyildi. 1994-cü ilin aprel ayındakı dərin iqtisadi böhran və daxildəki siyasi çəkişmələr Türkiyənin zəif duruma gətirmişdi. NATO üzvü olsa da, beynəlxalq problemlərə müdaxilə etmək iqtidarında deyildi Türkiyə. Ə. Elçibəy dönəmində Azərbaycanın Türkiyə ilə hərtərəfli müqavilələr imzalamasına baxmayaraq, Ankara Dağlıq Qarabağ münaqişəsidnə yalnız bəyanatlar vermək zorundaydı. Ankaranın başqa bir vasitəyə əl atmasına ABŞ və NATO izn verməzdi. Digər tərəfdən Türkiyə də Dağlıq Qarabağ münaqişəsinə görə Rusiya ilə münasibətlərini pozmaq istəmirdi. 1993-cü ilin aprel ayında-Kəlbəcərin işğalı zamanı Ə. Elçibəy Süleyman Dəmirələ mesaj yollayaraq Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalının dayandırılması üçün yardım istəmişdi. Lakin Süleyman Dəmirəl yardım etmənin Rusiya ilə qarşı-qarşıya gəlmə risqini əsas gətirərək imtina etdi. Sadəcə, S. Dəmirəl Qars müqaviləsinə söykənərək Rusiyanın və Ermənistanın Naxçıvan Muxtar Respublikasına təcavüz etməsinə izn verməyəcəyini bildirdi. Təbii ki, ötən əsrin doxsanıncı illərindəki Türkiyə bugünkü gücdə və nüfuzda olsaydı, Dağlıq Qarabağdakı münaqişənin ədalətlə nizamlanmasına böyük töhfə verə bilərdi. Təəssüf ki, Türkiyə o illərədə yetərli gücə və nüfuza sahib deyildi.
Digər türkdilli dövlətlərin Dağlıq Qarabağ münaqişəsində sərgilədiyi münasibət eynən Türkiyəninki kimi idi. Bu dövlətlər Dağlıq Qarabağı Azərbaycanın “ayrılmaz hissəsi” saymaqla bizə dəstək verirdi. Ən sərt münasibəti isə Özbəkistanın birinci prezidenti İslam Kərimov göstərmişdi. O, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmayana qədər Ermənistan ilə Özbəkistan arasında diplomatik əlaqələrin olmayacağını bəyan etmişdi. Bir nəsnəni xatırladım ki, Azərbaycan xalqı münaqişə illərində əcnəbi dövlətlərin tutduğu mövqeyə çox həssas yanaşırdı. Milli oyanışı və özünüdərki bizimlə müqayisədə bir az ləng gerçəkləşən Orta Asiya türkdilli dövlətləri- Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın Ermənistanla münasibətinin necələyi ciddi müzakirələrə səbəb olurdu. Qırğızıstan prezidenti Əsgər Akayevin 1997-ci ildə Yerevanda rəsmi səfərdə olduğu zaman qondarma soyqırım abidəsini ziyarət etməsi Azərbaycan xalqının böyük bir kəsiminin qəzəbinə tuş gəldi. Orta Asiyanın türkdilli dövlətlərinin Dağlıq Qarabağ münaqişəsində tutduğu passiv mövqenin obyektiv səbəbləri vardı. Öncə qeyd olunmalıdır ki, əsrlərlə biri-birindən uzaq düşmüş türkdilli xalqların eyni kökdən olduğunu həzm etməsi belə asan bir şey deyildi. Bunun üçün illərə gərək vardı. SSRİ dağıldıqdan sonra Kremlin diqtəsi ilə çox sakit şəkildə Müstəqil Dövlətlər Birliyində cəm olmuş bu respublikaların hələ uzun müddət Rusiyasız yaşaya biməyəcəklərini təxmin edənlər, fikrimcə yanılmır...
Belə bir mürəkkəb vəziyyətdə beynəlxalq arenadada yalnız qalmış Azərbaycanın yeganə çıxış yolu diplomatik fəaliyyəti intensivləşdirməklə paralel ordu quruculuğuna önəmi artırmaq idi. Bu məqsədlə H. Əliyev həm ATƏT-in Minsk qrupunun həmsədrləri, həm də, Qərb dövlətlərinin rəhbərləri ilə görüşlər keçirməkdə davam etməyə qərarlı idi. O, digər tərəfdən neftdən gələn gəlirlərin əhəmiyyətli bir hissəsini silahlanmaya sərf etməklə ordunu mütəşəkkil hala gətirirdi. Və bütün görüşlərində Azərbaycan prezidenti torpaqların işğalda qalması ilə razılaşmayacağını deyirdi.
H. Əliyev 2001-ci il noyabr ayının 4-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə bu qurumun “əlindən bir iş gəlmədiyini” sarkazmla belə ifadə edir: Sizin də, bizim də bir məqsədimiz var: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək. Mən dünən fikirləşdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq 13 yaşı var. ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçibdir, məsələ həll olunmayıbdır. Əgər bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Ona görə də biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır. Biz sizdən çox şeylər gözləyirik. Mən belə güman edirəm ki, siz də bizdən gözləyirsiniz. Ancaq hesab edirəm, siz də, biz də - dəfələrlə bunu danışmışıq, - gərək bütün qüvvələrimizi, səylərimizi qoyaq ki, nəhayət bu məsələni həll edək. Son vaxtlar, xüsusən sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında baş vermiş dəhşətli terror hadisəsindən sonra dünyada çox böyük dəyişikliklər gedir. Ümumiyyətlə, son illərdə dünyanın iqlimini dəyişdirən beynəlxalq terrorizmdir. Beynəlxalq terrorizm də təcavüzkar separatizmlə çox sıx bağlıdır. Dünya bu dəhşətli hadisələrdən xilas olmalıdır. Əgər bu olmasa, onda gələcək daha da çətin olacaqdır. Bu baxımdan bizim region, yəni Cənubi Qafqaz regionu həqiqətən çox ağır vəziyyətdədir. Əgər iki Cənubi Qafqaz respublikası arasında 13 ildir münaqişə gedirsə və ATƏT kimi böyük hörmətə layiq beynəlxalq təşkilat Minsk qrupu yaradıbsa və 9 ildir bu qrup bir şeyə nail ola bilmirsə və biz də, yəni münaqişə tərəfləri də bu barədə bir razılığa gələ bilmiriksə, onda təbiidir ki, bu, çox narahatedici bir haldır. Bax, bunlara görə də biz sizinlə, yəni Minsk qrupunun həmsədrləri olan Rusiyanın, Amerikanın Birləşmiş Ştatlarının, Fransanın nümayəndələri ilə görüşləri həmişə çox səbirsizliklə və böyük ümidlərlə gözləyirik. Arzu edərdim ki, sizin bu səfəriniz zamanı heç olmasa, biz bir az irəliyə gedə bilək...
H. Əliyev bu sözləri ilə ATƏT-in Minsk qrupuna olan inamsızlığını ifadə etsə də, onlarla əməkdaşlıqdan əsla imtina etmirdi. Diplomatik savaşda məğlub olmaq Azərbaycanın durumunu olduqca ağırlaşdıra bilərdi. Azərbaycanın diplomatik siyasətdə yanlış addımı Dağlıq Qarabağ Respublikasının bir sıra ermənipərəst dövlətlər tərəfindən tanınması ilə sonuclana bilərdi. “Böyük Ernənistan” sevdası ilə yaşayan ermənilər bu qondarma respublikanın tanınması üçün dəridən-qabıqdan çıxsalar da heç bir nəticə əldə edə bilmədilər. H. Əliyevin prezidentliyi dönəmində yürüdülən düzgün xarici siyasət nəinki ermənilərin arzusnu gözündə qoydu, hətta Ermənistan özü dövlət olaraq Dağlıq Qarabağ Respublikasının müstəqilliyini rəsmən tanımaq fikrinə düşmədi.
Dünynı idarə edən devlərin qarşısında təzəcə ayaqları üstə dayanmağa nail olmuş bir dövlətin duruş gətirməsi, onların “qoltuğuna sığınmadan” müstəqil siyasət yeritməsi olduqca çətin bir işdir. H. Əliyev arxasında Kremlin erməni mafiyasının güclü təsiri olan Rusiya kimi giqant bir dövlətin və erməni lobbisinin “canbirqəlbdə” olduğu bəzi Qərb dövlətlərinin durduğu Ermənistandan işğaldakı ərazilərin danışıqlar yolu ilə mümkün olmayacağını çox gözəl bildiyindən xalqa belə xitab edirdi: “...mən belə hesab edirəm ki, biz böyük sülhə nail olub sülh şəraitində yaşayacağıq. Amma eyni zamanda, bir də deyirəm, biz torpağımızın bir qarışını da, bir metrini də heç vaxt heç kəsə verməyəcəyik. Biz bütün qonşularımızla sülh şəraitində yaşamaq istəyirik. Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqillıyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir...”
H. Əliyev əgər Azərbaycanın yenidən Rusiyanın müstəmləkəsinə çevrilməsinə razılıq versəydi, yəni, Rusiya ordusunu Dağlıq Qarabağ münaqişəsini nizama salmaq üçün Azərbaycana dəvət etsəydi, problem həllini tapacaqdı. Dağlıq Qarabağa Kremlin erməni mafiyasının təzyiqi ilə Moskva ən yüksək status verərək müharibəni dayandıracaqdı. 1993-cü ildə Ə. Elçibəy rus ordusunu Azərbaycandan çıxaranda bilirdi ki, Kreml onun hakimiyyətinə son verəcək. Buna baxmayaraq, Ə. Elçibəy Azərbaycanın suverenliyini vəzifə kreslosundan üstün saydı. H. Əliyev də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya ordusunu Azərbaycana dəvət etmədiyi üçün bu problemi həll edə bilməyəcəyini yaxşı bilirdi. Buna vaxmayaraq, H. Əliyev rus ordusunun yenidən Azərbaycana girməsinə izn vermədi. Məhz bu addımı ilə H. Əliyev müstəqil Azərbaycan dövləti qarşısında ən böyük xidmətini etmiş oldu. H. Əliyev hakimiyyətə gələndə suveren Azərbaycanın iki yaşı belə yox idi. O dünyasını dəyişəndə Azərbaycan 12 yaşındaydı. Müstəqil Azərbaycanın bir dövlət olaraq bu yaşa çatmasında onun müstəsna rolu oldu. Azərbaycana dövlətçilik prizmasından baxan hər bir şəxs H. Əliyevin dövlət üçün etdiklərinin əhəmiyyətini dərk edir. H. Əliyev Azərbaycan dövlətinin müstəqil qalması üçün gərəkən bütün addımları atdı. Azərbaycan Dövlətinin inkişafında, oturuşmuş bir dövlətə çevrilməsində onun müstəsna rolu var. O, işğaldakı torpaqları azad etmək üçün bütün imkanlarından istifadə etdi. Ancaq obyektiv səbəblər onun bu məqsədə çatmasına əngəl oldu. O, təbiətcə qarşısına qoyduğu bütün işlərin öhdəsindən gəldi. H. Əliyevə təkcə vətən torpaqlarını işğaldan azad etmək nəsib olmadı. Məhz buna rəğmən 2003-cü il prezident seçkilərindən əvvəl Heydər Əliyev xalqa müraciətində bunları dedi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, İlham Əliyevi dəstəkləməyə çağırıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Alman filosofu Şopenqauerin belə bir deyimi var: Dahi şəxsiyyəti istedadlı insanlardan fərqləndirən cəhət odur ki, istedadlı insan heç kimin vura bilmədiyi hədəfləri vuran, dahi şəxsiyyət isə heç kimin zamanında görə bilmədiyi hədəfləri vuran insandır.Bu deyimi tam olaraq H. Əliyevə şamil etmək olar.
HAŞİYƏ- Dövlət başçısı olaraq xidməti az olanın da, çox olanın da Azərbaycan tarixində öz səhifəsi vardır. O səhifələr üzərində kiminsə manipulyasiya aparması tarixin saxtalaşdırılmasıdır. Obyektiv tarix toplumun formalaşmasında önəmli rol oynayır. Faktların təhrif olmadığı tarix cəmiyyətin həqiqəti dərk etməsinə yardım edir. O fikirdəyəm ki, hər bir dövlət başçısının Dövlət üçün, dövlətçiliyin inkişafı üçün etdiklərindən xalq xəbər tutmalıdır. Heç bir dövlət başçısı dövlətinin, millətinin düşməni deyil və ona xəyanət etməz. Sadəcə, səriştəli və səriştəsiz, uzaqgörən və uzağı görə bilməyən dövlət başçıları olur. Dönüb tariximizə baxanda uzağı görə bilməyən nə qədər hökmdarımızın olduğu ortaya çıxır. Hökmdarın uzaqgörən olmamasının nəticəsidir ki, “Azərbaycan” adında dövlət qura bilmədik. Elə buna görə də dövlətin mahiyyətini, önəmini qavramaqda zorluq çəkdik. 200-300 il əvvəl Azərbaycan dövlətini qurmağa müvəffəq olsaydıq, bugünkü Azərbaycan dünyanın qüdrətli dövlətlərindən biri idi. Min təəssüf ki, qura bilmədik...
Ayaz Mütəllibov Qanlı 20 Yanvar faciəsindən sonra hakimiyyətə gəldi. Azərbaycan matəm və dərin iqtisadi içərisindəydi. Xocalı qətliamı A. Mütəllibovun sonunu gətirdi. Əbülfəz Elçibəyin iqtidara gələndə Azərbayanda çox mürəkkəb vəziyyət hökm sürürdü. Torpaqlar işğal olunur, erməni silahlı qüvvələrinə adekvat cavab verəcək ordu formalaşmamışdı. H. Əliyev Azərbaycan tarixinin ən ağır dövründə hakimiyyətə gəldi. Vətəndaş müharibəsi, siyasi-iqtisadi böhran, dövlətin parçalanması qapının astanasında dayanmışdı. Hakimiyyət İlham Əliyevə keçəndə isə artıq Azərbaycanda sabitlik hökm sürürdü, nizami ordu yaradılmışdı, iqtisadiyyat intensiv inkişaf edirdi, beynəlxalq aləmdə dövlətin nüfuz səviyyəsi yüksəlirdi. Tək ciddi problem Dağlıq Qarabağ və işğaldakı torpaqlarımız idi.
Hakimiyyətin atadan oğula keçməsi daxildəki müxalif qüvvələr və özünü “demokratiyanın ata-anası” sayan bəzi dövlətlər tərəfindən ciddi tənqidə məruz qalsa da, zaman göstərəcəkdi ki, bu tip hakimiyyət dəyişikliyi Azərbaycan dövləti üçün heç bir təhlükə törətməməklə yanaşı onun nüfuzuna da ciddi təsir etmədi. Azərbaycanda keçirilən seçkilər, demokratiyanın durumu, insan haqlarının vəziyyəti və sosial siyasət barədə ayrıca bir bölümdə bəhs olunacağından bu nəsnələr barədə hələlik nəsə yazmaq fikrində deyiləm. Önəmli olan Azərbaycan Dövlətinin İlham Əliyevin prezidentliyi ilə haradan haraya gəlməsindədir. Qeyd etdik ki, İ. Əliyevə Dağlıq Qarabağ və işğaldakı torpaqlar istisna olmaqla problemsiz bir Azərbaycan miras qaldı Heydər Əliyevdən. İ. Əliyev də atası H.Əliyevin siyasi kursunu davam etdirəcəyini bəyan edərək fəaliyyətə başladı. Eynən atası Heydər Əliyev kimi İlham Əliyev xarici siyasətdə çoxvektorluluğu seçdi və dünya dövlətləri ilə ikitərəfli əməkdaşlığı davam etdirdi. Onun üçün prioritet təbii ki, ilk növbədə Dağlıq Qarabağ və işğaldakı torpaq probleminin həlli və buna nail olmaq üçün beynəlxalq əlaqələri genişləndirməklə yanaşı iqtisadiyyatın qalxınmasına nail olmaq idi. Qarşıda İ. Əliyevi olduqca çətin problemlərin həlli gözləyirdi. Ancaq onun aşacağı maneələri asanlaşdıran bir nüans vardı. Bu da ondan ibarət idi ki, gediləcək yolun cizgiləri H. Əliyev tərəfindən artıq çəkilmişdi. Hansı dövlətlərin Azərbaycana qarşı səmimi və ya qeyri-səmimi münasibət bəslədiyini, hansı dövlətin dost, hansının düşmən mövqeyində dayandığını müəyyən etmək İlham Əliyev üçün çətinlik törətmirdi. Başqa sözlə Azərbaycan dövlətinə qarşı səmimi və qeyri-səmimi olanları, dost və düşmən mövqedə dayananları müəyyən etmək üçün zaman itirməyə ehtiyac qalmırdı. Kəsəsi, İlham Əliyev üçün Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın, İranın və Qərbin tutduğu mövqedə qaranlıq bir məqam yox idi. Xüsusən ATƏT-in Minsk qrupunun fəaliyyətinin mahiyyətində münaqişənin xroniki formaya keçdiyininin dayandığını görürdü, İlham Əliyev. Bütün bu bilgilərinə rəğmən o adı çəkilən dövlətlərlə və ATƏT-in Minsk qrupu ilə əməkdaşlığını daha da intensivləşdirməkdə israrlı idi.
İlham Əliyev H. Əliyev tərəfindən təməli qoyulmuş iqtisadiyyat və konturları cızılmış xarici siyasət maşınının daha da effektiv çalışmasına nail olmalı idi. Və bunu başardı da. O, Dağlıq Qarabağ münaqişəsinin həllində iqtisadi qalxınmanın nə qədər önəmli rol oynayacağını bildiyi üçün Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması istiqamətində fəaliyyəti intensivləşdirdi. Dövlətin təbii sərvətlərdən əldə edəcəyi gəlir dövlətin bütövlüyünün təmin olunması üçün əhəmiyyətli rol oynmalıydı. Neft gəlirləri sayəsində daha mükəmməl silahların alınmasına ehtiyac duyulurdu.
HAŞİYƏ- Kremlin erməni mafiyasının başlatdığı Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğala məruz qalan Azərbaycanın Beynəlxalq təşkilatların dəstəyinə böyük ehtiyacı vardı.
BMT-dən başlayaq.
Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən dərhal sonra - 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət etdi. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edildi. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırıldı. Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində atılmış mühüm addım idi. Sovet İttifaqının tərkibində olarkən rastlaşdığı problemlərin həlli üçün Kremldən ədalətli qərar gözləyən Azərbaycan müstəqillikdən sonra gözünü Nyu-Yorka- Birləşmiş Millətlər Təşkilatına dikəsi oldu. Dövlət də, xalq da Kremldən fərqli olaraq BMT-nin daha ədalətli olacağına ümid edirdi. Odur ki, Azərbaycan əhalisi Birləşmiş Millətlər Təşkilatının torpaqların işğalına rəğmən qəbul etdiyi qətnamələri sevinclə qarşılayırdı. Xalq inanırdı ki, bu qətnamələrin qəbulundan sonra erməni işğalçıları geri çəkiləcək və hətta münaqişəyə biryolluq son qoyulacaq. Adətən, mətbuatda bu qətnamələr haqqında söhbət düşəndə onların tam mətni yox, sadəcə, nömrələri xatırlanır. Lütfən, əvvəlcə BMT TŞ-nın qəbul etdiyi 4 qətnamənin- 822, 853, 874 və 884 nömrəli qətnamələrin tam mətni ilə tanış olun:
BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il 822 saylı Qətnaməsi.
1. Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının sədrinin 29 yanvar 1993-cü və 6 aprel 1993-cü il tarixli Dağlıq Qarabağ haqqında olan bəyanatlarına istinad edərək;
2. Baş Katibin 15 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası əlaqələrinin pozulmasına görə öz ciddi narahatlığını bildirərək;
4. hərbi silahlı əməliyyatların qızışdırmasını və o cümlədən yerli erməni qüvvələrinin Kəlbəcər rayonuna soxulması ilə əlaqədar narahatlığını qeyd edərək;
5. Bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranması, mülki əhalinin kütləvi yerdəyişməsi, regionda, o cümlədən Kəlbəcər rayonunda fövqəladə humanitar vəziyyətilə əlaqədar öz ciddi narahatlığını bildirərək;
6. bu regionda olan bütün dövlətlərin ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün silahlı qüvvələrin istifadə etməyin yolverilməzliyini bir daha təsdiq edərək;
7. ATƏT çərçivəsində keçirilən sülh danışıqlarını dəstəklədiyini bəyan edərək və hərbi əməliyyatların qızışdırılması, bunun ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı narahatlığını bildirərək:
1) Dayanaqlı atəşkəsin əldə olunması üçün bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının hökmən dayandırılmasını, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş rayonlarından çıxarılmasını tələb edir;
2) Maraqlı tərəfləri münaqişəni ATƏT-in Minsk qrupu prosesinin çərçivəsində sülh yolu ilə həll etmək üçün danışıqları bərpa etməyə və problemin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətə yol verməkdən çəkinməyə çağırır;
3) Bu regionda həmçinin münaqişənin toxunulduğu rayonlarda mülki əhalinin əzab-əziyyətlərinin azaldılması üçün aparılan humanitar yardımın göstərilməsinə əlaqədar olan beynəlxalq fəaliyyətin maneəsiz keçməsini təmin edilməsinə çağırır və tərəflərin Beynəlxalq Humanitar Hüququn prinsiplərinə və normalarına əməl olunmasının məcburiliyini təsdiq edir;
4) Baş Katibdən hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda və həmçinin Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətin qiymətləndirilməsini və sonradan Şuraya məruzə edilməsini xahiş edir;
5) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
BMT-nin Təhlükəsizlik Şurasının 853 saylı Qətnaməsi
Qətnamə 853
29 iyul 1993-cü il
Təhlükəsizlik Şurası,
1. 30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək;
2. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun Sədrinin 1993-cü il 27 iyul tarixli məruzəsini (S/26184) nəzərdən keçirərək;
3. Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək;
4. Tərəflərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər planını qəbul etməsini alqışlayaraq;
5. Hərbi əməliyyatların genişlənməsini və, xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək;
6. Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsi ilə əlaqədar narahat olaraq;
7. Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatçılığını ifadə edərək;
8. Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək;
9. Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək:
1.Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir;
2.Bundan başqa regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir;
3. hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir;
4. Tərəfləri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət etməyə çağırır;
5. Yuxarıdakı 3 və 4-cü maddələr kontekstində regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırışlarını bir daha təkrar edir.
6. 822 saylı (1993) qətnamənin həyata keçirilməsi səyləri də daxil olmaqla, ATƏM-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə nail olmaq üzrə davam edən səylərini bəyənir, və hərbi əməliyyatların genişlənməsinin bu cəhdlər üçün doğurmuş dağıdıcı nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir;
7. Yerləşdirilməsi cədvəli ilə ATƏM-in müşahidə missiyasının hazırlanmasını, həmçinin Müşavirənin regionda iştirakının təmin edilməsi təklifinin Müşavirə çərçivəsində nəzərdən keçirilməsini alqışlayır;
8. Tərəfləri münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən çəkinməyə, və ATƏM-in Minsk qrupu çərçivəsində, həmçinin birbaşa əlaqələr vasitəsilə məsələnin qəti həllinin əldə edilməsi məqsədilə onlar arasında danışıqları davam etdirməyə təkidlə çağırır;
9. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 saylı (1993) qətnamənin və hazırkı qətnamənin müddəalarına riayət edilməsi və bu tərəfin ATƏM-in Minsk qrupunun təkliflərini qəbul etməsi məqsədilə Ermənistan Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır;
10. Dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə çağırır;
11. Mülki əhalinin artan əzablarını yüngülləşdirmək məqsədilə, regionda, xüsusilə münaqişəyə məruz qalmış bütün rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz təmin edilməsinə bir də çağırır, və bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını bir daha təsdiq edir;
12.Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardım göstərməyi və qaçqın düşmüş şəxslərin öz evlərinə qayıtmalarına kömək göstərməyi xahiş edir;
13. Baş Katibdən ATƏM-in Fəaliyyətdə olan Sədri, həmçinin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə vəziyyət barədə Şuraya məruzələr təqdim etməsinin davam etdirilməsini xahiş edir;
14.Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır
BMT-nin Təhlükəsizlik Şurasının 874 saylı Qətnaməsi
14 oktyabr 1993-cü il
1. Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurası Sədrinin Şuranın adından verdiyi bəyanata (S/26326) əsaslanaraq;
2. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktubunu (S/26522) nəzərdən keçirərək;
3. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək;
4. 8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək, və bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə töhfə verəcəyinə dair ümidlərini ifadə edərək;
5. Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək;
6. Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək;
7. Münaqişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi fövqəladə humanitar vəziyyətlə əlaqədar, və xüsusilə Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi ilə əlaqədar özünün ciddi narahatçılığını bir daha ifadə edərək:
1) Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır;
2) ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir;
3) 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə çıxarılan və Minsk qrupunun doqquz digər üzvünün hərtərəfli dəstəyi ilə Qrupun Sədri tərəfindən maraqlı tərəflərə təqdim olunan “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəli”ni3 alqışlayır və tərəflərin diqqətinə çatdırır, və tərəfləri onu qəbul etməyə çağırır;
4) Münaqişədən irəli gələn və Yeniləşdirilmiş cədvəldə bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll olunmamış məsələlərin Minsk prosesi kontekstində sülh danışıqları vasitəsilə tezliklə həll edilməsi vacibliyinə əmin olduğunu ifadə edir;
5) Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun Yeniləşdirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata keçirilməsinə çağırır;
6) ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, Yeniləşdirilmiş cədvəldə nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə həll edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk konfransının keçirilməsinə çağırır;
7) Baş Katibdən ATƏM-in Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək dəvətinə müsbət cavab verməyi və Konfransın açılmasından sonra mətləbə dair başlanan danışıqlara bütün mümkün kömək göstərməyi xahiş edir;
8) ATƏM tərəfindən yaradılmış müşahidəçilər missiyasını dəstəkləyir;
9) Bütün tərəfləri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır və münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) saylı qətnamələrindəki çağırışlarını təkrar edir;
10) Regionda bütün dövlətləri münaqişənin genişlənməsinə gətirib çıxaran və regionda sülh və təhlükəsizliyi pozan hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırır;
11) Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın göstərilməsini və qaçqınlara və məcburi köçkünlərə təhlükəsiz şəraitdə və ləyaqətlə öz evlərinə qayıtmağa köməklik edilməsini xahiş edir;
12) Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk Konfransının Sədrindən,
Minsk prosesinin gedişi və yerdə vəziyyətin bütün aspektləri və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdirməyi xahiş edir;
13) Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.
BMT-nin Təhlükəsizlik Şurasının 884 saylı Qətnaməsi
12 noyabr 1993-cü il
1. Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək;
2. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək;
3. ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri ( S/26718) nəzərə alaraq;
4. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək;
5. Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək;
6. Azərbaycan Respublikasının və regionda digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək;
7. Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək;
8. Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək:
1. Tərəflər arasında əldə edilmiş atəşkəsin pozulması nəticəsində hərbi əməliyyatların yenidən başlanmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;
2. Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;
3. ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir;
4. Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;
5. Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə “Yeniləşdirilmiş cədvəl” kontekstində münaqişənin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;
6. Regionda olan bütün dövlətləri münaqişənin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır;
7. Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir;
8. Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk Konfransının Sədrindən Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrin təqdim olunmasının davam etdirilməsini xahiş edir.
9. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.
Bu dörd qətnamənin dördündə də Birləşmiş Millətlər Təşkilatı torpaqlarımız işğalını pisləyir, Ermənistandan Dağlıq Qarabağdakı erməni silahlılarına yardım etməməyi, işğal olunmuş ərazilərin geri qaytarılmasını tələb edir. Zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsini, məcburi köçkünlərin öz dədə-baba yurduna dönməsi üçün şərait yaradılmasını, atəşkəsin saxlanmasını tövsiyə edir. Qətnamələrdə ilginc olan iki detalı xatırlatmaq istərdim. 1. Bütün qətnamələrin belə bir cümlə ilə tamamlanır: Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi (BMT özünü nəzərdə tutur) qərara alır. 2. Heç bir qətnamədə BMT münaqişənin həlli üçün bölgəyə özünün sülhməramlı qüvvələrini yeritmək barədə bir şey demir. Nə hasil olur buradan? Birinci o hasil olur ki, BMT “məsələ ilə fəal şəkildə məşğul olmağı” üzərinə götürməklə proseslərin uzanacağına işarə edir. İkincisi, bir tərəfdən BMT münaqişə bölgəsinə özünün səlahiyyətində olan sülhməramlı qüvvələri yerləşdirmək barədə tezis ortaya atmamaqla konfliktin həllində acizliyini ortaya qoyur. Digər tərəfdən isə Dağlıq Qarabağ münaqişəsinin həllinin Kremldən asılı olduğunu etiraf edir. Sadə dillə desək, Birləşmiş Millətlər Təşkilatı Kremldən çəkindiyi üçün qətiyyətli addımlar ata bilmir. BMT-nin bu qətnamələrində Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq etməsindən başqa hüquqi yükü olan ciddi maddəyə rast gəlmək mümkün deyil.
ATƏM-ATƏT.
Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.
1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu.
Fevralın 27–28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.
1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.
Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8–10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.
20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur. 5–6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmiləri olan ümumavropa təşkilatına – ATƏT-ə çevirilmişdir.
ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunaraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.
1994-cü il dekabrın 5–6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmiş, Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995–1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etdi. 1997-ci il yanvar ayının 1-dən ATƏT-in Minsk qrupuna həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq etməyə başladı. 1997–1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilmədi.
Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" həlli idi. Bu təklifdə Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu.
1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tuturdu.
1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi…
ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv addımlar ata bilmədi və heç ata da bilməzdi. Nədən ki, qrupun 3 həmsədrindən ikisi- Rusiya və Fransanın Azərbaycana qarşı obyektiv münasibəti əsla mümkün deyildi. Kremldəki erməni mafiyası və Fransadakı erməni lobbisi bu qrupun heç bir vaxt ədalətli qərar verməsinə izn verməzdi. ATƏT-in Minsk qrupunun erməni təəssübkeşliyi münaqişənin uzun illər davam etməsinə gətirib çıxardı.
Azərbaycan 30 ilə yaxın 28 ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Lakin bunların nəinki heç biri olmadı, hətta işğalçı dövlətə BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, təzyiq göstərilmədi. Onlar rəsmi İrəvana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, ölkənin işğalçılıq siyasətini gözardı etdilər. Qurum, həmçinin münaqişənin hərbi həll yolunu inkar edərək düşmənin işğalçılıq siyasəti nəticəsində yaradılmış "status-kvo"nu Azərbaycana qəbul etdirməyə çalışdı.
Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun fəaliyyətindən Azərbaycan xalqı heç bir fayda görmədi. Tək bir nəfərdən başqa. Azərbaycan Milli Məclisinin rəhbərlərindən biri bu ölü təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolundan dissertasiya müdafiə edərək alimlik dərəcəsi aldı. Maraqlananlar internetdən axtarış edə bilər…
Təbii ki, BMT-nin və ATƏT-in Minsk qrupunun Azərbaycana yönəlik sərgilədiyi ikili standartdan prezident İlham Əliyev tam xəbərdar idi. Onların Dağlıq Qarabağın statusunu müəyyən etmək üçün canfəşanlıq etməsi heç də təsadüfdən doğmurdu. Ortada Azərbaycana qarşı intensiv mübarizədə olan Kremlin erməni mafiyası və Qərbin erməni lobbisi vardı. İlham Əliyev işğal altındakı ərazilərin azad olmasının kimdən asılı olduğunu, münaqişənin nədən xroniki hala keçirildiyini də gözəl bilirdi. Belə bir durumda beynəlxalq institutlarla münasibətlərin gərginləşməsi Azərbaycan üçün arzuolunmaz fəsadlar verə bilərdi. Odur ki, İlhm Əliyev eynən Heydər Əliyev kimi ATƏT-in Minsk qrupuna təmkinlə yanaşır, onları mütəmadi olaraq qəbul edir və problemin danışıqlar yolu ilə həlli üçün Ermənistan prezidentləri ilə həmsədrlərin müəyyən etdiyi məkanlarda görüşürdü. İ. Əliyev Ermənistan prezidentləri- R. Koçaryan və Serj Sarkisyanla münaqişəni yoluna qoymaq üçün düz 29 dəfə görüşdü. Bu görüşlərdən İlham Əliyev heç bir nəticə gözləmirdi. Ona görə ki, Ermənistan prezidentləri söz sahibi olmadıqlarından müstəqil qərar vermək iqtidarında deyildi. Onlar Kremldəki erməni mafiyasının, Qərbdəki erməni lobbisinin və Daşnaksütün partiyasının diqtəsi ilə hərəkət etdiklərindən xalqın adından danışa bilməzdi. Ermənilər nəyin bahasına olursa-olsun Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışırdı. 1997-ci ildə Kremlin Ermənistana hədiyyə etdiyi 1 milyard dollarlıq silah-sursat ermənilərin dilini uzun etmişdi. Ermənilər Dağlıq Qarabağla bağlı heç bir təklifə pozitiv yanaşmır, bu torpağı özlərinin dədə-baba yurdu kimi qələmə verirdi. Onlar şərt qoyurdular ki, işğal etdikləri 7 rayonu Dağlıq Qarabağın statusu istədikləri şəkildə müəyyən olunduqdan, yəni, qondarma respublikanın müstəqilliyi Azərbaycan tərəfindən tanındıqdan sonra azad edəcəklər. Ermənistan Azərbaycanın geri addım atacağına ümid edirdi. Lakin ermənilərin bu sayıqlamalırına İlham Əliyev 2008-ci il oktyabrın 24-də ikinci inaqurasiyasında çox sərt şəkildə münasibət bildirdi. O, bunları dedi: "Qarabağ heç bir zaman müstəqil olmayacaqdır. Azərbaycan bunu heç bir zaman tanımayacaqdır. Nə 5 ildə, nə 10 və ya 20 ildə, heç vaxt."
Atalar, “arxalı köpək qurd basar” deyib. Rusiyaya güvənən ermənilər zənn edirdilər ki, Azərbaycan torpaqlarını işğal etməklə “Böyük Ermənistan” yaratmağa nail olacaqlar…
DÖVLƏT 33 İL ƏVVƏL VƏ BU GÜN
MÜQAYİSƏLƏR
- 33 il əvvəl Azərbaycan SSRİ adlı imperiya dağıldıqdan sonra ikinci dəfə müstəqilliyinə qovuşdu. 1918-ci ilin may ayının 28-dən 1920-ci ilin aprel ayının 28-dək 23 ay müstəqil dövlət kimi yaşamaq nəsibi olmuş Azərbaycanın ikinci müstəqilliyi ağır və mürəkkəb bir dövrə təsadüf etdi. Yeni doğulmuş Azərbaycan dövlətini beşiyində boğmaq üçün Kremldəki erməni mafiyası, Qərbdəki erməni lobbisi, millətçi ermənilər və Daınaksütün partiyası hərəkətə keçmişdi. Bütövlükdə Dağlıq Qarabağ Muxtar Vilayəti və daha altı rayonumuz, başqa sözlə, Azərbaycan ərazilərinin yüzdə 20 faizi işğal olundu. Ermənilər 900 yaşayış məntəqəsini zəbt etdi, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdıldı. Ermənistandan qovulmuş soydaşlarımız əsrlərlə yaşadığı 380 kənddən vəhşicəsinə çıxarıldı. Azərbaycana təxminən 50 milyard ABŞ dollarından artıq məbləğində ziyan vuruldu. Maddi ziyandan qat-qat ağır olanı qürurumuza vurulmuş zərbə idi. Ermənistan ərazisində yaşayan soydaşlarımız və işğaldakı rayonlarımızdan qaçqın düşmüş toplam 1 milyona yaxın insan Azərbaycanın şəhər və rayonlarına sığınmışdı. 1 milyona yaxın insanımız qeyri-insani şərtlər altında yaşamağa məhkum oldu. Minlərlə soydaşımız erməni silahlıları tərəfindən qətlə yetirildi, Azərbaycanın ürəyinə “Xocalı” dağı çəkildi.
- 33 il əvvəl rus ordusunun tam dəstəyi ilə torpaqlarımızı işğal edən erməni silahlı qüvvələrinə adekvat cavab vermək iqtidarında deyildi. Azərbaycan. Nədən ki, nizami ordu yox idi
- 33 il əvvəl Azərbaycan iqtisadiyyatı tənəzzül dövrünü yaşayırdı. Zavod və fabriklər ard-arda bağlanır, kütləvi işsizliyin səviyyəsi günbəgün yüksəlməkdə idi. Ən önəmli təbii sərvətimiz olan neft və qazın dünya bazarına çıxarılmasına nail ola bilmrdik. Xarici şirkətlər Azərbaycaa investiya qoymaq istəmirdi. Dünya Bankı Azərbaycana kredit belə vermirdi. Əhali ərzaq qıtlığı ilə qarşı-qarşıya qalmışdı. Taxıl az olduğu üçün çörək zavodlarının belə bir neçəsi fəaliyyətini dayandırdığında insanlar bir kilo çörək almaq üçün saatlarla növbəyə dayanırdı. Zəruri ərzaq mallarına-yağa, ətə talon sistemi tətbiq edilmişdi.