Cənubi Koreya prezidenti həbs ediləcəkmi?

Koreya Respublikasının Yüksək vəzifəli şəxslər arasında korrupsiya ilə mübarizə idarəsinin (CIO) müstəntiqləri prezident iqamətgahında mühafizə xidməti ilə qarşıdurmadan sonra ölkə başçısı Yun Sok Yolun həbs orderinin icrasını dayandırmaq qərarına gəliblər.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə "News1" agentliyi xəbər yayıb.

Bildirilir ki, CIO həbs orderinin icra edilə bilməyəcəyi barədə qərar qəbul edib.

Həmçinin polis Cənubi Koreya prezidentinin iqamətgahında həbs cəhdi zamanı itaətsizliyə görə hələ heç kimi həbs etməyib.

Cənubi Koreya Prezidenti Yun Sok Yolun vəkili onun həbsinə cəhd edənləri hüquqi tədbirlərlə hədələyib.

Lim10.az bildirir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, prezidentin müdafiəçisi həbs orderini qanunsuz və saxta hesab etdiyini bildirib.

Yun Sok Yolun tərəfdarları prezidentin iqamətgahının qarşısında toplaşıblar. Yüksəkvəzifəli şəxslərin korrupsiya işi ilə əlaqəli istintaq idarəsinin müstəntiqləri və polislərdən ibarət 20 nəfər tərəfdarların və həbsə mane olmağa çalışan hərbçilərin sıralarını yararaq, vəzifəsindən müvəqqəti kənarlaşdırılmış Yun Sok Yolun iqamətgahına keçə biliblər.

Asayişi qorumaq üçün oraya 2 700 polis göndərilib.

Xatırladaq ki, 2024-cü il dekabrın 3-də Prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya casusluqda günahlandıraraq respublikada hərbi vəziyyət elan edib. Bir neçə saat sonra hərbi vəziyyət ləğv olunub. Dekabrın 14-də parlament ölkə başçısına impiçment elan edib.