Bayden ABŞ-dəki terror hücumları mövzusunda çıxışına zarafatla başladı

ABŞ-nin hazırkı Prezidenti Co Bayden Nyu-Orlean və Las-Veqasdakı terror aktlarından sonra ilk dəfə ictimai bəyanatla çıxış edib, lakin nitqindən əvvəlki hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Lim10.az-ın verdiyi məlumata görə, onun çıxışını yanvarın 3-də Ağ Ev yayımlayıb.

Kadrlardan görünür ki, Bayden xalqına Yeni ilin ilk günlərində ölkəni sarsıdan hadisə ilə bağlı müraciətinə başlayarkən gözlənilmədən zarafat edib.

"Əminəm ki, siz mənim nəhayət gəldiyimə görə əl çalırsınız", - deyə o bildirib.

Bu sözlər zalda gülüşə səbəb olub.

Bundan sonra Bayden ciddi məsələlərə keçib və Ağ Evin Situasiya otağında Müdafiə Nazirliyi, həmçinin kəşfiyyat xidməti ilə faciəli hadisələrin müzakirə edildiyini bildirib.

Kadrlar sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub. Bəzilər onun bu zarafatını yersiz adlandırıb, digərləri isə Baydenin belə hərəkətlərinin gözlənilən olduğunu bildiriblər.

Xatırladaq ki, Yeni il gecəsi Nyu-Orleanda, Burbon küçəsində şəxs sonra avtomobildən düşərək atəş açmağa başlayıb. Hüquq-mühafizə orqanları cavab atəşi ilə onu məhv ediblər. Son məlumatlara görə, 10-dan çox insan həlak olub, 35 nəfər xəsarət alıb. Hadisə yerində partlayıcı qurğular aşkar edilib.

Yanvarın 1-də Las-Veqasda ABŞ-nin seçilmiş prezidenti Donald Trampın hotelinin yanında elektromobili yanıb, daha sonra partlayıb. Hadisə nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.