Salyanda vahiməli və "cəsarətli" oğrular peyda olub
Yenikənd sakinləri gecələr arzuolunmaz "qonağın" səksəkəsindədir
Yenikənd sakinləri gecələr arzuolunmaz "qonağın" səksəkəsindədir
Təxminən 10 gündür ki, Salyanın Yenikənd kənd sakinləri bir qrup qarətçilərin hücumuna məruz qalırlar. Onlar kənddəki evlərə bir qayda olaraq gecələr hücum edirlər.
Bəli, səhv başa düşmədiniz, gecələr bir qrup maska geyinərək cəsarətlə evlərə daxil olur və mənzilləri qarət edir.
Baş verən hadisələri yalnız hücum və qarət kimi dəyərləndirmək mümkündür.
Qarətçilər maskalı şəkildə əsasən qənimət ələ keçirmək ehtimalı olan evləri hədəf seçirlər. Kənddən verilən məlumata görə, məktəb direktoru, market sahibi, mal qarasını yenicə satmış kənd sakini və daha bir neçə şəxs çağırılmamış "qonaqların" hədəfinə tuş gəliblər.
Qarətçilərin əldə etdikləri qənimətlərlə kifayətlənməyərək, evdə oyaq olan ev sahiblərinə xəsarət yetirmələri kənddə vahimənin miqyasını bir qədər də genişləndirir.
Artıq iki nəfər kənd sakini xəstəxanaya müalicəyə alınıb.
Təəssüflər olsun ki, Salyan rayon hüquq mühafizə orqanları ötən müddət ərzində qarətçiləri müəyyənləşdirə və məsuliyyətə cəlb edə bilməyiblər.
Çox pis tendensiyadır və cəzasızlıq mühiti belə cinayətlərin miqyasını genişləndirə bilər.
Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən bildirildi ki, məsələ araşdırılaraq, nəzarətə götruləcək və gərəkən bütün tədbirlər ən qısa zamanda görüləcək.
Bununla belə Yenikənddə baş verənlərin qısa xülasəsini nazirin poçt ünvanına da göndərdik. Ümid edirik ki, yaxın günlərdə Yenikənd sakinləri həyəcansız və normal həyata qayıdacaq.
Dəniz