Prezident: "İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik"

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.

Lim10.az AZƏRTAC-a istinadən məlumat verir ki, bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib:

"Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub".

Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib: "İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik".