AZAL-ın təyyarəsinin "qara qutu"ları yekun rəy verilməsi üçün Braziliyadan Qazaxıstana gətirildi
Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib.
Lim10.az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" məlumat verib.
Məlumata görə, qutular faciənin səbəbləri ilə bağlı yekun rəy verilməsi üçün komissiyaya təhvil verilib.
Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanından fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində bildirib ki, Azərbaycan insident ilə bağlı üç şərt irəli sürüb: Rusiya tərəfi üzr istəməli, günahını etiraf etməli, həmçinin bütün təqsirkarları məsuliyyətə cəlb etməli və Azərbaycana, zərərçəkənlərə, ölən sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir.