Sankt-Peterburqda ad günündən qayıdanlar gölə "uçdular": Sərnişinləri buzların içindən çıxardılar
Rusiyanın Sankt-Peterburq şəhərində "Range Rover" yolsuzluq avtomobili Fontanka çayının sahilindən uçaraq buzlu suya düşüb.
Lim10.az-ın xəbərinə görə, bu barədə Fontanka.ru məlumat verib.
Bildirilib ki, yanvarın 18-də Nikolski prospekti ilə hərəkət edən avtomobil sahil hasarına çırpılıb və suya düşüb. Maşında iki kişi və bir qadın olub. Onlar özləri maşından çıxa biliblər və yoldan keçənlər, xilasedicilər və yol polisi əməkdaşları tərəfindən sahilə qaytarılıblar. Avtomobilin çaydan çıxarılması üçün hadisə yerinə ixtisaslaşdırılmış yanğınsöndürmə-xilasetmə hissəsinin avtokranı gətirilib.
Hadisə şahidlərinin sözlərinə görə, ad günü məclisindən çıxan sürücü "Range Rover"i yüksək sürətlə idarə edirmiş. Videodakı görüntülərdə qadın yıxılmadan buzun üstü ilə addımlaya bilib, lakin yoldaşlarından biri suya düşüb. Digər kişi qismən su altında qalan avtomobilin üzərinə çıxmağa müvəffəq olub və o biri kişinin suyun üzərində qalmasına kömək edib.
Nəticədə hər üçü sağ-salamat sahilə çıxarılıb.