Hulusi Kılıç: "Hakan Fidanın Azərbaycana səfəri zamanı bütün dünya qardaşlığımızı bir daha gördü"
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edib. Səfər çərçivəsində Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Bu görüşlərdə ikitərəfli əlaqələr və beynəlxalq hadisələrlə bağlı mühüm mesajlar verilib.
Məsələ ilə bağlı İMZA Sosial İnkişafa Dəstək QHT-nin Türkiyə təmsilçisi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Lim10.az-a açıqlama verib.
O, bütün dünyanın ölkələrimizin yenidən bir araya gəlməsinin şahidi olduğunu vurğulayıb:
"Hakan Fidanın Azərbaycana səfəri zamanı bütün dünya qardaşlığımızı bir daha gördü".
Görüşlərdə TANAP vasitəsilə Avropaya nəql edilən qazın həcminin və ixrac edən ölkələrin sayının artırılması, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Qars-Naxçıvan dəmir yolu xətti layihəsi və İğdır-Azərbaycan dəmir yolu xətti ilə nəqletmə imkanlarının genişləndirilməsi, Naxçıvan təbii qaz kəməri layihələri müzakirə edilib. Ceyhun Bayramov Azərbaycanın yaşıl enerji istehsal potensialının Avropa bazarına çıxarıla biləcək səviyyəyə çatdırılmasından danışıb və həmkarı Hakan Fidana Ermənistanla aparılan sülh danışıqları və yenilənmiş sərhəd demarkasiyası prosesi barədə məlumat verib.
Bundan əlavə, hər iki nazir Qəzzada atəşkəs əldə olunmasından məmnun olduqlarını, Türkiyə və Azərbaycanın Suriyada hakimiyyətə gələn yeni administrasiyanın beynəlxalq aləmə inteqrasiyası prosesində əllərindən gələni etməyə hazır olduqlarını və Ukrayna ilə bağlı müqavilə imzalanması gözləntilərini dilə gətiriblər.
Söhrab İsmayıl