ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
ABŞ-nin növbəti lideri, respublikaçı Donald Tramp və yeni seçilmiş vitse-prezident Ceyms Devid Vensin andiçmə mərasimi yanvarın 20-də günorta saatlarında (Bakı vaxtı ilə saat 21:00) Vaşinqtonda baş tutacaq. Onlar konstitusiyaya və ölkəyə sədaqət andı içəcəklər.
Bu barədə Lim10.az TASS-a istinadən xəbər verir.
Məlumata görə, 2017-2021-ci illərdə ABŞ administrasiyasının rəhbəri vəzifəsində çalışmış Tramp üçün ikinci olacaq bu mərasim əvvəlkilərdən çox fərqlənəcək. Respublikaçı ənənələrin əksinə olaraq, bir sıra başqa ölkələrin liderlərini də mərasimə dəvət edib. Onların bəziləri dəvəti qəbul ediblər. Soyuq hava səbəbindən bir çox tədbirlər qapalı məkana köçürülüb.
Mərasimdən canlı yayım bu dəfə "Capital One Arena" idman və əyləncə mərkəzindən həyata keçiriləcək. Parad da əvvəllər planlaşdırıldığı kimi, Pensilvaniya prospekti boyunca deyil, elə orada keçiriləcək. Tramp söz verib ki, and içdikdən sonra mərkəzə toplaşanlara qoşulacaq.
ABŞ prezidentinin andiçmə mərasiminə adətən səfirlər və digər yüksəkrütbəli diplomatlar dəvət olunurlar. ABŞ Dövlət Departamentinin məlumatına görə, heç bir xarici lider belə bir mərasimdə iştirak etmək üçün ABŞ-yə rəsmi səfər etməyib. Tramp isə bu ənənəni pozaraq inaqurasiya (andiçmə) mərasiminə bir sıra digər ölkələrin liderlərini də dəvət edib. Onların arasında Argentina Prezidenti Xavyer Miley, Macarıstan Baş naziri Viktor Orban, İtaliya Baş naziri Corcia Meloni, Çin Prezidenti Si Cinpin, Paraqvay Prezidenti Santyaqo Penya, Salvador Prezidenti Nayiba Bukele və Ekvador Prezidenti Daniel Noboa da var. Son məlumata görə, Bukele, Meloni, Miley, Noboa və Penya dəvəti qəbul ediblər.
Çin Xarici İşlər Nazirliyinin daha əvvəl elan etdiyi kimi, mərasimdə ÇXR sədrinin müavini Han Çjen iştirak edəcək. Hindistanı respublikanın xarici işlər naziri Subramanyam Caişankar təmsil edəcək. Həmçinin Yaponiyanın xarici işlər naziri Takesi İvaya inaqurasiya mərasimində iştirak edəcək. O, ölkəsinin ABŞ prezidentinin andiçmə mərasimində iştirak edən ilk xarici işlər naziri olacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov yanvarın 17-də jurnalistlərə bildirib ki, ölkə rəsmiləri, planlaşdırıldığı kimi, Trampın andiçmə mərasimində iştirak etməyəcəklər.
Eyni zamanda Avropa ölkələrindən sağçı siyasi qüvvələrin nümayəndələri də dəvət olunublar. Onların sırasında Flaman Maraqları Partiyası (Belçika), Rekonkista (Fransa), Almaniya üçün Alternativ Partiyası (AFR) və İslahat Partiyası (Böyük Britaniya) var.
Mərasimi dünyanın bəzi ən varlı adamları da ziyarət edəcəklər ki, onların arasında texnologiya şirkətlərinin rəhbərləri İlon Mask, Mark Zukerberq və Ceff Bezos da var. Mask və sahibkar Vivek Ramasvami planlaşdırıldığı kimi, ABŞ hökumətinin fəaliyyət effektivliyinin artırılması üzrə yaradılmış struktura rəhbərlik edəcəklər. Dəvət olunanlar arasında, eyni zamanda, "TikTok", "Open AI", "Google", "Apple" və "Uber" şirkətlərinin rəhbərləri də var.
Co Bayden və seçkidə Trampa rəqib olan vitse-prezident Kamala Harris də mərasimdə iştirak edəcəklər. Lakin Tramp 2021-ci ildə Baydenin andiçmə mərasimində iştirak etməmişdi və mərasim günü səhər tezdən Vaşinqtonu tərk etmişdi.
Qonaqlar arasında keçmiş ABŞ prezidentləri kiçik Corc Buş və Bill Klinton və onların həyat yoldaşları da var. Keçmiş prezident Barak Obama, gözlənildiyi kimi, inaqurasiya mərasiminə həyat yoldaşı Mişel olmadan qatılacaq.
Qeyd edək ki, Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olacaq. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu və 1893-1897-ci illərdə 22-ci və 24-cü prezident) nail ola bilmişdi. Tramp ABŞ-nin 45-ci və 47-ci prezidenti olacaq.