Tramp və Putin arasında görüş Türkiyədə olacaq?
"Rusiya-Ukrayna müharibəsi başlayan gündən etibarən Türkiyə hər iki ölkə ilə bitərəf olaraq dialoq aparan dövlət olub. Türkiyə NATO üzvü olmasına baxmayaraq, bitərəf mövqeyini qoruyub saxlayıb, ABŞ başda olmaqla, NATO-nun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Hətta Ankaranın bu mövqeyi əvvəlcə sözügedən tərəfləri qane etməsə də, növbəti mərhələlərdə bu, Qərbin və demək olar ki, bütün dünyanın təqdirinə səbəb oldu".
Bunu Lim10.az-a açıqlamasında türkiyəli politoloq, beynəlxalq münasibətlər üzrə şərhçi İsmayıl Cingöz deyib.
Onun sözlərinə görə, Türkiyə xüsusən də taxıl dəhlizi müqavilələri ilə tərəfsiz ölkə mövqeyini nümunəvi yerinə yetirib:
"Ukrayna və Rusiya taxıl istehsal edən iki mühüm ölkədir. İki ölkə müharibəyə başladığı andan etibarən dünya qlobal kənd təsərrüfatı böhranı yaşamağa başladı. Nəticədə Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna bir araya gələrək taxıl sazişini imzaladılar və bu, böhranın aradan qalxması ilə nəticələndi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsləri ilə Kiyev və Moskva arasında böhranı həll etmək üçün saziş iki dəfə uzadıldı. Lakin Vladimir Putin Rusiyaya verilən vədlərin yerinə yetirilməməsi iddiası ilə müqavilənin üçüncü dəfə uzadılmasına razılıq vermədi. Çünki Ukrayna taxılının dünya bazarına çıxarkən qlobal miqyasda sığortalanması Rusiya üçün keçərli olmadı və Putin razılaşmanı tərk etdi. Buna baxmayaraq, Türkiyənin qlobal miqyaslı problemin həllində rol alması təqdirəlayiq qarşılandı və vaxtı ilə Ankaranı ittiham edən tərəflər bu dəfə onun nə qədər düzgün siyasət yürütdüyünü təsdiqləmiş oldular".
"Məsələnin digər tərəfi Donald Trampın seçkilərdə qələbə qazanacağı təqdirdə, müharibəni 24 saat ərzində bitirəcəyi ilə bağlı verdiyi vədlərdir. Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlayarkən verdiyi açıqlamada bildirdi ki, Ukrayna-Rusiya müharibəsinin həlli üçün dərhal təşəbbüslərə başlayacaq, amma bəhs etdiyi müddətdə müharibəni dayandırmaq mümkün olmayacaq. Buna görə də Tramp münaiqşə tərəflərinə 100 gün vaxt verdi. Bununla yanaşı, ABŞ prezidenti Putin ilə bir araya gələrək müharibəni atəşkəslə əvəzləyib, daha sonra da daimi sülhün əldə edilməsini müzakirə etmək niyyətində olduğunu diqqətə çatdırdı. "Tramp və Putin harada görüşəcək" sualı isə beynəlxalq ictimaiyyətdə Türkiyənin adının hallanmasına səbəb oldu. Çünki taxıl dəhlizi müqaviləsində olduğu kimi, Tramp-Putin görüşündə də ən uyğun ölkənin Türkiyə ola biləcəyi şübhə doğurmur. Buna görə də sözügedən görüş Türkiyədə baş tuta bilər. Nəzərə alsaq ki, Türkiyənin iştirak etmədiyi regional sülh razılaşmalarının uzunmüddətli olmadığı dəfələrlə sübuta yetirilib, deməli, bu görüşlə bağlı ehtimallar çox böyükdür".
"Üstəlik, Türkiyə və Ukrayna Qara dəniz vasitəsi ilə qonşu ölkə sayılırlar. Bu da Türkiyənin bu coğrafiya ilə maraqlanmasını zəruri edən digər bir məsələdir. Bir sözlə, Rusiya və Ukrayna arasında sülh və sabitliyin əldə edilməsində Türkiyənin zəmanətçi ölkə kimi çıxış etməsi mümkündür", - deyə ekspert bildirib.
Mərahim Nəsib