Pentaqon rəhbəri Panama kanalına görə hərbi müdaxilə ehtimalını istisna etmədi

ABŞ Panama kanalında gəmiçilik azadlığını təmin etmək üçün hərbi güc tətbiq etməyə hazırdır.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə ABŞ müdafiə naziri Pit Heqset "Fox News" telekanalına müsahibəsində bəyan edib.

O bildirib ki, əgər Panama hökuməti digər ölkələrin əngəl törədə bilməyəcəyi sərbəst və maneəsiz giriş təmin etməzsə, o zaman Vaşinqtonun lazımi tədbirləri görmək hüququ var və bu hüququ özlərində saxlayırlar.

"Strateji qeyri-müəyyənlik vacib məsələdir, lakin Müdafiə Nazirliyi ilə əlaqəli olub-olmamasından asılı olmayaraq, Panama kanalında gəmiçilik azadlığımız olacaq", - deyə nazir məsələnin həllinə digər qurumların cəlb edilməsi ehtimalına işarə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də andiçmə nitqində Panama kanalını geri almaq niyyətində olduğunu bildirib. O, daha əvvəllər də dəfələrlə Vaşinqtonun kanal üzərində nəzarəti geri qaytarmalı olduğunu söyləyib, yüksək tariflərə tənqidi yanaşıb və 1999-cu ildə bu obyekt üzərində nəzarətin verilməsinin digər ölkələrə güzəşt deyil, "əməkdaşlıq jesti" olduğunu vurğulayıb.

Panama Prezidenti Xose Raul Mulino kanal üzərində suverenlik və ölkənin müstəqilliyinin danışıqlar mövzusu ola bilməyəcəyini qeyd edib. Mediada bildirilib ki, əgər Tramp Panama kanalının mənsubiyyəti məsələsində onun ölkəsinə təzyiq göstərməyi dayandırmasa, Mulino BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarına gələ bilər.

Qeyd edək ki, 1914-cü ildə istifadəyə verilən gəmiçilik kanalı ABŞ tərəfindən tikilib və onun nəzarətində olub. 1977-ci ildə Torrixos-Karter müqaviləsi kanalın Panamaya mərhələli şəkildə verilməsini müəyyən edib və bu proses 1999-cu ildə başa çatıb. Saziş kanalın neytral statusunu və dünya ticarətinin maraqları naminə əlçatanlığını nəzərdə tuturdu. Bu gün o, qlobal iqtisadiyyatda ən vacib marşrut və ABŞ-nin maraqlarının əsas obyektlərindən biri olaraq qalır.