Araz Nəsirov: "Həkimlərin maaşını artırmaq kifayət etmir"
"Bu gün səhiyyəmizin maddi-texniki bazasının yenilənməsində, maliyyələşmə mexanizmlərində çox ciddi dəyişiklik edilib. Lakin müalicə metodlarında həkimlərin yanaşmasında çox fərqin əldə edildiyini deyə bilmirik. Hazırda fərq əldə etmək üçün bizi böyük bir yol gözləyir".
Lim10.az xəbər verir ki, bu sözləri I Azərbaycan Pediatrik Revmatologiya Simpoziumunda çıxışı zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov deyib.
O bildirib ki, səhiyyəmizdə ən neqativ tibbi indikatorlara, demək olar ki, pediatriya sahəsində sahibik:
"Təəssüflə demək olar ki, Avropada vəziyyət daha fərqlidir. Ancaq buna rəğmən, son zamanlarda pediatriya sahəsində irəliləyişlər də var".
İcraçı direktor qeyd edib ki, layihələrə başlayanda prosesin, sadəcə, maliyyədən ibarət olduğunu düşünüblər:
"Yəni səhiyyə sisteminin maliyyələşdirilməsinin kifayət olduğunu düşünürdük. Gördük ki, bu, kifayət deyil. Həkimlərin maaşını artırmaqla dərman alınması üçün sərfiyyatı artırmaq kifayət etmir. Daha çox şeyi düzəltmək lazımdır.
Xəstəxanaların infrastrukturunu düzəltmək lazımdır. Bunları da düzəltdik. Biz gördük ki, bununla da iş bitmir. Nəticə əldə etmək üçün cəmiyyətlərin bu prosesdə aktiv iştirakına ehtiyac var. TƏBİB onlarla cəmiyyətlə memorandum imzalayıb. Çox sıx əməkdaşlıq edirik. Biz bütün xəstəxanaları bu gün onların ixtiyarına vermişik.
TƏBİB bu gün həqiqi, real dataya sahibdir. Demişik ki, gəlin elmi araşdırmalar edək.
Hansısa biliyi ölkəyə inteqrasiya etmək başqa bir şeydir. Öz həkimlərimiz hər gün onlarla pasiyent qəbul edirlər. Öz xəstələrimizin xəstəliklərinin kök səbəblərini araşdırıb, daha qabaqlayıcı tədbirlər görməyə ehtiyac var".
Aygün Mirakif