ABŞ-də it döyüşləri təşkil edən kişiyə 475 il həbs cəzası verildi

ABŞ-nin Corciya ştatının məhkəməsi yerli sakinə rekord müddətə - 475 il həbs cəzası verib.

Lim10.az xəbər verir ki, bu barədə "NBC News" kanalı məlumat verib.

Qeyd olunur ki, kişi it döyüşlərinin təşkilində və heyvanlara qarşı amansızlıqda təqsirli bilinib.

Dallasdan olan 57 yaşlı Vinsent Burel 2022-ci ildə həbs edilib. İstintaq müəyyən edib ki, o, döyüş üçün istifadə etdiyi pitbul cinsinə aid itlərin yetişdirilməsi ilə məşğul olub. Onun evindən 107 it tapılıb. Onların bir çoxu qəddar rəftara məruz qalıb: heyvanlar yemək və su ilə təmin olunmadan ağaclara və metal çəlləklərə zəncirlənib. Bəzi itlər zirzəmidə öz nəcisləri içində yaşayıb. Bir neçə pitbulun həddindən artıq zəiflədiyi, digərlərinin isə başqa itlərə qarşı aqressivlik nümayiş etdirdiyi müəyyən edilib.

Burel özü günahını inkar edib. Xilas edilən itlər reabilitasiya mərkəzlərinə təhvil verilib.