FTB-də xaos başlayıb: Tramp ABŞ-nin əsas istintaq orqanının prioritetlərini dəyişir
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları ölkə Prezidenti Donald Trampın işdən çıxarmalar və digər kadr dəyişiklikləri dalğası səbəbindən agentlikdə yaranan xaosdan şikayətlənirlər.
Lim10.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" qəzeti bürodakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, FTB əməkdaşlarının bir çoxu işdən çıxarılmalardan o qədər narahat olub ki, dalğanın onlara da toxunacağını gözləyərək iş yerlərində əşyalarını yığışdırıb, xaos səbəbindən bürodakı işlər ləngiyib.
Məlumata görə, FTB-nin 10-larla yüksəkvəzifəli əməkdaşı artıq ABŞ Ədliyyə Nazirliyinin yeni rəhbərliyinin təzyiqi altında istefa verib. FTB-nin tabe olduğu nazirlik artıq 2021-ci il yanvarın 6-da etirazçıların Kapitoli binasını ələ keçirməsi ilə bağlı araşdırmada, Trampın özünə qarşı işlərdə iştirakına və sadəcə qeyri-loyallıq şübhələrinə görə işdən çıxarıla biləcək minlərlə əməkdaşın siyahısını tərtib etməyə başlayıb.
Bir çox FTB agentləri isə 6 yanvar hadisələrindəki rollarını təsvir etməli olduqları məcburi sorğu vərəqələri alıblar.
Yeni administrasiya, həmçinin FTB qarşısında yeni vəzifələr qoymağa başlayıb: minlərlə əməkdaş büronun ənənəvi əks-kəşfiyyat və terrorizmə qarşı mübarizə işindən kənarlaşdırılaraq narkotik qaçaqmalçılığı və küçə zorakılıq cinayətlərinin araşdırılmasına yönəldilib.
"Tramp yeni vəzifələrin həllində FTB-nin 38 min agent və texniki işçisinin böyük hissəsini cəlb etmək niyyətindədir. Onlardan bəzisi hazırda davam edən əməliyyatların həyata keçirilməsində uğursuzluğa yol verməmək üçün köhnə və yeni tapşırıqlar üzərində işi birləşdirməyə çalışır, lakin bunu etmək getdikcə çətinləşir", - deyə mənbə bildirib.
FTB Əməkdaşlar Assosiasiyası bu fonla agentləri istefa verməməyə çağırıb.
"Siz aydın şəkildə bildirməlisiniz ki, işdən çıxarılmanız öz istəyinizlə baş vermir", - deyə assosiasiya üzvlərinə göndərilən məktubda deyilir.
Assosiasiya rəhbərliyinin fikrincə, yeni administrasiyanın hərəkətləri FTB-nin işini pozmaq və bir çox araşdırmanı təhlükə altına almaq riski daşıyır.