Konqoda DƏHŞƏT: 160-dan çox qadına təcavüz edib diri-diri yandırdılar
Konqo Demokratik Respublikasının şərq hissəsində yerləşən Qoma şəhərində dəhşətli faciə baş verib.
Lim10.az-ın verdiyi məlumata görə, BBC-nin Birləşmiş Millətlər Təşkilatının daxili sənədinə istinadən xəbərinə görə, Munzenze həbsxanasından qaçan kişi məhbuslar 165-167 qadını zorlayıb, sonra isə onları diri-diri yandırıblar.
Hadisə yanvarın 27-də, M23 ("23 Mart Hərəkatı") üsyançı qruplaşmasının şəhəri ələ keçirməyə başlaması və məhbusların kütləvi qaçışına səbəb olması zamanı baş verib.
Hesabatda qeyd olunur ki, məhbuslar həbsxananı yandırdıqdan sonra qadınların əksəriyyəti həlak olub.
İnternetdə yayımlanan videolarda insanların binadan qaçdığı, arxa planda tüstünün qalxdığı görünür. Videoda həmçinin güclü atışma səslərini eşitmək mümkündür.
Qeyd olunur ki, BMT sülhməramlıları M23 üsyançılarının tətbiq etdiyi məhdudiyyətlər səbəbindən araşdırma aparmaq üçün həbsxanaya baş çəkə bilməyiblər. BMT-nin Qomadakı sülhməramlı missiyasının rəhbər müavini Vivian van de Perre həbsxanadan dörd min məhbusun qaçdığını bildirib.
"O həbsxanada yüzlərlə qadın da var idi. Onların hamısı zorlanıb, sonra qadınlar korpusu yandırılıb. Bundan sonra hamısı həlak olub", - deyə o bildirib.
Xatırladaq ki, yanvarın 27-də Ruanda tərəfindən dəstəklənən Konqo Demokratik Respublikasındakı üsyançılar Afrika ölkəsinin şərqindəki Qoma şəhərini ələ keçirdiklərini elan ediblər.
M23 kimi tanınan üsyançılar 2012-ci ildə də Qomanı qısa müddətə ələ keçirmiş, sonra məğlub olmuş və təxminən 10 il ərzində fəalliyətlərini dayandırmışdılar.
BMT ekspertlərinin fikrincə, indi onlar regionu uzunmüddətli işğal etmək və onun qiymətli nadir minerallarını çıxarmaq məqsədi ilə geri qayıdıblar. BMT və ABŞ-yə görə, üsyançılar regionu uzunmüddətli perspektivdə işğal etməyi və istismar etməyi planlaşdırırlar. Onlar M23-ün Konqonun qonşusu Ruanda tərəfindən maliyyələşdirildiyini və idarə olunduğunu iddia edirlər.
Ruanda bu ittihamları rədd edir.