Britaniyalı kişi öz itmiş "Bitcoin"lərini tapmaq üçün maraqlı qərar verdi: Zibil poliqonunu alır
Britaniyalı mayner (mayninq - kriptovalyuta platformalarının fəaliyyətini təmin etmək üçün yeni strukturların yaradılması fəaliyyəti, mayner - mayninq üzrə ixtisaslaşmış kripto icmasının üzvü - red.) Ceyms Hauells 2013-cü ildə zibil poliqonunda itirdiyi və içində 8 000 "Bitcoin" olan sərt diski tapmaq üçün böyük riskə getməyə qərar verib.
Lim10.az-ın xəbərinə görə, bu barədə "Guardian" nəşri məlumat verib.
Məlumata görə, yerli hakimiyyət orqanları zibil poliqonunu bağlamaq planlarını açıqladıqdan sonra Hauells ərazini almaq qərarına gəlib.
Qeyd edək ki, onun sevgilisi səhvən içində diskin olduğu paketi zibil qutusuna atdıqdan sonra sərt disk zibil poliqonuna düşüb. O vaxtdan bəri Hauells öz rəqəmsal xəzinəsini tapmaq ümidini itirməyib. Axtarışlar xüsusilə də bir neçə ay əvvəl, itirilmiş "Bitcoin"lərin dəyəri 750 milyon dollara çatanda daha da aktivləşib.
Lakin maynerin məhkəmə çəkişməsində olduğu Nyuport şəhər şurası artıq 9 dəfə ona zibilxanada qazıntı işləri aparmağa icazə verməyib. Bundan sonra tullantı poliqonunun sahələrindən birinin günəş elektrik stansiyasının tikintisi üçün ayrılmasının planlaşdırıldığını öyrənən mayner çox gec olmadan poliqonu almaq qərarına gəlib.
Ceyms Hauells poliqon üçün ödəməyə hazır olduğu məbləği isə açıqlamır.