Deputat: "Azərbaycan-Çin münasibətləri özünün inkişaf dövrünü yaşayır"

"Prezident İlham Əliyev Çinin CGTN televiziya telekanalına müsahibəsində ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivlərinə böyük dəyər verdiyimizi bir daha bildirdi".

Bunu Lim10.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

O bildirib ki, Azərbaycan-Çin münasibətləri özünün inkişaf dövrünü yaşayır:

"2024-cü ildə dövlət başçılarımızın imzaladıqları strateji tərəfdaşlıq haqqında sənəd ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açıb. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanın Çin vətəndaşlarına birtərfəli şəkildə viza rejimini ləğv etməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına yol açacaq".

"Çinin elan etdiyi "Bir kəmər, bir yol" layihəsinə Azərbaycan könüllü şəkildə ilk qoşulan və onun inkişafına töhfə verən ölkələrdəndir. Belə ki, ölkəmizin ərsəyə gətirdiyi nəqliyyat dəhlizləri Orta dəhlizin əhəmiyyətini artırıb. Bu da Çindən çıxan yüklərin Avropa bazarlarına daha az müddətə çatmasına yeni imkan yaradır. Belə ki, Mərkəzi Asiya ölkələrindən qəbul etdiyimiz yüklərin həcmi hər il artmaqdadır. Dövlət başçımızın uzaqgörən siyasəti ölkəmizi müasir çağırışlara vaxtında cavab verməyimizə və qabaqcadan tədbirlər görməyimizə imkan verir. Məsələn, 15 milyon ton yükaşırma gücünə malik Bakı Beynəlxalq Ticarət Limanının gücü 25 milyon tona çatdırılır. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsi genişləndirilərək ötürücülük gücü bir milyon tondan beş milyon tona artırılıb. Zəngəzur dəhlizinin açılması ilə bağlı səylərimiz davam etdirilir. Xəzər dənizinin dibi ilə çəkiləcək "Yaşıl dəhliz" layihəsinə Çinin də qoşulması planlaşdırlır və bu dəhliz Qara dənizin dibi ilə Avropaya qədər uzanacaq", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Azərbaycanın yaşıl gündəliyinin inkişaf etdirilməsində Çin texnologiyaları və şirkətləri əsas rol oynayır:

"Bütün bunların fonunda ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı fayda və hörmət əsasında gündən-günə daha da dərinləşir".

Mərahim Nəsib