Azərbaycanlı jurnalist Qazaxıstanda nüfuzlu mükafata layiq görüldü

"Azxeber Media"nın direktoru Əfsələddin Ağalarov Oljas Süleymanov adına "Xalqlar Dostluğu" mükafatına layiq görülüb.

Lim10.az xəbər verir ki, jurnalist mərkəzi Almatı şəhərində yerləşən UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktoru, Qazaxıstanın ictimai-siyasi xadimi, SSRİ-nin xalq yazıçısı, Azərbaycanın yaxın dostu Oljas Süleymanov tərəfindən "Xalqlar Dostluğu" ordeni ilə təltif edilib.

Oljas Süleymanov jurnalisti bu mükafata Qazaxıstan və Azərbaycanın media və ictimai münasibətlərindəki fəaliyyətinə görə layiq görüb.

Ordeni ictimai-siyasi xadimin köməkçisi, mərkəzin direktor müavini Saltanat Aşimova təqdim edib.

Qeyd edək ki, Oljas Süleymanov 1991-ci ildə Qazaxıstanda milli müstəqillik elan olunduqdan sonra ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edib və bu işinə davam edir. Hazırda UNESCO-da Qazaxıstanın səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir.

O.Süleymanov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2006-cı ildə "Şöhrət", 2011-ci ildə "Dostluq", 2020-ci ildə isə "Şərəf" ordenləri ilə təltif edilib.