Rusiyada mədəndə UÇQUN: Ölənlər var

Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində kalium mədənində uçqun baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə Perm vilayətinin qubernatoru Dmitri Maxonin xəbər verib.

Bildirilir ki, hadisə "SKRU-3" mədənində yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 09:00) şaxtanın yoxlanması işləri zamanı baş verib.

"Solikamskdakı kalium mədənində şaxtanın yoxlanması üzrə planlı işlər zamanı mədənin iki işçisi ölümcül xəsarət alıb", - deyə o, özünün "Telegram" kanalında yazıb.

Mədənin sahibi olan "Uralkali" şirkətinin məlumatında bildirilir ki, işçilər duz qatının bərkidici örtükdən qopması nəticəsində həlak olublar.

Qeyd olunub ki, bədbəxt hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.

Bir gün əvvəl Rusiya mediasında Solikamskdakı mədəndə dağ süxurlarının uçması barədə məlumat verilmişdi.