Lökbatan - Qobu yolu iki aydır zülmət içindədir

Lökbatan - Qobu yolunda işıqlandırma dirəkləri olsa da, iki aydır axşam düşən kimi yol zülmətə qərq olur.

Lim10.az xəbər verir ki, bununla bağlı sürücülərdən biri sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, yolu əhatə edən hər iki tərəf yaşayış sahəsidir və bəzi hissələrdə piyada keçidi yoxdur.

"İşıqlandırma olmadığı üçün axşam saatlarında qəza vəziyyətinin yaranma ehtimalı artır", - deyə sürücü qeyd edib.

Mövcud problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Lim10.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə kabel xəttində qəza baş verib:

"Bununla bağlı lazımi materialların alınması istiqamətində sifariş verilib. Yaxın günlərdə təmirə başlanılacaqdır".

Qaradağ Rayon İcra Hakimiyyətindən isə Lim10.az-a deyilib ki, Lökbatan - Qobu yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsinin işıqlandırılması ilə bağlı aidiyyəti üzrə təkliflər verilib və işlərin həyata keçirilməsinə cari ildə başlanılacaq.

Aləmdə Nəsib