Yeni yol, yoxsa yeni dəhliz?

Ermənilər bir həftə köhnə dəhlizdən istifadə edəcək


Məlum olduğu kimi, artıq Laçın şəhəri, Zabux qəsəbəsi və Sus kəndi Azərbaycan Ordusunun nəzarətinə verildi. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatı da açıqlandı. Lakin nə rəsmi bəyanatda, nə də hökumətin digər üzvlərinin açıqlamalarında bəzi qaranlıq məqamlara işıq salınmadı. İstərdik oxucularımız üçün həmin qaranlıq məqamlara aydınlıq gətirək.
Məsələn, Azərbaycan mediası hələ avqustun 20-də yazırdı ki, Laçın dəhlizidə rus sülhməramlıları postlarını sökərək köçür. Lakin "Azadlıq Radiosu" müxbirinin araşdırmasından bəlli olur ki, ermənilər və rus sülhməramlıları ən azı 4 sentyabr tarixinə qədər Laçın dəhlizindən, avtomobilləri dayandırmadan, istifadə edə biləcək. Bu hal yeni dəhlizin Ermənistana aid olan hissəsində yol tikintisinin başa çatmaması ilə əlaqədardır.
Digər qaranlıq məsələ yeni yolun dəhliz olub-olmayacağı ilə bağlıdır. Rusiya sülhməramlılarının nəzarəti altında yaşayan erməni icması ilə Qarabağdakı rus sülhməramlı qüvvələrin komandiri general-mayor Andrey Volkovla görüşdə o, bildirib ki, yeni yol da əvvəlki kimi dəhliz xarakteri daşıyacaq: "Yolun hər iki tərəfində 2.5 km mühafizə zolağı olmaqla, eni 5 km olan dəhliz yaradılacaq. Yeni dəhliz istifadəyə verildikdən sonra 5 km zolağa düşən, Azərbaycan Ordusuna aid olan postlar köçürüləcək. Dəhlizə nəzarəti yalnız Rusiya sülhməramlı qüvvələri həyata keçirəcək".
Qeyd edək ki, bəzi təhlilçilər güman edirdi ki, yeni yol artıq dəhliz statusu almayacaq və orada əvvəldən mövcud olan Azərbaycan Ordusuna aid postlar olduğu yerlərində qalacaq.

Lakin indiki şəraitdə 5 km dəhliz ərazisində yerləşən Azərbaycan Ordusuna aid postlar köçrülsə də, yeni dəhliz ordumuzun digər mövqeləri tərəfindən vizual və atış məsafəsindən nəzarətdə saxlanila bilir. Bu əvvəlki dəhlizlə müqayisədə bizim üçün üstünlük sayıla bilər.
Akif Nəsirli