"Uçdu göylərə Bizim peykimiz..."
Akif Nəsirli
Biz Heydər Əliyevin siyasi kursunu davam etdiririkmi?!
Şair Teymur Elçinin 50-60 il əvvəl qələmə aldığı bu uşaq şeiri Azərbaycanın "Azersky" adlı Yer səthini məsafədə izləmə peyki yoxa çıxandan sonra yenidən gündəmə gəlib. Bu şeir bütün sosial şəbəkələrin Azərbaycan sektorunun gündəmini zəbt edib. Gülüş hədəfi nakam "Azersky" peykidir.
Əcəb millətik, gülməyi bacarsaq da, özümüzə gülməyi bacarmırıq. Dünyada inkişaf etmiş millətlər yalnız özünə gülməyi bacaran millətlərdir. İngilis, fransız, alman, yapon və s., daha kimləri deyim... Bütün bu millətlərin hamısı özünə gülməyi bacarır. Azərbaycanda isə "özünə gülmək" söyüş, təhqir sayılır. Kimi haqsız ("neprav") çıxarmaq istəyiriksə, dərhal ona xitabən “filankəs özünə gülür”, deyirik! Yəni düz danışmır, qələt eləyir...
Bir çox bəlalarımızın da mənbəyi məhz buradan başlayır. Əvvəlcə ona aydınlıq gətirək ki, "özünə gülmək" nədi? Məsələn, Çarli Çaplin ingilis xalqına onun eyiblərini yandırıcı gülüş qamçıları vasitəsi ilə çatırırdı. İngilislər onun gülüş dolu tənqid şallağının zərbəsindən gözləri yaşarana qədər gülür, ayılanda isə onlar özlərinə güldüklərini anlayaraq, nəticə çıxarmaq istiqamətində fəaliyyətə başlayırdılar. Düzdür, bir qrup mürtəceh qüvvələr problemin həllini Çaplinin ölkədən qovulmasında gördü və Böyük Britaniyanı onun başına dar etdilər - dünya şöhrətli kino-rejissoru ölkədən qovdular. Lakin gördülər ki, Çaplinin yoxluğu onun qabartdığı problemləri həll etmədi, onların daha da inkişaf etməsi üçün münbit şərait yaratdı. O halda ingilis xalqı qolunu çırmalayıb Çaplinim gülüş hədəfinə çevirdiyi problemlərin həlli ilə məşğul oldu və sözün bütün mənalarında dünyanın ağasına çevrildi. Təkcə Çaplin bacarmadı bunu, o, startel rolunu oynadı. İngilis xalqı isə Çaplinin təkanının davamını gətirməyi bacardı. Təcrübə göstərir ki, bu məsələdə ikinci həlledici amildir. Hər bir xalqın Çaplini ola bilər, amma onun gülüş qamçısı hər xalqı oyatmağa qadir olmaya bilər. Fikrimizcə, ən bariz nümunə Azərbaycan xalqıdir! Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadənin adını çəkmək kifayətdir. Bu iki ədib Çaplindən on qat istedadlı tənqidçi gülüş ustasi idi. Onların əsərlərini oxuyarkən Azərbaycan bəyləri ingilislər kimi, gözləri yaşarana qədər gülürdü. Lakin onlar gülüşün sonunda ingilislər kimi ayılıb Sabirin, Mirzə Cəlilin üstunə getmirdi, onların dediklərindən nəticə çıxarmırdı. Bunu sadəcə bir komediya kimi qəbul edib, şairə və yazıçıya ehtiram göstərirdilər. Bu gün də vəziyyət dəyişməyib. Azərbaycanın klassik ədəbiyyatında yüz il əvvəl qələmə alınmış tənqidi əsəri oxuyuruq və bizə elə gəlir ki, bu əsər bu gün üçün yazılıb. Məsələn, Sabirin "Hophopnamə"si... Götürün oxuyun, zəhmət olmasa... Hamı düşünəcək ki, Sabir dahidir, yüz il əvvəl bugünkü problemləri necə səlist qələmə alıb... Xeyir, Sabir istedadlı şairdi, ancaq dahi deyil. O, öz zəmanəsində gördüyü problemləri qələmə alıb, öz dili ilə desək, gördüyü nikü-bədi izhar edib. Biz isə bir xalq olaraq bu gülüş dolu tənqidi anlayıb, ondan nəticə çıxara bilməmişik, misralara, sətirlərə gülüb həzz almışıq, vəssalam. Geyiminizi, qiyafəmizi dəyişmişik, düşüncəmiz və həyat tərziniz bir qədər də bərbadlaşıb bu yüz ildə.
Yenə gülürük... 50 milyon dollar dəyəri olan peykin yoxa çıxmasina da gülürük. Bu olayı gülüş dolu tənqidə çevirməyi bacaran kifayət qədər sabirlar, cəlillər var. Onların da yaratdığı əsərlərə gülürük, yalnız misralara, beyitlərə, cümlələrə gülürük, özümüzə isə əsla yox! Elə bilirik ki, bu tənqid bizim üçün deyil, biz müdrik və mükəmməl xalqıq - özümüzdən razıyıq, özümüzə vurğunuq - bəlkə də rəngli yuxular da görürük. Bəlkə də ona görə cəmiyyətdə "özünə hörmət elə" ifadəsi məşhurlaşib. Əslində insan hörmətinin vektoru ətrafdakılara yönəlməlidi, insan başqalarina hörmət etməlidir. Özünə hörmət, özünə vurğunluk tibbdə “şizofreniya” əlaməti sayılır.
Deyəsən söhbət çox uzandı, indi isə keçək hazırda cəmiyyətin gülüş hədəfinə çevrilən, nakam taleli, itkin düşmüş "Azersky" peykimizə. Rəsmi məlumata görə peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorid ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. Lakin ABŞ kosmik müşahidə mərkəzinin məlumatına görə, "Azersky" öz orbiti ilə uçuşları davam etdirir.
Məlumat üçün qeyd edək ki, "Azersky" Azərbaycanın ilk yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peykidir. "Azersky" Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cü ilin iyun ayında orbitə çıxarılıb. 2014-cü ilin dekabr ayında, Azərbaycanın milli peyk operatoru "Azərkosmos" və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos"-a təhvil verilib. 2023-cü ilin aprel ayında - istismar müddətindən 1 il tez (fəaliyyətinin 9-cu ilində) peyklə əlaqə kəsilib. İstismar müddəti on il olsa da, məsafədən bəzi təmir-bərpa işlərindən sonra peyk 2-3 il də əlavə xidmət etmək imkanlarına malik idi.
Bu olayla bağlı bir neçə rus mütəxəssislə əlaqə saxladıq. Onların hamısı peykin meteorid və kosmik tullantı ilə toqquşmasını qeyri-mümkun saydılar. Çünki peykin manelərin dəf etmək, ondan yayınmaq qabiliyyəti var. Digər tərəfdən, mütəxəssislərin fikrincə, peyk hər hansı cisimlə toqquşma nəticəsində enerji təchizatını itirərsə, o öz orbitindən çıxaraq, xaotik hərəkət etməlidir. "Azersky" isə hazırda öz orbiti ilə hərəkət edir. Rusiya təcrübəsində peyklerdə nasazlıq, hətta, yanğın da baş verib, amma bu heç də peykin nəzarətdən çıxması ilə nəticələnməyib. Rus mütəxəssislərinin fikrincə, bizim peykimizlə müəmmalı hadisələr baş verir. Yəni peykin "Azərkosmos"la əlaqəsi kəsilsə də o öz orbiti üzrə hərəkətini və yəqin ki, müşahidələrini davam etdirir. Bu peykin başqa idarəçi tərəfindən ələ keçirilməsi ehtimalını ortaya qoyur. Adının çəkilməsini istəməyən rus mütəxəssisinin fikrincə, böyük ehtimalla "Azersky" peyki Fransanın "Airbus Defence and Space" şirkəti tərəfindən ələ keçrilib. Ona görə ki, peyk yalnız öz istehsalçısı və ya əvvəlki idarəedicisi tərəfindən ələ keçrilə bilər.
Bu yerdə 1994-cü ildə Minsk qrupu yaradılanda həmsədrlərdən biri kimi Fransanın təmsil edilməsinə Heydər Əliyevin etirazı yadıma düşdü. Necə olur ki, Heydər Əliyev bir münaqişənin həllində Fransanı həmsədrlər sırasında görmək istəmədi, ona etiraz etdi, onun siyasətinin davamçılari isə ölkənin strateji məsələlərindən biri olan kosmik sənayenin inkisafını, Azərbaycanın kosmosa çıxışını təmin etmək məsələsini Fransaya həvalə etdi? Maraqlıdır, deyilmi? İddia oluna bilər ki, 44 günlük müharibəyə qədər bizim Fransa ilə münasibətlərimiz yaxşı idi. K.Marks demişkən, faktlar yaman tərs olur - Heydər Əliyev 1994-cü ildə Fransaya qarşı etiraz edib. Əsas isə ondan ibarət olub ki, Fransada erməni lobbisi güclüdür, bu Fransa hökumətinin "ədalətli mövqeinə" (diplomatiyada təvəzökarlıq naminə işlədilən ifadə) təsir edə bilər. Cənablar, siz Heydər Əliyev siyasi kursunu necə davam etdirirsiniz?!