Qar yağacaq, güclü külək əsəcək, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib.

Lim10.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 19-da axşamdan fevralın 22-də gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0 dərəcəyə yaxınlaşacağı, sonrakı günlərədə isə mənfi 3 dərəcəyədək düşəcəyi proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında fevralın 19-da axşamdan başlayaraq arabir yağış yağacağı, fevralın 20-də səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, fevralın 20-də axşam və fevralın 21-də arabir qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-da axşamdan fevralın 22-də səhərədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.