ADY: "Qatarların sürət həddi hava şəraitinə uyğun tənzimlənir"

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
ADY-dən Lim10.az-a verilən məlumata görə, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.
Bildirilib ki, bu səbəbdən qatarların qrafikində kənara çıxma halları müşahidə oluna bilər:
"ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi texnika vasitəsilə platformalara və keçidlərə duzun səpilməsi, sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada icra edilir.
Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.
Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən intensiv şəkildə icra edilir.
Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur".