DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA

Səxavət Əlisoy
Kitabdan hissələr- 27
DÖVLƏTİN DÜNYANI İDARƏ EDƏN ÜÇLÜKLƏ SİYASƏT
1. ABŞ
Amerika Birləşmiş Ştatlarının dünyanın bir saylı superdövləti olduğunu kimsə inkar edə bilməz. Vaşinqtonun 2025-ci ildə dövlət büdcəsindən hərbi xərclərə 895! milyard ABŞ dolları ayırıb. Bu rəqəm Azərbaycanın dövlət büdcəsindən təxminən qırx dəfə artıqdır. Vaşinqton iqtisadi və hərbi gücünə güvənərək XIX əsrin sonlarından dünya düzəninə müdaxilə etməkdədir. 1890-lardan günümüzə qədər -iqtisadi böhranın baş verdiyi 1929-cu il istisna olmaqla - ABŞ ilbəil gücünə güc qataraq super dövlətə çevrildi.
ABŞ XX əsrin ikinci yarısından həm də dünyanın jandarmasıdır. Artıq kimsənin buna şübhəsi yoxdur.
Bu gün ABŞ elə bir fövqəladə gücə malikdir ki, heç bir dövlət, hərbi blok onunla zor dilində danışa bilməz.
Dünyada silah satışının 40 faizi ABŞ-ın əlində. Dünyanın ən qorxunc dağıdıcı silahları ABŞ-a məxsus. Hərbi büdcəsi 895 milyard dollar! Başında dayandığı NATO-nun da büdcəsini bura əlavə etsək, ABŞ-ın hərbi büdcəsi 1,5 trilyon dollara çatıb.
Birilərinin ABŞ-a ən ciddi rəqib saydığı Rusiyanın hərbi büdcəsi 112 milyard, Çininki 292 milyard dollar. Müqayisə etmək belə gülüncdür.
Bir fakta da diqqət edin. İsrail-Fələstin savaşı başladıqdan sonra ABŞ-ın Aralıq dənizinin şərqinə gətirdiyi hərbi təyyarədaşıyan gəminin dəyəri 20 milyard dollardır.
Fərqindəmisiz, ABŞ-ın təkcə bir hərb gəmisinin dəyəri təxminən Azərbaycanın illik büdcəsinə bərabərdir.
Başqa bir fakta diqqət edin. Dünyanın 170 ölkəsində ABŞ-ın hərbi bazalarının sayı 800-ə yaxındır. ABŞ hüdudlarından kənarda Vaşinqtonun 320 min əsgəri var. Yalnız İranın 4 tərəfində ABŞ-ın 11 hərbi bazası mövcuddur.
Silahlanmaya astrnomik miqdarda para ayıran ABŞ-ın bununla nə demək istədiyi siyasətdən azdan-çoxdan başı çıxanlar üçün bəllidir.
Sual olunur, ABŞ-a heç bir dövlətin hücum təhlükəsi yoxdursa, nədən silahlanmaya bu qədər vəsait ayırır?
Cavab bəlli. Vaşinqton çıxarları naminə silahlanır. O silahlar ABŞ-ın daha qüdrətli, daha zəngin olmasına xidmət edir.
Tarixə qısa bir ekskursiya edin. Həm birinci, həm də, ikinci dünya müharibəsindən ən qazanclı çıxan dövlət ABŞ oldu. Təbii ki, silah satışı sayəsində.
Yalnız 21-ci əsrdə ABŞ-ın daxili işlərinə müdaxilə etdiyi ölkələrə diqqət edin:
1. 2003-cü il. ABŞ prezident Səddam Hüseyni devirmək və orada olan kimyəvi və bioloji silahları məhv etmək üçün İngiltərə başda olmaqla koalisiya ilə birgə İraqa silahlı müdaxilə etdi. Səddam Hüseyn edam edildi. 2011-ci ilə qədər işğal davam etdi, neft yataqlarına əl qoyuldu və ABŞ məqbul saydığı gücləri hakimiyyətə gətirdi. Yüz minlərcə insan yaşamını itirdi, milyonlarla İraqlı köç etti. Ən ilginci o idi ki, bölgədə kütləvi qırğın silahları istifadəsinə dair bir sübut tapılmadı. Eyni zamanda, Səddam Hüseynin 11 Sentyabr terror saldırısı ilə ilişkisi olduğu ve uluslararası terroru dəstəklədiyi də isbatlanmadı.
Dünyanın ən qədim dövlətlərindən biri viran qaldı. İraqda etnik və dini qarşıdurmalar bu gün də davam etməkdə.
2. 2003-cü il. ABŞ Gürcüstanda seçimlərə müdaxilə etdi. ABŞ-ın tək məqsədi Gürcüstanı Rusiya təsirindən qurtarmaqla özünün Qara dəniz sahillərində möhkəmlənməsi idi. Mixail Saakaşvilini hakimiyyətə gətirdi ABŞ-ın ssenarisini yazdığı “Qızılgül” inqilabı. Nəticə? Gürcüstan yenidən Rusiyanın nəzarətinə keçdi, Acarıstan və Osetiya vilayətləri itirildi və son olaraq M. Saakaşvili illərdir Tiblisdə həbsxana həyatı yaşamaqdadır.
3. 2004 və 2013-cü il. Ukraynada seşkilərə müdaxilə etdi ABŞ. Məqsəd Qara dənizi nəzarətə götürmək, NATO-nun Rusiya sərhədlərində güclənməsini təmin etmək. Nəticə? Ukraynada əvvəl vətəndaş müharibəsinə start verildi. Sonra Krım itirildi, daha sonra Donetsk əldən getdi və nəhayət, bu gün də davam edən Rusiya ilə dəhşətli müharibə başladı.
4. 2011-ci il. Vaşinqton Liviyada M. Kaddafini devirmək üçün əməliyyat başlatdı. Konvoyuna düzənlənən silahlı hücum nəticəsində M. Kaddafi vəhşicəsinə öldürüldü. (M. Kaddafinin neftini dollarla yox, milli valyutası ilə satmaq istədiyini xatırlayın.) Nəticə? Bu gün də Liviyada vətəndaş müharibəsi və ikihakimiyyətlilik hökm sürür. İŞİD neft yataqlarının bir hissəsinə nəzarət edir. Müdaxilədən əvvəl hüzur içində yaşayan Liviyadan əsər-əlamət qalmayıb.
5. 2011-2019-cu il. ABŞ imperialist güclərin ölkəsinə müdaxiləsinin əleyhinə olan Bəşər Əsədi hakimiyyətdən salmaq üçün ona müxalifətdə olan tərəflərə hərbi dəstək verdi. Sonra Suriyanı bombaladı. Yüz minlərcə adam öldü. Milyonlarca insan ölkəni tərk etdi. Bu günə qədər Suriyada vəziyyət gərgin olaraq qalır və hələ uzun illər vəziyyətin elə belə də davam edəcəyi gözlənilir…
ABŞ-ın silahlanmaya astronomic miqdarda vəsait ayırmasının səbəbi kimə aydın deyil? Bu supergüc onunla kəllə-kəlləyə gələn hər hansı bir dövlət başçısını asanlıqla taxtdan salmaq iqtidarındadır. Təəcüb etməyin, ABŞ-ın gücü o həddədir ki, özünə yaxın bildiyi bir adamı dövlət başçısı təyin edə bilir.
Artıq ABŞ kukla rejimlər yaradaraq, silahlı müdaxilə taktikasını arxa plana keçirib. İqtidarını dəyişmək istədiyi ölkədə ABŞ–ın taktikası bu 3 prinsipə
söykənir: 1. Nəzarətində olan giqant media qurumları vasitəsi ilə iqtidarı hədəfə götürür 2. Nəzarətində olan transmilli şirkətlər vasitəsi ilə dövləti iqtisadi böhrana sürükləyir 3. Apardığı əməliyyatın dünya tərəfindən başqa bir ölkənin daxili işlərinə müdaxilə qənaətinə gəlməməsi üçün hədəfə aldığı dövlətin daxiıində müxalif qüvvələri maliyyələşdirməklə onların fəaliyyətini aktivləşdirir.
ABŞ bütün zamanlarda “demokratiya və insan haqlarının” bərqərar olunması üçün öhdəliyi olduğunu bəyan edir. Gəlişigözəl sözlərdir, amma dünya ABŞ-ın Amerika qitəsində Qızıldərililəri soyqırıma məruz qalmasında oynadığı roldan da xəbərdar. 1492-ci ildən başlayıb 500 il davam edən bu soyqırımda ABŞ-ın payı nə qədərdir? Bəzi mənbələr öldürülənlərin sayının 20-30 milyon olduğunu göstərir.
Bir vaxt dünya əhalisinin yüzdə 5-ni təşkil edən Qızıldərililər bu gün demək olar ki, yox səviyyəsində.
Güclülər mühakimə olunmur! Dünya nəhəngi ABŞ-ı kimsə mühakimə etmək cəsarətində deyil. Kimsə nəsə deyə bilər, yaza bilər ancaq mühakimə etmək olmaz. ABŞ güclü, həm də, olduqca güclü bir dövlətdir. O, bu gücü 2-ci dünya müharibəsindən sonra Vyetnamda, Kubada, Çilidə, Nikaraquada, Balkan dövlətlərində, Əfqanıstanda…sınadı.
ABŞ demokratik şüarla müdaxilə etdiyi ölkələrin sərvətlərini tam istismar edir, yaratdığı iqtisadi böhranı aradan qaldırmaq üçün “kukla” dövləti dolayısı yolla özünün yaratdığı və idarə etdiyi bir dövlət qurumu funksiyasını daşıyan Beynəlxalq Valyuta Fondundan – (BVF) kreditlər almaq məcburiyyətində qoyur. Vəssalam! O dövlət sonsuza qədər Vaşinqtonun çaldığı havaya oynayacaq.
Ağıllı və cəsarətli insanlar 1776-cı ildə İngiltərə kaloniyasından xias olub dövlət qurdu. Bu dövləti qüdrətli edən isə onun universitetləri və elm adamları oldu.
ABŞ təkcə silah ticarətindən ötən il 250 milyard dollar qazanıb. Avtoritar rejimlərin başında dayananlar bu silahları almaq zorundadır. Onlar banklardakı milyardlarını qorumaq üçün o silahları almalıdır. Maraqlı olan odur ki, ABŞ-ın avtoritar rejimlərə və kukla dövlətlərə satdığı silah köhnə model və ya inventardan çıxarılmış silahlardı.
ABŞ təkcə silah satmır. Ağlınızdan keçən nə varsa, onun yüzdə otuzu ABŞ-da istehsal olunur.
Dünyanın ən böyük 20 texnoloji firmasının 17-si ABŞ-a məxsusdur.
Digital markaların öndə gedənləri, bazar qiyməti trilyonlarla dollar olan şirkətlər də ABŞ-a məxsusdur. BRAND FİNANCE tərəfindən hazırlanan dünyanın 500 ən dəyərli şirkətlərinin 50 faizi ABŞ-ın payına düşür.
Məhz belə bir gücün sayəsində Vaşinqtonda düşünürlər ki, təbii sərvətlərə sahib kiçik ölkələrdə dövlətçilik və milli maraqlar ya, ümumiyyətlə, olmamalı, ya da ABŞ-ın cızdığı çərçivədən kənara çıxmamalıdır.
ABŞ-ın dostları yoxdur. Onun yalnız iqtisadi maraqları vardır. Bunu bütün dünya bilir. Dünya onu da bilir ki, Vaşinqtonun hədəfində olan dövlət yalnız onun tapşırıqlarını yerinə yetirməli, təbii sərvətlərinin bölgüsünü və ixracını Vaşinqtona həvalə etməlidir.
İkinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlər qurmaqda maraqlı idi. Kremlin cəngindən tam xilas olmaq üçün ABŞ-la əlaqələrin yaradılması çox vacib idi. Prezident Ə. Elçibəy Vaşinqtona çox güvənirdi. O, yalnız ABŞ-ın dəstəyi ilə Azərbaycanın Rusiyadan qurtulacağını düşünürdü. Bu baş vermədi. Nədən ki, Vaşinqton kiçik bir dövlət olan Azərbaycanın başçısında dayanan şəxsin millətçilik platforfmasından hərəkət etməsini, Türkçülüyü və Turançılığı dilə gətirməsini məqbul saymırdı. Yeni müstəqilliyə qovuşmuş bir dövlətin “milli maraqdan” çıxış etməsi ABŞ üçün arzuolunan deyildi. Digər tərəfdən Azərbaycan çapında bir dövlətdən yana Kreml ilə kəskin qarşıdurmaya getmək ABŞ-ın dövlət olaraq strateji maraqlarına uyğun deyildi. Odur ki, ABŞ Azərbaycandan yana Rusiya ilə heç bir vaxt konfliktə getməzdi və getmədi də. Eyni zamanda Azərbaycan da birmənalı olaraq “Vaşiqtonun qoltuğuna sığınmaq” barədə qərar vermirdi. Ə. Elçibəyin türkçülüyü, H. Əliyevin və İlham Əliyevin yalnız ikitərəfli münasibətlər qurmaq siyasətini yürütməsi Vaşinjqtonun ürəyincə deyildi. Onlara Mixail Saakaşvili kimi dövlət başçıları sərf edirdi. Ki, dövlətin hansı siyasi xətti seçməsini tamamən Vaşinqtonun öhdəsinə buraxsın. Açıq danışaq, Azərbaycanın suveren dövlət kimi dövlətçiliyi və milli maraqları önə çəkməsini Vaşinqtonda həzm etmirdilər. Məhz bu faktora görə torpaqlarımız 30 il düşmən işğalında qaldı. ATƏT-in Minsk Qrupunu həmsədrlərindən biri də ABŞ idi. O, istəsəydi, qısa zaman kəsimində işğalçı Ermənistan Azərbaycan torpaqlarından çəkilərdi. Küveytin İraq tərəfindən işğalını xatırlatmaq yerinə düşər.
8 iyul 1990-cı ildə Səddam Hüseyn Küveyti son 10 ildə sərhadyanı ərazidən İraq neftini qeyri-qanuni olaraq hasil etməkdə ittiham etdi. Bunun əvəzində İraq Küveytdən 14 milyard dollarlıq borcu bağışlamağı və üstəlik 2.5 milyard dollar tələb etdi. Küveyt əmiri tələbləri yerinə yetirməkdən imtina etdi. Bir neçə gün sonra İraq ordusu Küveyt sərhədlərinə doğru getsə də, Səddam Hüseyn o zaman danışıqlar arasında vasitəçi rolunu oynayan Misir prezidenti Hüsnü Mübarəkə konflikti sülh yolu ilə həll etməyə razı olduğunu bildirir. 1 avqust 1990-cı ildə Küveytin dövlət yetkililəri ilə başlanan danışıqlar İraq tərəfindən kəsilir. 2 avqust 1990-cı ildə İraq ordusunun 120 min əsgəri və 350 tankı Küveyt ərazisinə daxil oldu.
Səddam Hüseyn Küveytin işğalının guya Küveytdə inqilab edən hərbçilərə kömək məqsədilə reallaşdığını vurğulayaraq marionet Küveyt Respublikasını elan etdi. Avqust ayının 8-də Səddam Hüseyn Küveytin İraqa birləşməni açıqladı. 28 avqust tarixində isə Küveyt İraqın rəsmən 19-cu əyaləti elan olundu.
Hadisələrin bu məcrada inkişafına rəğmən 1990-cı ilin avqust ayının 2-də BMT-nin Təhlükəsizlik Şurası 660 nömrəli qətnaməni qəbul edərək İraq qoşunlarının dərhal Küveyt ərazisini tərk etməsini tələb etdi.
ABŞ, Böyük Britaniya və Fransa banklarındakı İraq hesablarını dondurdu və İraqa silah idxalına embarqo qoydu. Elə həmin gün Təhlükəsizlik Şurasının Vaşinqtondakı iclasında ABŞ prezidenti Corc Uoker Buş İran körfəzi sahilinə öz ordusunu göndərmək qərarını verdi. Bu qərardan bir gün sonra-3 avqust tarixində BMT TŞ-nın 5 üzvündən biri olan SSRİ ABŞ-ın tətbiq etdiyi embarqoya qoşuldu, daha bir gün sonra isə - 4 avqustda BMT TŞ-nın digər üzvü Çin İraqa silah idxalını dayandırdı.
1990-cı il avqust ayının 8-də- Səddam Hüseyn Kuveytin İraqla birləşdiyini açıqladığı gün ABŞ prezidenti Corc Buş Səddam Hüseyndən danışıqlarsız və şərtsiz Küveyt ərazisini tərk etməyi tələb etdi və orduya "Səhra qalxanı" əməliyyatını gerçəkləşdirmək üçün döyüş əmri verdi...
Küveytin İraq tərəfindən işğalı 7 aya qədər davam etdi. 1991-ci ilin fevralının sonlarında ABŞ-nin başçılıq etdiyi koalisiyanın qoşunları tərəfindən Küveyt İraq qoşunlarından azad edildi...
Diqqət etdinizmi, İraqın Kuveytə işğalı gerçəkləşdirmək üçün ordu yeritdiyi gün-avqust ayının 2-də BMT TŞ fövqəladə toplanaraq məlum 660 saylı qətnaməni qəbul edir. Elə o gün BMT TŞ-ı ikinci dəfə iclas keçirir və bu toplantı BMT TŞ-nın qərargahının yerləşdiyi Nyu-Yorkda deyil, ABŞ prezidenti C. Buşun istəyinə rəğmən Vaşinqtonda keçirilir. Və bu toplantıda ABŞ prezidenti İran körfəzinə ordu göndərilməsi barədə qərarını açıqlayır.
ABŞ-ın belə bir operativ qərar verməsinin və Kuveytin işğaldan xilas olması üçün xüsusi bir əməliyyat başlatmasının arxasında dayanan səbəblər nədir? Təbii ki, ilk növbədə Kuveytin zəngin neft yataqları. ABŞ Kuveytə demokratiyanı, plüralizmi bərqərar etmək üçün girmədi. 7 aylıq savaş sonu ABŞ bölgədə özünün kuklası olacaq bir dövlət qurdu və başqa bir dövləti (Səudiyyə Ərəbistanı) İraqın ilhaqından xilas etdi. Səddam Hüseyni cəzalandırmağı isə bir az sonraya saxladı. ABŞ S. Hüseyni asdırdıqdan sonra İran xaric (hələ ki) bölgənin bütün enerji resurslarının patronuna çevrildi.
Digər bir nəsnəyə də güzgü tutmağa dəyər. İraq Kuveytə ordu yeridən gün BMT TŞ toplanır və xüsusi qətnamə qəbul olunur. BMT-nin Qətnaməsi qəbul olunanda 6 gün sonra ABŞ Silahlı Qüvvələri Kuveyti işğaldan xilas etmək üçün hərbi əməliyyata başlayır. BMT TŞ-ı Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalan əraziləri ilə bağlı 4 Qətnamə qəbul etdi. Və bu Qətnamədə yazılanların gerçəkləşməsi üçün ABŞ və müttəfiqləri 30 il “üç meymunu oynadı”. Azərbaycanın suveren bir dövlət kimi müstəqil siyasət yürütməsi, onun heç bir vaxt marionet olmayacağı ortada ikən imperialist güclərdən haqlı olana dəstək ummaq sadəlövhlükdən savayı bir şey deyil.
İnkişaf etməkdə olan, xüsusilə kiçik dövlətlərə basqı sərgiləmək ABŞ xarici siyasətinin önəmli elementlərindən biridir. Məqsəd daha çox çıxar əldə etməkdir. ABŞ Dövlət Departamenti bütün dünyada baş verən prosesləri ciddi nəzarət altında saxlayır. Hansı ölkə Vaşinqtonun xüsusi maraq dairəsindədirsə, orada ABŞ-ın diqtəsinin gerçəkləşməsi üçün hərəkətə start verilir. Təbii ki, ABŞ-ın təzyiq vasitələrindən biri də “demokratiya” silahıdır. Ki, bu barədə irəlidə danışacağıq. ABŞ hər hansı bir dövlətdən istədiyini almadığı anda demokratiya silahını dövriyyəyə soxur. O, ilk olaraq suverenlik əldə etmiş dövlətlərin hər hansı bir qlobal layihəsinə dəstək olacağını açıqlayır və bunu demokratik təsisatların oturuşması üçün etdiyini bəyan edir. İkinci addımda isə ABŞ öz marağına uyğun şərtlərin diqtəsinə keçir.
Yaxın tarixə müraciə edək. ABŞ-Azərbaycan münasibətlərində mühüm rol oynayan layihələrdən biri də “İpək yolu” layihəsidir. Bu layihə ilə bağlı olaraq ABŞ Prezidenti Bill Klinton 1999-cu ilin 17 aprelində senator Sem Braunbekə yazdığı xüsusi məktubda bildirirdi ki, Birləşmiş Ştatların məqsədi Qafqazın və Mərkəzi Asiyanın yeni müstəqil dövlətlərinə kömək etməkdir. Bu gənc ölkələr sabitliyə, demokratiyaya və tərəqqiyə can atdıqlarını bəyan edirlər. Biz onlarla birlikdə olsaq, onların bu səylərinə öz töhfəmizi verə bilərik. Birləşmiş Ştatlar Qafqazda və Mərkəzi Asiyada fəal və tarazlaşdırılmış rol oynamaqda davam edərək, Dağlıq Qarabağda sülhə nail olmağı dəstəkləməlidir. Senator Sem Braunbek isə prezident Bill Klintona ünvanladığı cavabda bunları yazırdı: İpək yolu Asiyanı Avropa və dünyanın qalan hissəsi ilə birləşdirir. İpək yolu üzərindəki Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri tarixi yol ayrıcındadırlar; onlar müstəqildirlər; müasir dünyanın əsas qüvvələrinin qovşağında yerləşirlər; təbii ehtiyatlarla zəngindirlər. Onlar İranın və digər ekstremist dövlətlərin antiqərb, davakar təməlçiliyinin və terrorizminin yayılmasının qarşısında əsas çəkindirici qüvvələrdən biridir. Ən başlıcası odur ki, kommunizm ilə uzun mübarizədən sonra bu regionun qapıları açılıb ki, ABŞ şəxsiyyət hüququna təminat verəcək və dini dözümlülük də daxil olmaqla plüarist cəmiyyətlərin yüksəlməsi üçün şərait yaratmağa kömək edəcək təsisatları dəstəkləyə bilsin. Gəlişigözəl sözlərdir, deyilmi? Verilən vədlər gerçəkləşdimi? ABŞ Dağlıq Qarabağa sülh gətirdimi?
ABŞ-ı regionda sülh və demokratiyadan öncə oradakı zəngin təbii ehtiyatlar maraqlandırırdı. Odur ki, nə bəyan etdikləri kimi Dağlıq Qarabağda sülhü bərqərar etməyə nail oldular, nə ekstremist dövlətləri neytrallaşdıra bildilər, nə də regionda demokratiyanın oturuşması üçün gərəkli addımlar atdılar.
Azərbaycanın Vaşinqtonun “çaldığı havaya oynayan” dövlət olmadığını artıq dünya bilir. Xarici siyasət maşını düzgün idarə olunduğundan Dövlətçilik və Milli maraqlar önə çəkilməklə yola davam edilir. Azərbaycan dövlət olaraq təkcə iqtisadi parametrlərə görə deyil, bütün sahələrdə ABŞ ilə əməkdaşlığa önəm verir. Ancaq İkinci Qarabağ savaşından sonra ABŞ-ın Azərbaycana yönəlik siyasətində bir soyuqluq özünü göstərir. Zəfərdən sonra ABŞ-ın Dövlət Departamentinin himayəsində olan Qeyri Hökumət Təşkilatları və media qurumlarının, o cümlədən ABŞ Nümayəndələr Palatasının və Senatının ayrı-ayrı nümayəndələrinin Azərbaycana qarşı hücum ritorikası özünü biruzə verir. Vaşinqton əvvəllər parlamentarilərin və media qurumlarının mövqeyinin dövlətin mövqeyi ilə üst-üstə düşməməsi barədə fikirlər bildirirdi. Son zamanlar, xüsusən 24 saatlıq antiterror əməliyyatından sonra ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələri də Azərbaycana qarşı açıq hücumlara start verib. Anlaşılan odur ki, dünyada supergüc kimi sülh və sabitliyə, beynəlxalq hüququn prinsiplərinə əməl olunmasına görə məsuliyyət daşıyan Vaşinqton beynəlxalq hüququn aliliyinin təmin olunması qarşısında əsas maneələrdən biri kimi çıxış etməkdədir. Əks halda rəsmi Vaşinqton Azərbaycanın beynəlxalq hüququn aliliyini təmin edərək öz ərazilərini işğaldan azad etməsi və Azərbaycanın Qarabağ iqtisadi rayonunda möhkəmlənmiş separatizmin kökünü kəsməsinə aqressiv yanaşması təəccüb doğurur. O hasil olur ki, ABŞ də Fransa kimi regionda münaqişəyə və separatizmin mövcudluğuna özünün mümkün təsir rıçağı kimi baxır və Azərbaycanın bu qəbuledilməz status-kvoya son qoyması Vaşinqtonun “maraqlarına” zidd olub. ABŞ Konqresində qısa müddətdə Azərbaycan əleyhinə ikinci dəfə keçirilən “Qarabağ dinləmələri”, orada ölkəmizin ünvanına səslənən qərəzli və əsassız fikirlər, böhtan və ittihamlar, hətta hədələr, həmçinin erməni separatizminə davam edən dəstək rəsmi Bakının səbrini daşırdı. Azərbaycan haqlı olaraq ABŞ-ı daha neytral vasitəçi qismində görmədiyi üçün 2023-cü il noyabrın 20-də Vaşinqtonda XİN səviyyəsində görüşdən imtina etdi. Konqresdəki dinləmələrdən cəmi bir gün sonra ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Sənəd digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir. Bu o deməkdir ki, Dağlıq Qarabağın müqəddəratı Vaşinqtonda həll edilməli və Azərbaycan da ABŞ-ın aldığı qərara “baş üstə” deməli idi. Bundan əlavə Azərbaycanın xarici siyasəti Amerikanın diqtəsi ilə tənzimlənməli və ayrı-ayrı ölkələrlə münasibətlərinin konturları Dövlət Departamenti tərəfindən müəyyən olunmalıdır. Kəsəsi, Azərbaycan ABŞ-ın kuklasına çevrilməlidir. Bəli, ABŞ belə bir dövlətdir. Özünü dünyada sülhün və demokratiyanın, təhlükəsizliyin və suverenliyin təminatçısı sayır, əsl həqiqətdə isə suveren dövlətlərdə dövlətçiliyin və milli maraqların buxovlanması üçün əlindən gələni edir...
Vaşinqton tərəfdən səslənən sərt bəyanatlar öz yerində iki dövlət arasındakı iqtisadi münasibətlər pozitiv inkişaf etməkdədir. Enerji sahəsindəki əməkdaşlığın yüksək səviyyəyə çatdığını qeyd etmək olar. 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Çünəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə "Əsrin müqaviləsi" ilə başlanan münasibətlər sonra daha da dərinləşdi. Məhz bu müqavilədən sonra ABŞ Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək oldu. Və 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində ABŞ-nin Şevron və Ekson şirkətləri də yer aldı. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrin demək olar ki, hamısında ABŞ-ın iştirakı təmin olunub. ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini, xüsusilə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsini dəstəkləyir. Bu xüsusda ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bildirmişdir ki, ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiqdir və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəkləyir.
Müzəffər ordumuz tərəfindən darmadağın olmuş və rəzil durumda olan Ermənistan Silahlı qüvvələrini yenidən dirçəltmək üçün ABŞ-ın ayırdığı hərbi yardımın bir işə yaramayacağını ən birinci ermənilərin özü yaxşı anlayır. Nədən ki, “məğlubedilməz erməni ordusu” mifi 44 gün ərzində dağıldı. Ermənistan əsgər və zabitləri psixoloji aspektdən sınmış durumdadır. Bu öz yerində. Digər tərəfdən ABŞ-ın Ermənistandan yana Azərbaycanla mövcud olan münasibətləri korlayacağı inandırıcı görünmür. Azərbaycanın enerji ehtiyatları ilə bərabər onun coğrafi durumu da ABŞ üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanla soyuq savaş ilk növbədə ABŞ-ın Qərbdəki müttəfiqlərinə sərf etmir. Nədən ki, Avropanın enerji təminatında Azərbaycanın rolu çox böyükdür. Digər tərəfdən Ağ evdə də Kremldəki qədər “mikoyanlar” yoxdur ki, davamlı olaraq prezidentə təzyiq göstərsin.
Zəfərdən sonra ABŞ-da bəzi siyasi dairələrin Azərbaycana qarşı fəallaşmasında təbii ki, oradakı erməni lobbisinin böyük rolu olub. Amerika Erməniləri Milli Komitəsi (ANCA) Ermənistanın İkinci Qarabağ savaşında düçar olduğu biabırçı məğlubiyyətin revanşı üçün dəridən-qabıqdan çıxır. Onlar Ermənistanın Kremldən talağını alıb Vaşinqtona vermək üçün gecə-gündüz fəaliyyətdədir.
Zəfərdən sonra ABŞ Azərbaycandan nə istəyir?
Vaşinqtonun Cənubi Qafqazda mövqelərini gücləndirmək, xüsusilə Avrasiyanın nəqliyyat dəhlizlərini – Orta dəhlizi nəzarətə götürmək planı sirr deyil. Buna görə də Vaşinqton Bakının qarşısında iki tələb qoydu. Birincisi, Zəngəzur dəhlizindən imtina və Ermənistanın təklif etdiyi “Sülh kəsişməsi” layihəsinin qəbul edilməsidir. ABŞ-ın ikinci təklifi Ermənistanın istəyinə uyğun olaraq sülh sazişi layihəsində razılaşdırılmamış maddələri kənara qoymaq və razılaşdırılan maddələr üzrə müqavilənin imzalanmasıdır. Bu təklifləri Azərbaycanın qəbul etməsi Ermənistanın nəqliyyat dəhlizlərində ciddi pay qazanmasını təmin etmək deməkdir. Ən başlıcası isə Naxçıvanın blokada şəraitində qalmasının davamıdır. Hər iki təklif Azərbaycanın milli maraqlarına ziddir və rəsmi Bakı prinsipial mövqe sərgiləyərək, öz maraqları istiqamətində hərəkət edir.
Tarixə qeyd düşsün deyə bunu da yazmaq fikrindəyəm. Zəngəzur dəhlizinin açılmasının qarşısındakı ən böyük maneə Vaşinqtondur. Nəyə görə? Birincisi, ABŞ bu dəhliz vasitəsi ilə Çinin dünya bazarına doğru irəliləməsinin əleyhinədir. İkincisi, Zəngəzur dəhlizinin türkdilli dövlətlərin iqtisadi aspektdən qalxınmasında və konsalidasiyasında önəmli rol oynayacağı ABŞ-ın regiondakı maraqlarının ziddinədir. Və məhz buna görə də bu dəhlizin açılması üçün birmənalı mövqe nümayiş etdirmir. ABŞ bir jandarma-dövlət olaraq dəhliz üzərində öz hegomonluğunu təmin etmək fikrindədir və dəhlizin açılma parametrlərinin yalnız Vaşinqtonda cızılmış variantını məqbul sayır...
Azərbaycan “yağışdan çıxıb yağmura düşüb”. Daha dürüstü “nə yağışdan qurtula bilir, nə də, yağmurdan”. Kremlin və Vaşinqtonun “qəzəbinə tuş gəlməmək üçün” Dövlət yüz ölçülmüş addımlar atmaq zorundadır.
10 milyonluq Azərbaycanın iki nəhəng imperiyanın ciddi pressinginə rəğmən suverenliyindən bir addım belə geri çəkilməməsi Dövlətin xarici siyasət kursunun düzgün yönəldilməsinin nəticəsidir. Etiraf etmək lazımdır, Azərbaycanın artan nüfuzu, Cənubi Qafqazda yaranan yeni reallıqlar artıq Qərbdə də qəbul edilir. Reallıq budur ki, bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşır. Ən azı, regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz.
Zəfərdən sonra Dövlət tarixinin ən ağır mərhələsini yaşayır. Bu həssas mərhələdə hər bir vətəndaşın Dövlətin arxasında dayanması, ona sahib çıxması şərtdir. Zaman Dövlətin təəssübünü çəkmək zamanıdır. Xalqla Dövlətin monolit birliyi Kremlin də, Vaşinqtonun da Azərbaycana yönəlik məkrli planlanlarının qarşısında ən böyük əngəldir...
2. BÖYÜK BRİTANİYA
Böyük Britaniya İmperatorluğu- üzərində günəş batmayan, əsrlərlə dünyanı istismar edən 1 saylı imperatorluq.
ABŞ-dan sonra dünyanın ən zəngin ikinci dövləti. İkinci dünya müharibəsinə qədər dünyanın jandarması idi İngiltərə. Vətəndaşlarını tam olaraq cənnətdə yaşadan qüdrətli bir dövlət olan İngiltərə necə oldu ki, bu səviyyədə qərarlaşdı?
İngilis tarixçi Stuart Laycockun 2012-ci ildə nəşr olunan “All the Countries We've Ever Invaded: And the Few We Never Got Round To”- “ İşğal etdiyimiz bütün ölkələr: Heç vaxt ayaq basmadığımız ölkələr” kitabını oxuyan hər kəsə bu imperiyanın fəlsəfəsi, “demokratiya” anlayışının gerçək mahiyyəti və dünyanın kimlər tərəfindən idarə olunduğu tamamən bəlli olur. 11 yaşlı oğlunun “Biz neçə ölkəni işğal etdik” sualından ilhamlanan Stuart Laycock araşdırmalara baş vuraraq bu kitabı ərsəyə gətirib.
Kitabdan bəlli olur ki, BMT-yə üzv olan 193 dövlətin (2012-ci il) yalnız 22-si İngiltərənin işğalına məruz qalmayıb. İngiltərənin 17-ci əsrin əvvəlindən başlayaraq işğal etdiyi o 171 ölkənin adlarını yazmağa gərək görmürəm. İşğal etmədiyi 22 ölkənin adlarını yazmaq yetər.
Bu ölkələr: Andorra, Belorus, Boliviya, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Qvatemala, Fil Dişi Sahili, Qırğızıstan, Lixtenşteyn, Lüksemburq, Mali, Marşall Adaları, Monako, Monqolustan, Paraqvay, İsveç, Tacikistan, Özbəkistan, Vatikan və Sao Tome adaları.
15-ci əsrə qədər İngiltərə Avropa hüdudlarından kənara çıxmadı. Fransa ilə 100 illik savaşdan savayı İngiltərə heç bir Avropa torpağında müharibə etmədi. Əhalinin artım səviyyəsi, ekonomik sıxıntılar və ən başlıcası Hollandiya və Portuqaliyanın Asiyada uğurlu ticarəti İngiltərəni ada sərhədlərindən kənara çıxmağa vadar etdi. Hədəf Hindistan idi. İngiltərə öncə ticarət üçün Hindistanda “Şərqi Hindistan” şirkəti yaratdı. Və məhz bu şirkətin yaradılması gələcəkdə Hindistanla bərabər bütünlükdə Asiya qitəsinin də istismarına inkan saxladı.
İngiltərə 4 əsrə yaxın -1603-cü ildən 1997-ci ilədək dünyanı istismar etdi. Yalnız Hindistandan apardıqlarının dəyəri 50 trilyon dollar. Bunu özləri etiraf edir. İngiltərə Afrikanı daha amansız istismara məruz qoydu. Bu istismar sayəsində milyonlarla insan qətl edildi. Bəzi mənbələr İngiltərənin Afrika qitəsindən “qazancının” 100 trilyon dollar olduğunu idiia edir.
Dünyanın 5 qitəsində müstəmləkəsi olan tək imperiya Böyük Britaniya imperiyasıdır. İmperiya 1919-cu ildə dünyanın 37 milyon kvadrat kilometr sahəsinə hökmranlıq edir, əhalisi 460 milyon nəfər idi.
Bu statistik rəqəmlərin arxasında nələr dayandığını təsəvvür edəndə adam dəhşətə gəlir. İşğala məruz qalmış 171 ölkədə milyonlarla insanın məhvi, yüz milyonlarla insanın səfalətlə üz-üzə qalması, 100 milyonlarla insanla heyvan kimi rəftar dayanır bu rəqəmlərin arxasında.
Londona daşınmış 100 trilyonlar dayanır bu rəqəmlərin arxasında.
Əsrarəngiz gözəlliyə sahib Londona gedin. Orada möhtəşəm görünən nə varsa- Bukinqem sarayı daxil hamısı İngilislərin işğal etdiyi 171 ölkədən apardıqları sərvətin sayəsində ərsəyə gəlib. Məğlubedilməz donanmanın, qüdrətli hərbi sənayenin və əlçatmaz texnologiyaların bünövrəsi məhz o 171 ölkədən daşınan qızılın, ləl-cəvahiratın, qiymətli metalların, neftin sayəsində qoyulub.
Bu gün İngiltərə öz vətəndaşlarına insani dəyər verən, onların sözün həqiqi anlamında xoşbəxt yaşadan bir dövlət. Bu rifahın, bu xoşbəxtliyin qaynağı da, o 171 ölkədən talan yolu ilə Londona aparılanlardır.
İngilislər işğal etdiyi torpaqları təkcə istismar etmədi. Öz dilini, dinini, kültürünü də o ölkəyə yerləşdirdi. Afrikanın şərqindəki Keniya dövlətinin qurucu prezidenti Jomo Kenyatta bunu belə izhar edir: “İngilislər Keniyaya gələndə onların İncili bizim torpaqlarımız var idi. Bir də gözümüzü açıb gördük ki, bizim İncilimiz onların torpaqları var.”
Bu gün yalnız Afrika qitəsində 20 dövlətin rəsmi dili ingilis dilidir. Dünyada bu dövlətlərin sayı 45.
Londona gedənlər təsdiq edər, dünyanın heç bir ölkəsində ingilislər qədər zəngin yaşamırlar. Ruslar ingilisləri “Dünyanın ən yağlı milləti” adlandırır və səhv etmir. Bu ölkədə hər 30 nəfərdən birinin bank hesabında 1 milyon funt sterlinqi var. Yəni 20 milyondan artıq ingilis milyoner! Bu statistik göstəriciyə görə İngiltərə yalnız ABŞ-dan geridədir. Bəs, ABŞ və İngiltərə kim? Bir millət iki dövlət deyilmi?
1997-ci ildə Honkonqa müstəqillik verdikdən sonra İngiltərənin imperiya apoleti söküldü. Britaniya İmperiyası bununla bitdimi?
London o 171 ölkədən əl çəkdimi?
İngilislər o ölkələrin sərvətindən əl çəkərmi?
Bu gün də o istismar davam etməkdə. Sadəcə, istismarın forması dəyişib. Bu gün çağdaş dünya silahlı müdaxiləni qəbul etmir. Avropa Birliyi var, BMT var, digər siyasi institutlar var. Əslində imperiya təfəkküründə ictimai rəy saya salınmır. Maraqlar, çıxarlar hesablanır. İmperialist gücləri hərbi müdaxilədən çəkindirən öz vətəndaşlarıdır. Hərbi müdaxilə zamanı əsgər ölümlərinə görə öz vətəndaşlarından böyük təpki görür dünyanı idarə edən üçlük. ABŞ Vyetnamda, Əfqanıstanda, İraqda minlərlə əsgər itirdi. Və amerikalıların ciddi narazılıqları ortaya çıxdı. Müasir müstəmləkə siyasətini bu üçlük qansız həyata keçirmək yolunu seçib. Eynən ABŞ kimi İngiltərə də bir vaxt kaloniyası olduğu və ya “kukla” ölkələri yuxarıda qeyd etdiyim 3 prinsip əsasında istismar edir.
İngilislər bu işi çox böyük ustalıqla yerinə yetirirlər. Neft və qazın, qiymətli metalların hansı ölkədə nə miqdarda olduğunu ingilislərdən öncə bilən ölkə yoxdur. İngilislər həm də girmək istədikləri ölkədə müxalif fikirli insanlarla işləməkdə çox peşəkardır. ABŞ kimi İngiltərədə də illik qazancı milyard dollarla ölçülən saysız hesabsız şirkətlər, texnoloji və digital markalar var. Tək bir örnək yetər. Büdcəsi Türkiyənin dövlət büdcəsinin ikiqatından çox olan British Petroleuma ( BP) dünyanın hər yerində rast gəlmək olar. Bu transmilli şirkət neft yataqlarının kəşfində, istismarında önəmli rol oynayır. Dünyanın ən böyük 3-cü, Avropanın 2-ci neft şirkətidir. 70 mindən çox işçisi olan BP qüdrətli bir dövlətdir. Və bu “dövlət” 1992-ci ildən Azərbaycandadır…
Öncə bir Azərbaycan Böyük Britaniya münasibətlərinin tarixinə nəzər yetirək.
Böyük Britaniya tarixən Azərbaycanda siyasi və iqtisadi maraqları olan qüdrətli dövlətdir və iki ölkə arasında əməkdaşlığın tarixi keçmişi vardır. Hələ XVI əsrdə Azərbaycanda Səfəvi dövlətinin İngiltərə ilə sıx əlaqələri mövcud olmuşdur. İngiltərənin Rusiya və onun ərazisi vasitəsi ilə Şərq ölkələri ilə ticarət əlaqələrinə nəzarət edən "Moskva" kompaniyası XVI əsrin 60-70-ci illərində (1561-1581) Səfəvi dövlətinə altı ekspedisiya göndərmişdir (Birinci ekspedisiya 1561-1564; ikinci ekspedisiya 1563-1565; üçüncü ekspedisiya 1565-1567; dördüncü ekspedisiya 1568-1569; beşinci ekspedisiya 1568-1574; altıncı ekspedisiya isə 1579-1581-ci illərə təsadüf edir). Bununla orta əsrlərdə ilk dəfə olaraq Azərbaycan Səfəvi dövləti ilə İngiltərə arasında əlaqə yaranmışdır. Böyük Britaniyanın neft maqnatlarından Terri Adams çıxışlarının birində demişdir: "Bakı əsrlər boyu tarixi hadisələrin qovşağında yerləşmişdir. O, "İpək yolu"nun üstündə mühüm ticarət mərkəzi, Rusiya inqilabında aparıcı oyunçu və bunun nəticəsində isə Sovet İttifaqı tarixinin mühüm vəsiləsi olmuşdur. Azərbaycan regional geosiyasi qüvvələrin təsirinin azaldığı və artdığı ölkə olmaqdan əziyyət çəkmişdir. Lakin XX əsrdə Bakı neftinin tarixçəsi onun keşməkeşli keçmişini diqqət etmişdir. Britaniyanın Bakıdakı maraqlarına dair geniş məlumatlar vardır və bugünkü təcrübəmizi Bakıda olmuş Britaniya missiyaları haqqında məlumatlarla müqayisə etsək, regionun tarixinin dövrü olaraq dəyişən təbiətini görə bilərik. 1555-ci ildə Londonda yeni Moskva şirkəti yaradıldı. XVI əsrin sonrakı illərində Mərkəzi Asiyaya agentlər göndərildilər. 1568-ci ildən 1574-cü ilə kimi Azərbaycana 6 ingilis missiyasının gəlməsi qeydə alınmışdır. Tomas Bannister və Cefri Daketin Qafqaz təəssüratlarında Bakı aşağıdakı kimi təsvir edilmişdir: "Burada yerdən qeyri-adi yağ çıxır, ondan isə bütün ölkədə evlərdə yandırmaq üçün istifadə olunur. Bu yağ qaradır və "neft" adlanır. Həmçinin, Bakı şəhərində ağ rəngdə olan digər bir yağ növü vardır və o, çox qiymətlidir, onu benzin (petrol) adlandırırlar."
XVI əsrin 60-cı illərində İngiltərənin Səfəvi dövləti ilə əlaqələr yaratmasının səbəbi dövrün ən qiymətli sənədlərindən birində ingilis kraliçası, əlahəzrət Yelizaveta Tüdorun (1558-1603) Şah Təhmasibə göndərdiyi 1561-ci il 25 aprel tarixli məktubunda aydınca göstərilmişdir. Məktubda əlahəzrət kraliça ingilis tacirlərinə sərbəst və güzəştli ticarət şəraiti yaradılmasını xahiş etmiş və yaranacaq əlaqələrin hər iki tərəf üçün faydalı olacağına inandırmağa çalışmışdır. Elə həmin ildə "Qaranquş" adlı ilk ingilis gəmisi 80 tay mahud yükü ilə ölkəmizə gəlmişdir. Nümayəndə heyətinə başçılıq edən XVI əsrin görkəmli ingilis səyyahı və taciri Entoni Cenkinson Azərbaycan ərazisini gəzmiş, xalqımızın məişətinə, iqtisadi həyatına çox həssas yanaşaraq, bütün incə məqamlara diqqət yetirmiş və müəllifi olduğu "Gündəlik" adlı əsərdə Azərbaycan haqqında çox qiymətli məlumatlar vermişdir. O, 1552-ci ildə Şamaxıda Şirvan əyalətinin hakim Abdulla xan Ustaclı ilə görüşmüş və Şamaxıda ingilis ticarət faktoriyasının əsasını qoymuşdur. Sonrakı illərdə də İngiltərə ilə münasibətlər davam etmişdir. Səfəvi hökmdarı I Şah Abbas dövründə (1587-1629) Azərbaycana gəlmiş ingilis taciri və səyyahları Entoni və Robert Şerlı qardaşları 1599-cu ildə İsfahanda Səfəvi hökmdarı tərəfindən qəbul edilmiş, onların xahişi ilə ingilis tacirlərinin gömrük rüsumu ödəmədən azad ticarət etməsinə razılıq verilmişdir. XIX əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda neft sənayesinin inkişafı Birinci Dünya müharibəsindən sonra dünyada, eyni zamanda, Qafqazda yaranmış yeni siyasi şərait Azərbaycanla İngiltərə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur. Terri Adamsın fikrincə, Bakı nefti müasir beynəlxalq neft sənayesinin atasıdır. Bakıda geniş miqyaslı neft istehsalına hətta Pitsburqda (Pensilvaniya) polkovnik Dreykin neft fəaliyyətindən qabaq - 1872-ci ildə başlanmışdır, XIX əsrdə çox qısa bir dövrdə Bakı beynəlxalq neft sənayesinin qlobal mərkəzinə çevrilmiş və bu gün bizim istifadə etdiyimiz texnologiyanın çoxu Bakıda kəşf olunmuşdur. XIX əsrin sonu-XX əsrin ilk illərində ingilis şirkətləri Bakının neft müəssisələrinə böyük həcmdə kapital yatırdı. 1904-cü ildə Böyük Britaniyanın ağ neftə olan tələbatının 47 faizini Bakı nefti ödəyirdi.
1918-ci ilin yanvar ayında ingilis ekspedisiyası Azərbaycanın neft mədənlərinin Birləşmiş qüvvələrin (Almaniya və Osmanlı imperiyası) təsiri altına düşməsinin qarşısını almaq məqsədilə Bağdaddan Bakıya göndərildi. "Dunsterforce" adlandırılan əməliyyata general Lioner Danstervil başçılıq edirdi. Dunsterforce Bakıya 1918-ci ilin avqust ayında çatdı və qısa müddətli gərgin döyüşlərin ardınca (əsasən "Bakı naminə döyüşlər" adlandırılır) sentyabr ayında İrana geri qayıtdı. Osmanlı imperiyası və onu tərəfdaşları arasında Mudros sülh müqaviləsindən sonra ikinci britaniya döyüş bölməsi Osmanlı qoşunlarının Türkiyəyə geri dönməsinə əmin olmaq məqsədilə təkrar Bakıya gəldi və 1920-ci ilə qədər burda qaldı. Bu müddət ərzində Böyük Britaniya ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında mərkəzi Tiflisdə yerləşən Britaniyanın Qafqaz üzrə Ali Komissarı Oliver Uoldrop vasitəsilə de fakto diplomatik əlaqələr quruldu. Bu çətin dövrdə general Tompsonun başçılığı altında Britaniya hərbi missiyası Azərbaycanda stabilliyin əldə olunmasında mühüm rol oynamışdır.
Dünyada neft və qazın iyini ingilislərdən əvvəl hiss edən digər bir millət yoxdur. Harada neft və qaz varsa, ingilislər mütləq orada olmalıdır. Azərbaycanın ən böyük neft-qaz layihələri olan “Azəri”, ”Çıraq”, “Çünəşli”, “Şahdəniz”də operatorluq edən və Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biri olan British Petroleum şirkətinin əsası ingilis biznesmeni və hüquqşünası Uilyam Noks Darsi tərəfindən qoyulub. 1901-ci ilin mayında Uilyam neft axtarışı üçün İran hökumətindən rəsmi icazə alır. İxtisaslı kadrların çatışmaması, İran hökumətinin kifayət qədər şirkətə dəstək göstərməməsi, yerli əhalinin gəlmələrə qarşı pis münasibəti şirkətin maliyyə resusrlarını tükətdi. 1905-ci ildə İngiltərənin Burmah Oil şirkəti İranda yeni neft ehtiyatları axtarışı üçün yatırımlar etdi. Şirkətin ilk kəşf etdiyi neft yataqları 1908-ci ilin mayında İranın cənub-qərb hissəsində Məşid və Süleyman adlı neft yataqları oldu. Artıq 1909-cu ildə İngilis-Fars neft şirkəti (Anglo-Persian Oil Company) formalaşdırılmışdı. Şirkətin səhmlərinin 97%-i Burmah Oil-ə məxsus idi. Şirkətin daha da böyüməsi Birinci Dünya müharibəsinin sonra keçən onillik ərzində oldu. Marketinqin yeni metodları tətbiq edildi. İngilis-Fars neft şirkəti həmçinin İranda və İraqda öz məhsullarını istehsal etməyə başladı. Şirkətə məxsus dəniz limanlarının beynəlxalq zənciri yaradıldı və 1926-cı ildə aviasiya yanacağının satışına start verildi. 1925-ci ildə üzərində BP loqotipi olan yanacaqdoldurma məntəqələrinin sayı altı minə çatdı (1921-də onların sayı cəmi 69 idi). 1935-ci ildə şirkət İngilis-İran Neft Şirkəti adlandırıldı. İkinci dünya müharibəsindən sonrakı illərdə şirkət neft-kimya sənayesində də kök salmağa başladı. İran hökuməti neft sənayesini milliləşdirdikdən sonra 1954-cü ildə şirkətin adı dəyişdirilərək British Petroleum adlandırıldı və İrandakı konsorsiumun səhmlərinin 40%-nə sahib oldu. Yaxın Şərqdən asılılığı azaltmaq məqsədi ilə BP şirkəti qərb yarımkürəsinin yataqların axtarış və istismarı ilə məşğul olmağa başladı. Şimal dənizində və Alyaskada böyük karbohidrogen yataqlarının kəşfi şirkətin inkişafı üçün əhəmiyyətli rol oynadı. 1965-ci ildə Vest Soul (West Sole) qaz yatağı aşkar edildi və hasilat işlərinə iki il sonra başlandı. Neft axtarışı daha şimalda yerləşən regionlarda aparılır və 1970-ci ildə BP Böyük Britaniya ərazisində tapılmış birinci böyük yataq olan Fortis (Forties field) yatağını kəşf etdi.
1987-ci ildə BP BritOil və Standart Oil şirkətlərini satın alaraq nəhəng transmilli şirkətə çevrildi. 1990-cı illərin sonlarında isə Amoco, ARCO, Castrol və Aral şirkətləri BP-nin tərkibinə girdi. Bu gün BP FORBS jurnalının reytinqinə görə dünyanın üçüncü, neft şirkətləri arasında isə ikinci şirkətdir. Bu gün BP Böyük Britaniyanın ən önəmli markalarından biri. Astronomik büdcəyə sahib olan bu transmilli şirkət İngiltərənin xarici siyasətində mühüm rol oynamaqdadır. Hər hansı bir dövlətin BP şirkəti ilə əməkdaşlıq müqaviləsinin varlığı eyni zamanda o dövlətin Böyük Britaniya ilə əməkdaşlıq müqaviləsinin də olduğu anlamdadır. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bütövlükdə, 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu rəqəm, iki dövlət arasında iqtisadi tərəfdaşlığın şaxələnməsinin göstəricisidir.
Böyük Britaniya bu günədək Azərbaycan iqtisadiyyatına təxminən 85 milyard dollar sərmayə qoyub. Ən böyük neft-qaz layihəmiz olan “Azəri”, “Çıraq”, “Çünəşli”, “Şahdəniz”də operatorluq edən və Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarı olan BP şirkətinin 33 il ölkəmizdə fəaliyyətini davam etdirməsi Azərbaycan-İngiltərə münasibətlərinin pozitiv inkişafını isbatlayan faktordur.
Oxucuların marağına səbəb ola biləcək bir faktı da yazmaq fikrindəyəm. Azərbaycan Respublikası Atçılıq Federasiyası Londonda ənənəvi olaraq keçirilən “Royal Windsor Horse Show” atçılıq şousunda fəal çıxış edir. 2022-ci il mayın 12-15-də Londonda keçirilmiş “Royal Windsor Horse Show” atçılıq şousunda Federasiyanın təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsi “Land of Fire - Azerbaijan” adlı xüsusi proqramla çıxış etdi. Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi Kraliça II Elizabet ilə görüşdü və Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi olan “Şöhrət” adlı Qarabağ atını Kraliçaya təqdim edib. Həmçinin Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ və “Qalxan” adlı Dilbaz atlarının heykəlləri də Kraliçaya hədiyyə olundu...
FRANSA
Fransa. ABŞ və İngiltərədən sonra dünyanı idarə edən üçüncü dövlətdir.
Fransız müstəmləkə imperiyası XIX və XX əsrdə Britaniya İmperiyasından sonra ikinci böyük müstəmləkə imperiyasıdır. Fransız müstəmləkə imperiyasının sahəsi Fransanın özü də daxil 1900 ilə 1930-cu illər arasında 24 milyon km² olmuşdur. Bu, Yer kürəsindəki torpaqların ümumi sahəsinin 17.8%-inə bərabər idi.
Müstəmləkəçi ölkələr arasında ən qəddarı və ən vəhşisi Fransa idi. Afrikada törədilən qeyri-insani hərəkətlər Fransa tarixinin ən qara ləkələri olaraq hafizələrdə qalıb. Tarixi araşdırmaçılar fransızların Afrika qitəsində 5 milyondan artıq əhalini vəhşicəsinə məhv etdiyini yazır.
Afrikanın yüzdə 35-i Fransanın müstəmləkəsi idi. 300 il boyunca Fransa 20-dən artıq Afrika ölkəsinin sərvətlərini talan etdi. Bu azmış kimi yerli əhalini dinini, dilini, kültürünü dəyişməyə vadar etdi. Seneqal, Fildişi Sahili və Benində kölə ticarəti mərkəzləri qurdu.
Fransanın törətdiyi qətliamların bir neçəsinə diqqət edin:
1. Əlcəzair qətliamı. Fransa 130 il işğalda saxladığı Əlcəzairdə 2 milyona yaxın yerli əhalini məhv etmişdir. 1961-ci ildə Parisin mərkəzində Əlcəzairin Milli Qurtuluş savaşına dəstək mitinqinə toplanmış 30 min aksiya iştirakçısını Fransa polisi gülləboran etdi. Minlərlə insan yaralandı, 200-dən artıq Əlcəzairli öldürüldü. Beynəlxalq aləmin basqılarına rəğmən bu “gülləboranı” Fransa 1998-ci ildə qismən etiraf etiraf edərək, 40 dinc nümayişçinin öldürüldüyünü bildirdi.
2. Vyetnam qətliamı. İkinci dünya müharibəsindən sonra Fransa Vyetnamda 500 min yerli əhalini məhv etdi.
3. Ruanda qətliamı. 1994-cü ildə Fransa bu ölkədə 800 min əhalini öldürdü. Ən ilginci o idi ki, 1998-ci ildə Fransa prezidenti Fransua Mitteran “Le Figaro” qəzetinə verdiyi müsahibədə "O ölkələrdə bir soyqırım yaşanması o qədər da önəmli bir şey deyil" ifadəsini dilə gətirdi. Bu, tərtəmiz fransızların faşist zehniyyətinin etirafı idi…
Müstəmləkəçilik Fransanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirdi. Bu gün Fransa vətəndaşlarının hər otuzundan birinin bank hesabında 1 milyon dollar pulunun olması o qətliamların sayəsindədir, desək, düşünürəm ki, yanlış olmaz.
O talanların sayəsində Fransa başdan-başa cənnətə çevrildi. Dünyanın 1 saylı turizm ölkəsidir Fransa. İldə 80-90 milyon turist gedir bu ölkəyə. Milyonlarla insan Lüvr muzeyinə axın edir. Təkcə turizmdən Fransa ildə 80 milyard dollar gəlir əldə edir. Fəqət kimsə Fransanın tarixdəki vəhşilikləri barədə danışmır. Çünki bunun mənasız olduğunu hər kəs gözəl bilir.
Güclülər heç vaxt mühakimə olunmur və heç bir vaxt olunmayacaq da. Dünya yaranandan belədir.
Fransanı bircə günə işğal edən Hitler məğlub olmasaydı, yəhudilərə qarşı soyqırımdan kimsə danışmayacaqdı və Almaniya İsrailə əsla təzminat ödəməyəcəkdi.
Yəni, Fransanın Əlcəzairə, Ruandaya, Vyetnama qarşı törətdiyi soyqırıma rəğmən təzminat ödəyəcəyini ağlınıza belə gətirməyin.
Tam əksinə, Fransa bir vaxtlar müstəmləkəsi olduğu ölkələrdə söz sahibi olmaqda davam edir. Digər tərəfdən Fransanın cəngindən qurtulub guya müstəqillik əldə etmiş ölkələrin vətəndaşları bu gün də Fransaya möhtac durumunda. Fransada ən ağır, ən çirkli, qara işləri canla-başla yerinə yetirən məhz Əlcəzairlilər, Seneqallılar və digərləridir.
Bu gün Afrika qitəsində 27 ölkənin dövlət dili Fransız dilidir. Əminəm ki, bunun nə demək olduğunun fərqindəsiz. Dünyanı istismar edən, idarə edən ABŞ-ın, İngiltərənin və Fransanın qurduğu onlarla kukla dövlət, onların hələ də müstəmləkəsi altında olan ölkələr bu gün də o 3 dövlətin daha da qüdrətli olması üçün gücünə güc qatmaqdaddır.
Bu 3 dövlətin müstəmləkəsi altında olan ölkələrin müstəqillik əldə etməsi üçün son zamanlar başladılan mübarizə təqdirəlayiqdir. Fəqət Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan ölkələrin bu mübarizədə onlara dəstək verməsi çox zor bir iş. Çünki mövcud dünya düzəni elədir ki, BMT-yə üzv olan ölkələrin böyük əlsəriyyəti iqtisadi, iqtisadi-siyasi aspektdən o 3 dövlətdən asılı vəziyyətdədir...
Azərbaycan-Fransa münasibətlərinin tarixinə qısa bir ekskursiya edək. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Fransanın nümayəndəliyi fəaliyyət göstərirdi.
Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament bir sıra digər ölkələrlə yanaşı Fransanın paytaxtında da fəaliyyət göstərəcək diplomatik nümayəndəliyin yaradılması haqqında qanun qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Osmanlıda ali təhsil almaq üçün seçilmiş tələbələrinin bir hissəsi də Fransa universitetlərində təhsil almağa göndərildi.
Həmin dövrdə Fransa hökumətinin dəstəyini hiss edən Azərbaycan hökuməti fransız dilinin də beynəlxalq dil rolunu nəzərə alaraq, Cümhuriyyətin 500 manatlıq əsginaslarının üzərində Respublikanın və nominalın adları Azərbaycan və rus dilləri ilə yanaşı fransız dilində də yazılırdı.
Çağımızda Azərbaycanın Fransa ilə münasibətlərini şərti olaraq iki mərhələyə ayırmaq olar.,
Birinci mərhələyə Fransua Mitteranın Jak Şirakın, Fransua Ollandın, Nikola Sarkozinin, ikinci mərhələyə Emmanuel Makronun prezidentliyi dönəmi aiddir. Birinci mərhələdə Fransa ilə münasibətlər pozitiv istiqamətdə inkişaf edirdi.
1992-ci ildə Türkiyədən sonra Bakıda diplomatik nümayəndəlik açmış ikinci dövlət Fransa oldu. Bundan əlavə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa 1993-cü ildə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul edilmiş dörd qətnamənin dördünün də lehinə səs verib.
Münasibətlərin göstəricisi idi ki, 2007-ci ildə Jak Şirak “Heydər Əliyev” ordeni ilə təltif olundu. 1993-cü ildə Heydər Əliyevin 90 illiyi münasibəti ilə dövriyyəyə buraxılmış poçt markalarından birinin üzərində Heydər Əliyevin və Jak Şirakın şəkilləri var idi.
Bu gün Azərbaycanda 100-ə yaxın fransız şirkəti qeydiyyata alınıb və onların əsas fəaliyyət sahələri enerji, sənaye, nəqliyyat, kosmos, ticarət, xidmətlər və kənd təsərrüfatıdır.
Fransa şirkətləri 1995-2022-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 2,5 milyard ABŞ dolları məbləğində investisiya qoyub, bunun 2 milyard ABŞ dolları neft sektoruna, 500 milyon ABŞ dolları isə qeyri-neft sektoruna yönəlib.
Fransız şirkətləri dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən ümumi dəyəri 2,1 milyard ABŞ dolları olan 42 layihədə iştirak edir. Fransanın tanınmış nəhəng şirkətləri olan "Total", "Alstom", "Suez", "Thales", "Danone", "Airbus", "Bouygues", "İveco", "Sanofi", "Rothschild" uzun illərdir Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər.
Son illər Fransa iə Azərbaycan arasında yaşanan soyuqluğun səbəbkarı Fransa prezidenti E. Makronun açıq-aşkar Ermənistana dəstək verməsi bir tərəfə, bəzi məsələlərdə Azərbaycanı ittiham etməsidir. Qeyd etdik ki, E. Makronun prezidentliyinə qədər Azərbaycanın Fransa ilə münasibətləri pozitiv səmtdə inkişaf edirdi. Hətta, 2003-cü ildə Heydər Əliyev, 2007-cü ildə İlham Əliyev Fransanın “Fəxri legion” ordeninin “Böyük Xaç Kaveleri” dərəcəsi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Xanım Mehriban Əliyeva isə 2010-cu ildə “Şərəf Legionu” ordeni ilə təltif edilmişdi. Qarşılıqlı münasibətlərin normal inkişafının nəticəsi idi ki, Fransanın keçmiş prezidentləri N. Sarkozi və F. Olland Bakıya rəsmi səfərə gəldi. Prezident başda olmaqla Azərbaycanın dövlət rəhbərləri Parisə işgüzar səfərlər etdi. Heydər Əliyev Fondu Notr-Dam-de-Pari kilsəsinin əsaslı təmiri üçün vəsait ayırdı. Bakıda Azərbaycan-Fransız Universiteti fəaliyyətə başladı.
E. Makron Fransa prezidenti seçildikdən sonra ikitərəfli münasibətlərdə ciddi bir dəyişiklik baş vermədi. Sadəcə, 44 günlük Zəfərdən sonra Fransa Prezidentinin Ermənistanın himayədarı obrazında çıxış etməsi sadəcə, iki ölkə arasında “soyuq savaşa” səbəb oldu. Bu gün belə 100-ə yaxın Fransa şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi bu “savaşın” uzun sürməyəcəyindən xəbər verir. E. Makronun təkcə Azərbaycanla deyil, qardaş Türkiyə Cumhuriyyəti ilə də münasibətləri gərginləşdirməsinə erməni lobbisi səbəb olub. Makronun prezidentlik müddəti başa çatdıqdan sonra münasibətlərin yenidən pozitiv hala gələcəyini proqnozlaşdıran siyasi ekspertlər tam haqlıdır. Bir atalar sözündə deyildiyi kimi “bildirçinin bəyliyi darı sovulanacandır”. Fransa prezidenti E. Makronun erməni sevdası sonsuz ola bilər, ancaq o, ömürlük prezident olmayacaq. Prezidentliyi müddətində isə ermənilərə verdiyi dəstəkdən nə qədər könlü açılacaqsa Fransa kolonializminə qarşı mücadiləyə qalxmış dövlətlərə verilən dəstəkdən yana bir o qədər də qanı qaralacaq. Dövlətlər arasında bəzən münasibətlər soyuq hala gələ bilər, bu, təbiidir. Əsas odur ki, “söz dueli” elə “söz dueli” olaraq da qalsın...
10 milyon əhalisi olan və 33 yaşındakı Azərbaycan Dövlətinin dünyanı idarə edən bu üçlüklə yaratmağa nail olduğu əlaqələr müsbət sayıla bilər. Gənc bir dövlətin qısa zaman kəsimində ABŞ, Böyük Britaniya və Fransa ilə ikitərəfli münasibətlərinin pozitiv yöndə davam edəcəyi şəksizdir. Ümumiyyətlə, Dövlətin Qərbə yönəlik siyasəti düzgün siyasətdir. Nədən ki, Azərbaycan vətəndaşlarının əhəmiyyətli kəsimi Qərbə dünyasına inteqrasiyanın tərəfdarıdır...