Əmək Məcəlləsi daha çox işəgötürənə işləyir
Əmək münasibətlərində "Müddətli əmək müqaviləsinin bağlanması" mövzusu hər zaman ən çox müzakirə və mübahisə olunan, bu məcəllədə işçilərin hüquqlarını məhdudlaşdıran prinsiplərdir. Sözügedən məsələ bəlkə də əmək haqqının məbləği və ödənilməsi mexanizmindən daha vacibdir.
Təbii ki, istər əmək müqaviləsi bağlanan dövrdə, istərsə də əmək münasibətlərində olduğu dövrdə məlum səbəblərdən işçi müddətsiz əmək müqaviləsi bağlamaq hüququndan istifadə edə bilmir. Belə ki, qeyd olunan halda buna etiraz edən işçi ilə əmək müqaviləsi bağlanmayacaq, əmək münasibətləri dövründə isə buna etiraz edən işçinin əmək müqaviləsinin hər hansı bir digər yollarla ləğv edilməsi qorxusu altında işçi bununla razılaşmaq məcburiyyətində qalacaq.
Çox təəssüf ki, Əmək qanunvericiliyinə nəzarət edən dövlət qurumu da həm Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələblərinə, həm də məlum olan digər səbəblərdən bütün işçilərlə müddəti əmək müqaviləsi bağlanması problemini həll edə bilmir.
Bir faktı da qeyd edək ki, çox az işçi istisna olmaqla, işçilərin əsas hissəsi müddətsiz əmək müqaviləsinin bağlanmasında maraqlıdır, əgər könüllü müqavilə bağlamaq imkanı verilərsə.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı qeyd olunan bu maddənin dəyişdirilməsi ilə bağlı Milli Məclisə dəfələrlə təklif verib. Təşkilat hesab edirki, problemin ən yaxşı həll yolu Əmək Məcəlləsində müvafiq dəyişikliklər edilməklə, problemin hüquqi yolla tənzimlənməsidir.
Çox təəsüf ki, "əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda" belə Əmək Məcəlləsinin 45 və 47-ci maddələrindən sui-istifadə edilir, əksər müəssisələrdə demək olar ki, bütün işçilərlə müddəti əmək müqaviləsi bağlanılır və heç bir hüquqi problem olmadan bu əsasla işçilərlə bağlanmış Əmək müqavilələri ləğv edilir.
Əmək Məcəlləsinin 45.4-cü maddəsi, xüsusən də 47-ci maddənin f) bəndi (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) buna imkan verir. İşəgötürən də bu maddədən sui-istifadə edir və bütün işçilərlə müddətli əmək müqaviləsi bağlayır.
Əmək Məcəlləsinin 45.4-cü maddəsi: Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
Özü də "bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla" cümləsi əvvəlki Əmək Məcəlləsində yox idi. Bu ifadə çox da uzaq olmayan 2009-cu ildə bu maddəyə əlavə edildi ki, nəzərdə tutulan mübahisə işçilər tərəfindən heç vaxt qaldırılmasın.
Azər Quliyev