Türkiyədə cinsi zorakılıq edən polisə hökm oxundu: İfadə verən qadına təcavüz etmək istəyib

Türkiyənin İzmir şəhərində Büşra Karademir adlı qadına cinsi zorakılıq etdiyi iddiası ilə məhkəməsi baş tutan polisə hökm oxunub və o, 10 il 6 ay həbs cəzasına məhkum edilib.
Bu barədə Lim10.az "Sondakika.com"a istinadən xəbər verir.
Hadisə 31 yanvar 2024-cü il tarixində gecə saatlarında İzmirin Karabağlar səmtindəki yaşayış binasında baş verib. Birinci ərindən 4 uşağı olan və ikinci dəfə evləndiyi Cenk Karademir ilə boşanma ərəfəsində olan Büşra Karademir əri evə gəldiyi üçün polisə zəng edərək kömək istəyib. Qısa müddətdə evə gələn polislər qadını ifadə verməsi üçün polis idarəsinə aparıblar.
Karademirin iddiasına görə, Süleyman Ay adlı polis məmuru ona "Buraya belə gözəl qadınlar gəlmir" deyərək konfet verib və sonra yanağına toxunub.
Qadın ifadə verdikdən sonra polis maşını ilə evinə aparılıb. Evə çatdıqda, Süleyman Ay qapını yoxlamaq bəhanəsi ilə Karademirin evinə girib. Evdə silahını və gödəkçəsini çıxarıb, güzgünün qarşısına qoyub və qadını küncə sıxışdıraraq ona təcavüz etməyə cəhd edib. Bu zaman Büşra Karademir polisin tapançasını götürüb və ona atəş açıb. Süleyman Ay qarın nahiyəsindən yaralanıb. Qadın daha sonra eyvana çıxaraq qışqırmağa başlayıb.
"Polis mənə hücum etdi. Kömək edin. Mən polisi vurmuşam", - deyə kömək istəyib.
Hadisədən sonra Büşra Karademir həbs edilib, Süleyman Ay isə müalicəsindən sonra evə buraxılıb və vəzifəsindən uzaqlaşdırılıb.
Fevralın 28-də İzmir 1-ci Ağır Cəza Məhkəməsində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
Büşra Karademir Süleyman Ayın ən ağır şəkildə cəzalandırılmasını istəyib. Polis isə hadisəni inkar edib və qadının ona hücum etdiyini iddia edib.
"Onu evinə aparanda qapını açmaqda çətinlik çəkdi və məndən kömək istədi. Həmin vaxt həyatı mənim məsuliyyətimdə olduğu üçün onun razılığı ilə ayaqqabımla içəri girdim. Daha sonra hücuma məruz qaldım. Sağlamlığım pozuldu. Qurban mənəm", - deyə polis bildirib.
Məhkəmə yekun qərarını elan edib və Süleyman Ay "Cinsi zorakılıq" maddəsi üzrə 6 il azadlıqdan məhrum edilib, lakin dövlət məmuru olduğu üçün cəzası 9 ilə qaldırılıb. Həmçinin ona "Yaşayış yerinin toxunulmazlığını pozma" maddəsi üzrə 1 il 6 ay həbs cəzası verilib və Süleyman Ay heç bir azaldılma olmadan ümumilikdə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Büşra Karademir isə sərbəst buraxılıb. Məhkəmə onun cinayəti özünə qarşı hücumdan xilas olmaq üçün törətdiyi qənaətinə gəlib və bəraət verilməsinə qərar verib.