Ağcabədidə ev yanıb: Xəsarət alan var

Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib.
Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə yanğınla bağlı məlumat daxil olduqdan sonra dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, beş otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 252 kv.m. olan kürsülü beşotaqlı evin 2 otağının və mətbəxin yanar konstruksiyaları 76 kv.m. sahədə yanıb, 1 nəfər xəsarət alıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
