Sürücülərin qaydalara məhəl qoymadığı "Qobu Park-3" dairəsi: Kimdir günahkar?

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış kompleksinin girişində olan dairəvi yolda qəza hallarının çox olması ilə bağlı redaksiyamıza müraciət daxil olub.

Lim10.az-a danışan sakin qeyd edib ki, "Qobu Park-3"ə gələn avtomobillər əvvəlcə dairəyə girməli, daha sonra əsas yola qayıtmalıdırlar:

"Avtomobillərin dairəyə girməsi ilə bağlı yol nişanı da var. Lakin sürücülərin çoxu yol nişanına məhəl qoymur, dairəyə girmədən düz hərəkət edir. Bu da dairədən çıxan avtomobillər üçün qəza şəraiti yaradır".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli məsələ ilə bağlı Lim10.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən ərazidə bəzi sürücülər yol nişanının tələbinə riayət etməyərək yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradırlar:

"Təbii ki, ərazidə xidmət aparan əməkdaşlarımız tərəfindən belə hal aşkar edildiyi təqdirdə sürücü barəsində qanunamüvafiq tədbir görülür. Məlumat üçün bildirim ki, sözügedən yerdə yol hərəkəti qaydasının pozulması nəticəsində bir neçə dəfə qəza baş verib. Xoşagəlməz halların yaşanmaması üçün sürücülər diqqətli olmalı və qaydalara da ciddi şəkildə riayət etməlidirlər".

Məhərrəm Əliyev