600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru İŞDƏN ÇIXARILDI

Bakıda məktəb direktoru fəaliyyətindəki nöqsanlara görə işdən azad olunub.
Lim10.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.
"Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda deyilir.
"Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılır".
Bu barədə Lim10.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, martın 3-də Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
"Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, ötən gün Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.
Bildirilib ki, direktor müəllimlərin ona ad günü ilə bağlı aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib.
Aləmdə Nəsib