Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü

Rüstəm Qaraxanlı yazır...
Ötən həftə ABŞ-nin 50-dən çox ravvini Vaşinqtonun Azərbaycanla bağlı siyasətinə yenidən baxılması üçün Prezident Donald Trampa müraciət etdi. Prinsipcə, bu xəbərin üstündən müəyyən mənada keçmək də olardı, çünki həm ABŞ-nin, həm də bütövlükdə dünyanın yəhudi təşkilatlarının Azərbaycana isti münasibəti bəllidir və yenilik deyil. Ancaq bu, sıradan bir çağırış da deyil - dünya yəhudiliyinin nüvəsini təşkil edən ravvinlər Tramp Administrasiyasına tək Bakı ilə Bayden dövründə korlanan əlaqələri nizamlamaq deyil (907-ci düzəlişin ləğvi), həm də Azərbaycan hesabına Avraam razılaşmalarının genişlənməsini təklif edirlər. Nədir bu razılaşmaların mahiyyəti?
Avraam razılaşmaları Prezident Donald Trampın ilk hakimiyyəti illərində İsraillə ərəb dünyasının münasibətlərini tənzimləməyə və qarşılıqlı diplomatik əlaqələrin qurulmasına yönəlmiş bir neçə sənədin məcmusudur. Bu razılaşmalar birbaşa olaraq Trampın diplomatik sponsorluğu nəticəsində ərsəyə gəlib və ABŞ prezidentinin birinci hakimiyyəti dövrünün ən böyük xarici siyasət uğurudur. Razılaşmalar nəticəsində ərəb siyasi coğrafiyasının təmsilçiləri - Bəhreyn, Mərakeş, BƏƏ - İsraillə diplomatik münasibətlər qurublar, Sudan belə bir niyyətini ifadə edib, ancaq Trampın 2020-ci ildə yenidən seçilməməsi səbəbindən yaxınlaşma prosesi dondurulub. Yeri gəlmişkən, Avraam razılaşmalarının yeni müqavilələrlə genişlənməsinə Bayden dönəmində də cəhd edilib, ancaq xüsusi uğur əldə olunmayıb. Hətta ehtimallardan birinə görə, Fələstin radikallarının İsrail ərazisinə hücumları ilə başlayan yeni böyük müharibənin gerçək səbəbi Təl-Əvivlə Ər-Riyadın dialoq cəhdlərini neytrallaşdırmaq olub. Qərbdə həmin hücumlara əmrin haradan gəldiyinə dair ehtimallar çoxversiyalı deyil - bütün yollar Tehrana aparır.
Razılaşmanın Avraam adını daşıması təsadüfilik təsəvvürü yaratmamalıdır, çünki Yaxın Şərq bölgəsinin kritik faktoru olan hər üç dünyəvi dində İbrahim peyğəmbər xüsusi hörmət və sevgi təcəssümüdür. İbrahim (əslində, Abram) yəhudilik, xristianlıq və islam (hz. İbrahim) dinlərinin ortaq əcdadıdır. Yəhudilikdə Allahla xüsusi əlaqənin qurucusu, xristianlıqda bütün möminlərin mənəvi əcdadı, islamda isə hz. Adəmlə başlayıb hz. Məhəmmədlə bitən peyğəmbərlər silsiləsinin halqasıdır.
Avraam razılaşmalarının ərsəyə gəlməsində ABŞ-nin bir sıra yəhudiəsilli diplomatları və iş adamlarının xüsusi zəhməti olub, ancaq bu müstəvidə iki nəfərin adını xüsusi çəkmək lazımdır. Onlardan birincisi Trampın yəhudi kürəkəni və ilk hakimiyyətinin ən üzdə olan simalarından biri - Cared Kuşnerdir. Onun Trampın xarici siyasət konsepsiyası, ələlxüsus da Yaxın Şərq diplomatiyasına təsiri mübahisə edilməyəcək dərəcədə əhəmiyyətlidir. İkinci şəxs isə Trampın birinci hakimiyyəti dövründə xarici siyasət məsələləri üzrə xüsusi nümayəndəsi Avi Berkovitsdir. Yeri gəlmişkən, hər iki şəxsin adı 2021-ci ildə sülh səylərinə görə namizəd olaraq hətta Nobel mükafatına da irəli sürülüb.
Avraam razılaşmalarına görə, İsrail İordan çayının qərb sahilini özünə birləşdirmək niyyətindən vaz keçir, ərəb dövlətləri Təl-Əvivlə diplomatik münasibətlər qurmaqla həm İsrailə, həm də özlərinə qarşı yönəlmiş Tehran təhlükəsini neytrallaşdırmış olurlar, əvəzində ABŞ-dən böyük siyasi və iqtisadi güzəştlər əldə edirlər və bu çərçivədə müstəqil Fələstin dövlətinin də yaranmasının yolu açılır. Vaşinqton bu hədəfinin müəyyən qisminə nail ola bilsə də, fundamental məqsədinə çata bilməyib ki, hazırkı reallıq bu natamamlığı olduqca dəqiq təsvir edir. Ancaq bizi bu razılaşmanın taleyi deyil, Azərbaycanın ona cəlb edilməsi təşəbbüsləri və yəhudi icmasının bu prosesdəki rolu maraqlandırır. Niyə Azərbaycan?
Ravvinlərin dünya yəhudiliyinin, o cümlədən ABŞ-dəki güclü yəhudi lobbisinin xüsusi carçıları olduqlarını və Trampın ən israilpərəst ABŞ prezidentlərindən biri olduğunu nəzərə alsaq, Azərbaycanın adının yerləşdiyi regionun hüdudlarından uzaqda cərəyan edən proseslərdə çəkilməsini rəsmi Bakının beynəlxalq aləmdəki çəkisinin növbəti təzahürü kimi qiymətləndirməliyik. Bu təşəbbüsün rəsmi Təl-Əvivlə razılaşdırılmadan irəli sürülməsini düşünmək sadəlöhvlük olardı. İsrail-Azərbaycan münasibətləri tarixinin ən parlaq dövrünü yaşayır, Təl-Əvivdə səfirliyimiz açılıb, siyasi, hərbi-siyasi müstəvidəki təmaslarımız getdikcə dərinləşir və əlaqələr keyfiyyətcə növbəti mərhələyə qədəm qoyub - Bakı yəhudi dövlətinin iqtisadi həyatına da nüfuz etməyə başlayıb. İsrailə məxsus qaz yatağının istismarında SOCAR 10%-lik pay ilə iştirakçı tərəflərdən biri qismində çıxış edir.
Güman ki, Azərbaycanın ravvinlərin təşəbbüsündə yer almasının iki fundamental səbəbi var: tarixi-coğrafi və geosiyasi. Azərbaycan ənənəvi olaraq yəhudilər üçün rahat və təhlükəsiz istiqamət olub, burada kifayət qədər güclü, təminatlı və yerli cəmiyyətlə qaynayıb-qarışmış, milli, dini zəmində hər hansı ayrı-seçkiliklə qarşılaşmayan icma var. İsrailin elmi-akademik mühitində xalqlarımızın tarixi bağlılığı mövzusunda yeni və fərqli faktlar ictimailəşməkdədir.
Azərbaycan hamar olmayan Ankara - Təl-Əviv gərginliyinin səngiməsində rol oynaya biləcək kritik aktordur. İsrailin bir dövlət olaraq yer üzündən silinməsini prioritet xarici siyasət hədəfi elan edən İranda böyük azərbaycanlı əhali amili var. Tehranın Bakıya qarşı xoş olmayan və zamanla təhdidlər formasında büruzə verilən münasibətləri kontekstində İsraillə əlaqələr səbəblərdən biri kimi çıxış edir. Daha geniş geosiyasət və coğrafi miqyas baxımından isə Azərbaycan İsrail üçün türk dünyası və Mərkəzi Asiyaya açılan qapıdır. Təsadüfi deyil ki, ravvinlərin müraciətində Özbəkistan və Qazaxıstanın da adları çəkilir.
Real siyasət nöqteyi-nəzərindən isə Ermənistan üzərindəki tarixi qələbədən sonra hərbi-siyasi çəkisi daha da artan, geosiyasi vahidə çevrilən və Orta güc statusuna yiyələnən Azərbaycan tək regional oyunçu olaraq nəzərdən keçirilmir. Bakı müsəlman dünyasının ən çevik və üzdə olan aktorlarından biri kimi aktiv diplomatik səylər nümayiş etdirir və Yaxın Şərq bölgəsinə təsirini artırır. Azərbaycanın yeni Suriyanın həyatındakı humanitar təşəbbüsləri, islam aləminin elitar klubu olan D8 üzvlüyünə qəbul edilməsi yeni reallığın, sadəcə, bəzi təzahürləridir.
Güman ki, bütün bunlardan irəli gələrək Vaşinqtonda Bakını böyük siyasi oyunlara hazır oyunçu kimi nəzərdən keçirməyə başlayıblar və ravvinlərin təşəbbüsü də bu yanaşmanın ilkin əlamətləridir. Bir neçə gün bundan öncə Azərbaycanın Vaşinqtondakı səfiri Xəzər İbrahim yerli mediaya müsahibəsində ikitərəfli strateji münasibətlərin əsasının qoyulması vaxtının yetişdiyinə dair mesajlar verdi. Belə görünür ki, Ağ Evdəki yeni komanda Bakı ilə əlaqələrə tək ənənəvi Ermənistan-Azərbaycan nizamlanması və neft siyasəti prizmasından baxmaq niyyətində deyil. Bakı ciddi resursları və oyun alətləri olan tərəf kimi nəzərdən keçirilir. Qarşıdakı dörd il çox maraqlı olacaq.
P.S. Nikol Paşinyanın bu master-klasdan və strateji münasibətlərin necə qurulmasına dair əyani vəsaitdən dərs almasında fayda var.