Kosmosda selfi üçün milyonlar xərcləməsi ilin hadisələrindən oldu

2025-ci il beynəlxalq şou-biznes aləmində parlaq səhnə işıqlarından daha çox məhkəmə zallarındakı gərginlik və səs-küylü qalmaqallarla yadda qalıb. İdeal obrazların arxasındakı real problemlər bu il bir çox dünya ulduzunu ciddi sınaqlarla üz-üzə qoyub.

Lim10.az 2025-ci ilin ən səs-küylü ulduz qalmaqallarını təqdim edir:

Kim Kardaşyan və Rey Cey: RICO və “ChatGPT” iddiası

Məşhur realiti-şou ulduzu Kim Kardaşyan və anası Kris Cenner musiqiçi Rey Ceyi böhtan atmaqda ittiham edərək məhkəməyə veriblər. Qalmaqala səbəb Rey Ceyin Kardaşyanları federal RICO (Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Aktı) çərçivəsində araşdırılan cinayətkar şəbəkə adlandırması olub. Musiqiçi bu qənaətə gəlmək üçün “ChatGPT” süni intellektindən istifadə etdiyini və botun onun şübhələrini təsdiqlədiyini bildirib. Kardaşyanlar isə bu iddiaları “çirkin böhtan kampaniyası” adlandıraraq təzminat tələb ediblər.

P. Diddinin 50 aylıq həbs cəzası

Reper P. Diddi (Şon Kombs) üzərində bir ildən artıq davam edən məhkəmə prosesi bu il yekunlaşıb. Hakim Arun Subramanyan onu reketçilik ittihamlarından bəraət versə də, qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilərək 50 ay (4 il 2 ay) həbs və 500 min dollar cərimə cəzasına məhkum edib. Hazırda Nyu-Cersidəki federal həbsxanada keşiş köməkçisi kimi çalışan reperin həyatı heç də təhlükəsiz keçmir; oktyabr ayında onun kamerasında sui-qəsd cəhdindən möcüzə nəticəsində sağ qaldığı bildirilib.

Bleyk Layvli və Castin Baldoni: Filmdən məhkəməyə

“It Ends with Us” (“Hər şey bizimlə bitir”) filminin çəkiliş meydançasında başlayan gərginlik 2025-ci ildə rəsmi məhkəmə davasına çevrilib. Aktrisa Bleyk Layvli rejissor Castin Baldonini cinsi təcavüz və toksik iş mühiti yaratmaqda ittiham edib. Baldoni isə əks iddia qaldıraraq Layvli və həyat yoldaşı Rayan Reynoldsun onun filmini oğurladıqlarını və nüfuzuna bilərəkdən zərər vurduqlarını iddia edib. Hazırda tərəflər arasında 160 milyon dollarlıq təzminat davası davam edir.

Castin Biber: Ruhi sağlamlıq və ailə gərginliyi

2025-ci il Castin Biber üçün emosional baxımdan ağır keçib. İyun ayında müğənni ruhi sağlamlıq problemləri olduğunu və sındığını səmimi şəkildə etiraf edərək terapiyaya ehtiyacı olduğunu bildirib. Sosial şəbəkələrdə paylaşdığı qeyri-adi videolar pərəstişkarları arasında onun asılılıq problemlərinin yenidən baş qaldırması ilə bağlı şayiələrə səbəb olsa da, müğənninin nümayəndələri bu iddiaları qəti şəkildə təkzib ediblər.

Keti Perrinin tənqid olunan kosmik səyahəti

14 aprel 2025-ci ildə Keti Perri Ceff Bezosun “Blue Origin” gəmisi ilə kosmosa suborbital uçuş həyata keçirib. Pop ulduzun bu addımı heyranlıq əvəzinə böyük qəzəblə qarşılanıb. Dünyada iqtisadi çətinliklərin olduğu bir dövrdə müğənninin 11 dəqiqəlik “kosmik selfi” üçün milyonlarla dollar xərcləməsi sosial şəbəkələrdə kəskin tənqid olunub və ulduzların adi  insanların problemlərindən nə qədər uzaq olduğu barədə müzakirələri yenidən alovlandırıb.(qafqazinfo)