Günəş sistemimizin xaricində kəşf olunan və mövcudluğu təsdiqlənmiş planetlərin sayı 6 mindən çoxdur. 2025-ci il isə cüt ulduzun ətrafında fırlanan qeyri-adi dünyalardan, atmosfer quruluşu ilə tanınan qaydaları alt-üst edən lav planetlərinə qədər kainatın ən qəribə və adi olmayan planetlərini üzə çıxarıb.
Lim10.az xəbər verir ki, insanın göy üzünə baxış bucağı 2025-ci ildə böyük bir dönüş yaşayıb. NASA tərəfindən izlənilən təsdiqlənmiş ekzoplanetlərin sayı 6 mini ötüb, minlərlə namizəd planet isə təsdiq üçün sırada gözləyir. Yalnız 30 il əvvəl günəşə bənzər bir ulduzun ətrafında fırlanan ilk planetimizi kəşf etdiyimizdə hiss etdiyimiz heyrət bu gün yerini kainatın nə qədər müxtəlif və qaydaları pozan dünyalarla dolu olduğuna dair reallığa buraxıb. Öz günəş sistemimizin nizamlı quruluşunun əksinə olaraq, bu il kəşf olunan "Super Dünyalar”, "Mini Neptunlar” və iki ulduzlu "Tatooine” tipli planetlər planetlərin yaranması haqqında bildiklərimizi yenidən yazmağa məcbur edir.
İlin ən çox danışılan hadisələrindən biri iki "uğursuz ulduz” – yəni qəhvəyi cırtdan ulduz ətrafında fırlanan qeyri-adi bir planetin kəşfi olub. Yer kürəsindən 120 işıq ili uzaqlıqda yerləşən bu qəribə dünya, adi düz orbit əvəzinə ulduzlarının qütblərindən keçən şaquli bir yol izləyir. Alimlər hesab edirlər ki, bu planet milyardlarla il əvvəl yaxınından keçən başqa bir ulduzun cazibə qüvvəsi ilə orbitindən çıxarılmış ola bilər.
Digər tərəfdən, Ceyms Uebb Kosmik Teleskopu (JWST) sayəsində K2-18b adlı planetdə həyat ola biləcək qazların aşkarlanması elmi dünyada böyük bir müzakirə başladıb. Məlumatlar hələ tam təsdiqlənməsə də, bu müzakirələr uzaq planetlərdə okeanlarda həyat olub-olmadığını anlama yolunda imkanlarımızın sərhədlərini sınadığımızı göstərir.
İlin digər diqqətçəkən kəşfi isə ulduzlarına çox yaxın fırlanan "qurdquyruq planetlər” olub. Peqasus ulduz qrupunda yerləşən bir planet, ulduzunun həddindən artıq isti olması səbəbilə sanki ərir və arxasında 9 milyon kilometr uzunluğunda nəhəng bir toz quyruğu buraxır. Hər dövründə bir Everest Dağı qədər kütlə itirən bu planet alimlərə bir dünyanın daxili quruluşunu öyrənmək üçün nadir bir fürsət təqdim edir. Eyni zamanda, Ceyms Uebb Kosmik Teleskopunun atmosferi olmamalı olan yanıcı lava planetində (TOI-561b) gözlənilməz bir atmosfer qatını aşkar etməsi 2025-ci ilin ən böyük sürprizlərindən biri kimi qeydə alınıb.
İl bitərkən, Çili və Arizona teleskopları hələ formalaşmaqda olan bir nəhəng planetin toz və qaz buludlarını yararaq öz yolunu açarkən birbaşa görüntüləməsini ilk dəfə təmin edib. Bu möhtəşəm mənzərə planetin doğum ağrılarına şahid olmağımızı təmin edib. Digər tərəfdən, 145 işıq ili uzaqlıqda yerləşən ölü bir ulduzun ətrafındakı planet qalıqlarını parçalayıb udması öz günəş sistemimizin uzaq gələcəyi üçün qaranlıq, amma eyni zamanda öyrədici bir güzgü rolunu oynayıb. 2025-ci il kainatda tək olub olmadığımız sualına hələ də dəqiq cavab verməsə də, axtardığımız cavabların düşündüyümüzdən daha yaxın və daha qəribə ola biləcəyini sübut edib.(qayynarino)



















