Səs verə bilmir, sürücülük vəsiqəsi yoxdur, amma qubernator seçkilərində iştirak edir. Yaşı ortaya çıxanda hər kəs eyni sualı verməyə başlayıb: "Bu həqiqətən mümkündür?"
Lim10.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ABŞ-ın Vermont ştatı siyasət tarixində unikal bir namizəd ilə gündəmə gəlib. Hələ 14 yaşında olan birinci sinif şagirdi Dean Roy Vermont qubernatorluğu üçün namizədliyini elan edib. Roy seçilsə, ABŞ tarixində 18 yaşdan kiçik ilk qubernator olacaq.
Səs verə bilmir, sürücülük vəsiqəsi yoxdur
"Daily Mail"in xəbərinə görə, səsvermə hüququ, sürücülük vəsiqəsi olmayan və hələ məktəb ekskursiyaları üçün valideyn icazəsi alan Roy buna baxmayaraq ştat idarəsinə namizədliyini qoyub. Gənc namizəd kampaniyasının məqsədini "gəncləri siyasətə cəlb etmək" olaraq izah edir.
Hər şey bir zarafatla başladı
Royun namizədlik ideyası 8-ci sinfi bitirərkən müəlliminin zarafatla söylədiyi sözlərlə meydana gəlib: "Bir gün qubernator olsan, kampaniya menecerin mən olum". Roy araşdırma apardıqdan sonra Vermontun qubernatorluq üçün yaş həddi olmayan yeganə ştat olduğunu öyrənib.
ABŞ-ın bir çox ştatında qubernator olmaq üçün 30 yaş şərti qoyulsa da, Vermontda namizədlik üçün yalnız dörd illik yaşayış, 500 imza və qanuni ərizə müddətinə riayət kifayət edir. Roy bütün həyatını Vermontda keçirdiyini və imza toplama prosesində sona yaxın olduğunu bildirib.
Müavini də 14 yaşındadır
Royun kampaniyasında diqqət çəkən digər şəxs isə yenə 14 yaşlı Çarli Bassdır. Bass qubernator müavini vəzifəsinə namizəddir. İkili imza toplama işlərini davam etdirərkən sosial mediada da kampaniyalarını aparır. Xüsusilə "Instagram" paylaşımları ilə gənc seçicilərə çatmağı hədəfləyirlər.
Vəd etdiyi məsələlər diqqət çəkir
Gənc namizədin əsas diqqət mərkəzi mənzil məsələsidir. Roy, Vermontda mənzil qiymətlərinin gənclər üçün əlçatmaz olduğunu bildirir.
Kiçik biznes sahibi bir ailənin övladı olduğunu qeyd edən Roy, 150 min dollardan aşağı qiymətə mənzil istehsalının mümkün olduğunu və bunun sayəsində gənc əhalinin ştatda qala biləcəyini söyləyir. Təhsil sisteminin yenidən qurulması və elektrikli avtomobil məcburiyyətlərinin gözdən keçirilməsi də kampaniya mövzuları arasındadır.

"Qocalırıq"
Roy Vermontun sürətlə yaşlanan bir ştat olduğunu vurğulayır. Ştatın orta yaşının 43 olduğunu xatırladan Roy, bunun Vermontu ABŞ-ın üçüncü ən yaşlı ştatı etdiyini bildirir. Həmçinin ştat 84 yaşlı Senator Bernie Sandersə da ev sahibliyi edir.
Gənc namizəd deyir: "Yeni işçi qüvvəsinə ehtiyacımız var. Bunun yolu gəncləri burada yaşamağa təşviq etməkdən keçir".
Demokrat da, Respublikaçı da deyil
Roy Demokrat və ya Respublikaçı kimi yarışmır. Bunun əvəzinə "Freedom and Unity Party” (Azadlıq və Birlik Partiyası) adını verdiyi yeni siyasi hərəkat yaradıb. Bu addım Royu ABŞ tarixində ən gənc partiya qurucularından biri edir.
Roy, Respublikaçıların milli səviyyədə "çox sağda”, Vermont Demokratlarının isə "çox solda” olduğunu bildirir və üçüncü bir yolun vacib olduğunu deyir.
Hüquqi maneə yoxdur
Roy, namizədliyinin qanuni əsaslarının möhkəm olduğunu bildirir. Vermont Dövlət Departamenti ilə görüşdüyünü deyən gənc namizəd, qubernator olmaq üçün lazım olan bütün şərtləri yerinə yetirdiyini vurğulayıb.
Vermontda böyük partiyalar üçün ərizə müddəti may ayının sonunda bitir, lakin kiçik partiya namizədləri avqust ayına qədər müraciət edə bilirlər.
Rəqiblər hələ səhnədə deyil
Mövcud qubernator Pil Skott bir daha namizəd ola bilər, lakin rəsmi açıqlama hələ verilməyib. Skott namizəd olmadıqda, qubernator müavini Con Rocers ön plana çıxır. Demokrat tərəfdə isə Baş Prokuror Kariti Klark və ştat maliyyə naziri Mayk Pieçak mümkün namizədlər arasında göstərilir. Hazırda qubernatorluq üçün rəsmi namizədliyini elan edən yeganə şəxs 14 yaşlı Dean Roydur.
"Qazansam da, qazanmasam da davam edəcəyəm"
Roy seçkini qazanmasa belə siyasətdən çəkilməyəcəyini bildirir. Kampaniyasının gənclərə ilham verməsini məqsəd qoyduğunu deyən Roy seçilsə, liseyi onlayn tamamlamağı planlayır.
ABŞ siyasətində nadir görülən bu namizədlik yaşı səbəbilə müzakirələrə səbəb olsa da, Vermontda seçki prosesi üçün ən diqqət çəkən başlıqlardan biri olaraq qalır.




















