Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi

Prezident İlham Əliyev "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Lim10.az President.az-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti doqquz ay müddətində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair qaydalarla bağlı təkliflərini və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi və onun əsasnaməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, həmçinin sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

RİNN, həmçinin hava limanlarının hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramlarının on iki ay müddətində hazırlanıb təsdiq edilməsinə nəzarəti təmin etməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini RİNN-in sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı ilə bu linkdən tanış ola bilərsiniz.