150 min çiçək, ləziz təamların qoxusu, unikal əl işləri - Bakı bulvarında Novruz ab-havası

"Novruz bayramı günlərində Bakı bulvarı şəhər sakinlərinin və turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilir. Dənizkənarı Bulvar İdarəsi bu il də bayrama özəl hazırlıqlar görərək ərazini Novruzun ruhuna uyğun şəkildə hazırlayıb. Bu dəfə bayram tərtibatı ənənəvi məkanda deyil, fərqli istiqamətdə, lalələrin xüsusi kompozisiya ilə əkildiyi yerə yaxın, gəzinti zolağında qurulub".
Lim10.az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
O bildirib ki, Azneft dairəsindən Qız qalasına qədər olan hissə Novruz atributları ilə bəzədilib:
"Burada səməni, dörd çərşənbəni simvolizə edən gəlinciklər, milli ornamentlərlə bəzədilmiş dekorativ kompozisiyalar, rəngarəng güllər, işıq installyasiyaları, şirniyyat elementləri və digər Novruz simvolları quraşdırılıb".
Əfsanə Mehdiyeva qeyd edib ki, Bakı bulvarında təşkil olunan bayram yarmarkası da ziyarətçilərə xüsusi əhval bəxş edir:
"Burada Novruza məxsus ləziz təamlarla yanaşı, tətbiqi sənət nümunələri, milli suvenirlər və əl işləri də təqdim olunur".
Qeyd edək ki, sözügedən ərazidə 18 rəngdə 150 min dağ laləsi əkilib. Lalələrin bayram günlərinə qədər çiçək açacağı gözlənilir.
Daha çox foto burada: Photostock.Az