Şəki sakinləri acınacaqlı halda: Kəndi şəhərlə birləşdirən tək körpü niyə qəzalı vəziyyətdə qalıb?

Şəkinin 1 000 nəfər sakini olan Baş Şabalıd kəndini şəhərlə birləşdirən yeganə əlaqə vasitəsi olan körpü Quruçaya gələn güclü sellər nəticəsində 2020-ci ildə tamamilə dağılıb.

Hazırda körpünün yerində müvəqqəti keçid inşa olunub. Sakinlərin sözlərinə görə, əgər çaya yaz aylarında yenidən sel gələrsə, həmin keçid dərhal dağılacaq.

"Çox pis şəraitdəyik, uşaqlarımızı məktəbə apara bilmirik. Sel gələndə həftələrlə balalarımız dərsə gedə bilmirlər", - sakinlərdən biri narazılığını bildirib.

Yaranan problemlə bağlı Baş Şabalıd kəndinin də daxil olduğu Baş Göynük Bələdiyyəsindən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub:

"Onlar söz veriblər ki, bu il ərzində həmin körpü yenilənəcək, yol da bərpa olunacaq. Bələdiyyə isə imkanları daxilində çayın yatağını təmizləyir, yolu düzəldir".

Qeyd edək ki, Baş Şabalıd kəndinin sakinləri Şəki şəhərinə və qonşu Baş Göynük kəndinə getmək üçün Quruçay üzərində olan bu keçiddən istifadə etmək məcburiyyətindədirlər.

Şəki sakinləri acınacaqlı halda: Kəndi şəhərlə birləşdirən tək körpü niyə qəzalı vəziyyətdə qalıb?