Xəstəlik vərəqəsi üzrə ödənişlər neçə aparılmalıdır?
Təcrübədə xəstəlik vərəqəsinin verilməsi və ona görə pulun ödənilməsi bir çox hallarda işçilərin əmək hüquqlarının pozulması ilə nəticələnir.
Belə ki, AR Nazirlər Kabinetinin qərarına əsasən, uzun müddət xəstə olanların xəstəlik tarixçəsi əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində, yaxud da ümumiyyətlə, ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, xəstə yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir. Xəstəlik vərəqi tibbi-sosial ekspert komissiyası tərəfindən əlillik müəyyən edilən bütün müddət ərzində verilir.
Qeyd edilən halda xəstəlik müddəti 6 aydan çox davam edən xəstə işçilər əlillik təyin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyasına göndərilir. Bu halda işçiyə xəstəlik vərəqəsinin verilməsi dayandırılır. Lakin xəstəlik vərəqi tam bağlanmır və işçinin işə başlamalı olduğu da qeyd olunmur. Xəstəlik vərəqəsi verildikdə isə Nazirlər Kabinetinin qərarı əsas götürülməklə ödənilmir. Bu günlər üçün, yəni, tibbi-sosial ekspert komissiyasına göndərilən müddət ərzində komissiyaya göndərilən gündən, əlillik təyin olunan günədək, və ya müəyyən müddətə artırılan günədək, və ya imtina qərarı verilən günədək işçinin əmək qabiliyyətinin itirdiyi günlər üçün ona ödənişin verilməməsi ilə nəticələnir.
Hesab edirik ki, qanunvericilikdə bu barədə müvafiq dəyişikliklır edilməklə, xəstələnmə müddəti son 12 ay ərzində, ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi-sosial ekspert komissiyasına göndərilən işçilərə göndərilən gündən əlillik təyin olunan günədək, müalicəsi davam etməklə müəyyən müddətə artırılan günədək və ya sağalması ilə əlaqədar imtina qərarı verilməklə işə başlamalı olduğu günədək işçinin əmək qabiliyyətinin itirdiyi bütün bu dövrlərdə xəstəlik vərəqəsinin verilməsi və ödənişin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
Azər Quliyev.