Orta təhsilimiz beynəlxalq standartlara görə hansı səviyyədədir?
Rövsən Ağayev
PIRLS (Progress in International Reading Literacy Study) beynəlxalq testinin 2021-ci üzrə nəticələri açıqlanıb.
Qlobal miqyasda ibtidai təhsili bitirən (10-11 yaşlı) şagirdlərin oxuma bacarıqlarının inkişafında tərəqqini və oxuyub anlama (həmçinin dərketmə) bacarıqlarını ölçən bu qiymətləndirmə 5 ildə bir dəfə keçirilir.
Qiymətləndirmə zamanı şagirdlərin oxumaq bacarıqlarını müəyyən etmək üçün koqnitiv testlər, şagirdlərin bu bacarıqlarına təsir edən amilləri müəyyən etmək üçün isə məktəb, müəllim, şagird və valideyn sorğuları tətbiq edilir.
Son testin nəticələrinə görə, 601-700 bal intervalı ən yüksək, 501-600 bal intervalı yüksək, 500 bal orta, 475-499 bal inetrvalı aralıq, 400-474 bal aşağı beynəlxalq bençmark kimi qəbul edilib.
Azərbaycanlı şagirdlər bu dəfə ən aşağı nəticəni göstərib - 440 bal. 2011-ci ildə nəticə 462, 2016-da 472 olmuşdu.
Güman ki, Təhsil Nazirliyi üçün bu nəticəni pandemiyanın üstünə yükləmək ən rahat arqument olacaq. Doğrudur, iştirakçı dövlətlərin əksəriyyətində enmə müşahidə edilib. Amma, məsələn, Fransa və İngiltərə kimi inkişaf etmiş ölkələr bu təsirdən qaçmağı bacarıb.
Üstəgəl, əksər ölkələrlə müqayisədə Azərbaycanda əldə olunan nəticədəki düşmə tepmi də daha yüksək olub.
Bu qiymətləndirmədə diqqətimi çəkən başqa maraqlı bir məqam var: şagirdlərin sosial-iqtisadi statusuna görə bölgüsü.
Bu bölgüyə görə şagirdlər 3 qrup - yüksək, orta və aşağı sosial-iqtisadi statusa malik qruplar üzrə təsnifləşdiriliblər.
Yüksək status dedikdə valideynlərinin ən azı birinin universitet və digərinin peşə təhsilinə malik olması, evlərində 25-dən artıq kitab və 25-dən artıq uşaqlarla bağlı kitab olması nəzərdə tutulur. Aşağı status validynlərinin hər 2-sinin orta təhsildən yüksək təhsili yoxdur, yaxud ümumiyyətlə təhsilsizdirlər, hər iki kateqoriya üzrə 25-dən az kitabları var.
Orta statusa bu 2 qrupa aid olmayanların hamısı aid edilir.
Ölkəmizi qiymətləndirmədə təmsil edən şagirdlərin cəmi 8%-nin yüksək, 44%-nin isə aşağı sosial-iqtisadi statusa malik olduğu görünür. Müqayisə üçün, bu təsnifatda ilk sırada olan Norveçdə 57% yüksək, 6% aşağı statusa malik şagirdlər olub.
Hökumətin bər-bəzəkli sosial statistikasına baxmayaraq bu rəqəm ölkədə həm ailələrin real sosial vəziyyətini, həm də ölkənin ümumi iqtisadi şərtlərini çox obyektiv şəkildə ortaya qoyur.
Sosial-iqtisadi status şagirdlərin topladığı ballarda da özünü göstərir. Məslən, "yüksək" qrupunda olan şagirdlərimizin orta göstəricisi 486, "aşağı" qrupda olanların isə orta balı 419 olub.