Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub (FOTO)

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Tbilisi şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
 
Tədbirdə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, müdafiə nazirinin birinci müavini xanım Lelo Çikovani, Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, parlamentin deputatları, elm, ictimaiyyət nümayəndələri, din xadimləri, Türkiyənin səfiri Ali Kaan Orbay, eləcə də Gürcüstanda akkreditə olunan diplomatik korpusun əməkdaşları iştirak ediblər. Təntənəli mərasimdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Səfir Faiq Quliyev çıxış edərək bildirib ki, cari il Azərbaycan və Gürcüstan dövlətlərinin, eyni zamanda, bölgəmizin tarixi üçün çox əlamətdardır. 105 il əvvəl, 1918-ci ilin mayın 26-da Gürcüstanın dövlət müstəqilliyi bəyan edilib. Ondan iki gün sonra, mayın 28-də isə Azərbaycan öz qədim dövlətçilik ənənələrinə yenidən qovuşmuş, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması barədə İstiqlal Bəyannaməsi qəbul edilmişdir. Səfir bildirib ki, cari il Azərbaycanda dövlət səviyyəsində, həmçinin dünyanın əksər ölkələrində müasir Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi və Gürcüstanın böyük dostu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi qeyd olunur. O cümlədən cari il qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Bütün bu tarixi paralellər Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz tarixi bağlılığının əyani təzahürləridir. Qeyd olunub ki, AXC-nin mövcud olduğu 23 aylıq qısa müddət ərzində bir çox mühüm nailiyyətlərə imza atılıb. Gürcüstan-Azərbaycan əlaqələrindən söz açan səfir bildirib ki, Azərbaycanın həyata keçirdiyi kompleks inkişaf strategiyasında Gürcüstanla münasibətlər müstəsna əhəmiyyətə malikdir. Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın əsasları 1996-cı ildə Azərbaycan dövlət başçısı Heydər Əliyevin Tbilisiyə etdiyi ilk tarixi səfər zamanı qoyulmuşdur. Həmin səfər çərçivəsində imzalanmış təməlqoyucu sənədlər fakt etibarilə ikitərəfli münasibətlərimizin ana xəttini müəyyən etmişdir. Onların nəticəsidir ki, bölgəmizdə meqalayihələr gerçəkləşmişdir. Nəticədə Cənubi Qafqazın yeni siması formalaşmış, bölgəmiz dünyanın geosiyasi və geoiqtisadi xəritəsində özünəməxsus yer tutmuşdur. 44 günlük Vətən müharibəsindən də söz açan diplomat qeyd edib ki, Azərbaycan 105 illiyini qeyd edən nizami ordunun inkişafı və ümumi hərbi qüdrətin güclənməsinə nail olmuşdur. O bildirib ki, Azərbaycan Ordusu öz sözünü hər-hansı işğal deyil, beynəlxalq ədalətin bərpa olunması, ölkənin torpaqlarının azad olunmasında demişdir. Səfir qeyd edib ki, 2020-ci ildə dövlətlə xalqın şəksiz birliyi sayəsində, 44 günlük Vətən müharibəsində misilsiz igidlik göstərən qəhrəman Ordu və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük Qələbə qazanmış, şanlı Zəfər 30 il ərzində həlli uzadılan münaqişəyə son qoyulmuşdur. Daha sonra çıxış edən Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin rolunu xüsusi vurğulayıb. Sonra Gürcüstan müdafiə nazirinin birinci müavini xanım Lelo Çikovani çıxış edərək Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın inkişafını xüsusi qeyd edib. Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov isə öz çıxışında, müstəqilliyin bərpasından sonra Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb. Tədbirdə Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri maraqlı konsert proqramı ilə çıxış edib.
 
Qeyd edək ki, tədbirin keçirildiyi zalın foyesi Azərbaycan Bayraqları, rəmzləri, Şuşanın maketi ilə bəzədilib. Sonda isə tədbir iştirakçılarına Azərbaycan xalqının milli mətbəxinin ləziz təamları təqdim edilib.