Qarabağ Azərbaycanın yuridiksiyasına verilməlidir

Qubad İbadoğlu

Laçından İlham Əliyev gec və yarımçıq olsa çoxdan gözlənilən açıqlama verib. Fikrimcə, İlham Əliyev belə mesajları zamanında versəydi, indiyədək mövcud problemlərin çoxu həllini tapardı. İlham Əliyev deyib ki, “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
Gerçəkdən suveren və unitar dövlətin ərazisində bir-birinə tabe olmayan iki respublika, iki prezident, iki parlament, nazirlər, prokurorlar və məhkəmələr ola bilməz. Eyni zamanda Azərbaycanda müxtəlif hərbi mərkəzlərdən idarə olunan 2 fərqli ordu birləşmələrinin fəaliyyəti Konstitusiyaya ziddir. Odur ki:
1) Qarabağdakı qanunsuz erməni silahlı qüvvələri tərksilah olunmalıdır;
2) İşğalçı rus qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır;
3) Qarabağda bütün icra strukturları, hüquq mühafizə orqanları, prokurorluq və məhkəmə hakimiyyəti Azərbaycan Konstitusiyasına müvafiq qaydada formalaşdırılmalı, Azərbaycanın yuridiksiyasında fəaliyyət göstərməlidir;
4) Azərbaycanlılar Qarabağ iqtisadi rayonun Şuşa, Xocavənd, Xocalı rayonlarında, Xankəndi şəhərində məskunlaşmalıdır;
5) Qarabağda yaşayanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlığını qəbul etməlidir;
6) 2024-cü ilin dekabr ayında bütün Azərbaycan ərazilərində, o sıradan Qarabağda mövcud inzibati-ərazi bölgüsü üzrə yerli idarəetmə orqanları azad və ədalətli seçkilər əsasında xalqın iradəsi ilə formalaşmalıdır;
7) Qarabağın inzibati rayonlar üzrə büdcəsi Azərbaycan büdcə sisteminin tərkib hissəsi olaraq tərtib olunmalı və 2025-ci il dövlət büdcəsinin layihəsi çərçivəsində Milli Məclisdə təsdiq edilməlidir.