Məşhur aktyorun həyat yoldaşının ABŞ-yə girişi qadağan oluna bilər

Aktyor Corc Kluninin həyat yoldaşı, hüquqşünas Amal Kluniyə ABŞ-yə giriş Trampın tətbiq etdiyi sanksiyalar səbəbilə qadağan oluna bilər.

Lim10.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Xatırladaq ki, fevral ayında ABŞ prezidenti Tramp Amerikanın müttəfiqlərinə qarşı aparılan istintaqlarda iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqinə icazə verən fərman imzalayıb. Sonradan "Financial Times" qəzeti Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verib ki, bu qanun bir sıra hüquqşünaslara, o cümlədən İsrailin baş naziri Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qalantın Beynəlxalq Cinayət Məhkəməsində həbsinə dair orderlərin hazırlanmasında iştirak etmiş Amal Kluniyə də şamil oluna bilər.

Qeyd edək ki, Amal Kluni Livanda anadan olub, lakin iki yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb və orada Oksford Universitetini bitirib. Onun ABŞ vətəndaşlığı yoxdur. Buna baxmayaraq, 2002-ci ildə Nyu-York vəkillər kollegiyasına qəbul edildiyindən Birləşmiş Ştatlarda hüquqi fəaliyyətlə məşğul olmaq hüququna malikdir. 

Həmidə İbrahimova