Ramil Səfərov yaradıcılıqla məşğuldur
Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun 25 avqust tarixində ad günü idi. Onun 44 yaşı tamam oldu.
Ramil Səfərov ad günündə “Çinar” Kitab Evində görüntülənib. Orada “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariqlə görüşən zabit macar dilindən azərbaycancaya tərcümə etdiyi "Pal küçəsinin oğlanları" romanını yenidən nəşr etməyi razılaşdırıb.
Görüşlə bağlı Nurman Tariq bunları deyib:
“Çoxdandır istəsək də, xoş təsadüf oldu, görüşümüz əziz Ramil Səfərovun doğum gününə təsadüf etdi.
Bir dəfə yazmışdım, gənc nəsil üçün qələbəyə inam Ramil Səfərovla başladı, toxum atdı... Xatırlayıram, 10-11-ci sinifdə oxuyurdum, ANS-dən məhkəmə prosesini necə həyacanla izləyirdik; məhkəmədəki çıxışı bizi qürurlandırırdı. O, bayrağın nə demək olduğunu bizə əyani sübut etmişdi...
O həm də bir ziyalıdır, kitab adamıdır... 8 il təkadamlıq kamerada qaldığı müddətdə macar dilini öyrənib və bir neçə kitabı dilimizə tərcümə edib. O həm də belə bir örnəkdir; hər bir halda faydalı olmaq nümunəsi, ömürlük cəzaya məhkum olsa belə.
Ramil bəylə tərcümə etdiyi macar ədəbiyyatının ən məşhur nümunələrindən olan "Pal küçəsinin oğlanları" romanını yenidən baxışla nəşr etmək haqqında razılığa gəldik.
Çox anlamlı söhbətimiz baş tutdu, Ramil bəyi gözlədiyimdən daha artıq gördüm... Bu məni hədsiz sevindirdi. Anladım ki, Ramil bəyi təkcə məlum hadisə ilə xatırlamaq ona qarşı haqsızlıqdır, o daha böyükdür”.